Zəfərə inamın qəhrəmanlıq ifadəsi
Siyasət

Zəfərə inamın qəhrəmanlıq ifadəsi

İllərdir torpaqlarımızı işğal altında saxlayan Ermənistan müxtəlif zaman kəsiyində atəşkəsi pozaraq dinc əhaliyə, yaşayış yerlərinə zərər vurmağa çalışırdı. Əslində bu cür həmlələrlə, cəbhədə vəziyyəti gərginləşdirməklə xalqın fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd edirdi. Erməni təcavüzkarlarının növbəti atəşkəs rejimini pozmaq cəhdi 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş verdi. Bu, Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra baş verən ən şiddətli döyüş idi.

Həmin gün ərzində Azərbaycan mövqeləri və yaşayış məntəqələri bütün cəbhə boyu Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı. 30-dan çox yaşayış məntəqəsi bombalanmış, nəticədə isə 2 azyaşlı uşaq olmaqla 6 mülki şəxs həlak olmuş və 26 şəxs ağır yaralanmışdı. Bununla yanaşı, 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiya, kilometrlərlə su və qaz boruları dağıdılmışdı. Düşmən hücumu nəticəsində bir çox ibadət evləri və təhsil ocaqları da yerlə-yeksan edilmişdi.

Azərbaycan tərəfinin adekvat cavabları nəticəsində mənfur düşmənin hərbi qüvvələrinin möhkəmləndiyi və "keçilməz sədd" kimi təqdim edilən birinci müdafiə xətti yarıldı və bir sıra strateji əhəmiyyətli mövqelər ələ keçirildi. Rəşadətli Azərbaycan Ordusunun bölmələri qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirərək dəqiq zərbələrlə onu sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki və Cəbrayıl rayonundakı strateji əhəmiyyətli "Lələtəpə" yüksəklikləri işğalçılardan  təmizləndi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı ordumuzun gücü sayəsində əldə edilən qələbələri xüsusi olaraq vurğulayıb və həmçinin bildirib ki, Aprel döyüşləri bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir: "Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

4 gün davam edən müharibədən sonra Ermənistan əhalisi iki yerə bölünmüşdü. Bir hissə müharibənin nəticələrini minimallaşdırsa da digər qismi itirilən ərazilərlə bağlı dövləti sərt şəkildə tənqid edirdi. Cəmi 4 günlük döyüş Ermənistan əhalisində qarşıdurma yaratmağa bəs etmişdi. Bu qələbə mənəvi cəhətdən haylara sarsıdıcı zərbə oldu. İllərdir formalaşdırdığı "məğlubedilməz erməni ordusu" ideologiyası kökündən sarsıldı. Bir sıra təşkilat və dövlətlər Ermənistanı çirkin əməllərinə görə qınaq obyektinə çevirdiyindən bu döyüş həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb etdi. Beynəlxalq ictimaiyyət bir daha anladı ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayıb.

Eyni zamanda Azərbaycanın son 5 ildə Rusiyadan  aldığı silahların müharibənin gedişinə müsbət yöndə təsir göstərməsinə İrəvanda bir qrup kütlə qəzəblənmişdi. Ermənistanda yaranmış anti-Rusiya reaksiyası etiraz aksiyasına gətirib çıxardı. Aprelin 13-də Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə yürüş zamanı "İrs" partiyasının üzvü David Sanasaryan deyirdi ki, Rusiya bilsin ki, biz bir qarış torpağımızı belə Azərbaycana verməyəcəyik.

Aprelin 5-i  Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində iki tərəfin razılığı ilə atəşkəs elan edildi.  Əslində geriyə dönüb baxdıqda ermənilərin bu addımı azərbaycanlıların əzminə, gücünə güc qatdı. 4 gün davam edən döyüş Azərbaycan və Ermənistan ordusu arasındakı fərqliliyi aşkar formada göstərdi. Bu müharibə azərbaycanlılar üçün isə mühüm siyasi və psixoloji mesaj idi. Biz hərbi gücümüzü bütün dünyaya göstərdik.  Aprel döyüşlərində mühüm qələbə qazanan və bundan  ruhlanan Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə etdi.

Röya RÜSTƏMLİ,

"Respublika".