SÜLH MÜQAVİLƏSİNİN REALLAŞDIRILMASI REGİONDA İNKİŞAFA VƏ FİRAVANLIĞA ZƏMANƏT VERİR
Siyasət

SÜLH MÜQAVİLƏSİNİN REALLAŞDIRILMASI REGİONDA İNKİŞAFA VƏ FİRAVANLIĞA ZƏMANƏT VERİR

Azərbaycan öz təkliflərini təkcə Qalib tərəf olaraq deyil, həm də ədalətə, birgəyaşayış prinsiplərinə, multilateralizmə önəm verən, humanizmi rəhbər tutan bir dövlət kimi irəli sürür

“Perspektivlər əsasən erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində işləməyə hazırdır. Bu fikir müxtəlif çıxışlarda dəfələrlə dövlət başçımız tərəfindən bildirilmişdir. Əlbəttə, bu proses qarşılıqlı anlaşma, gələcək risklərin minimallaşdırılması kontekstində baş tuta bilər. Bu zaman Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası heç bir maneələr olmadan, dünyada qəbul olunmuş beynəlxalq norma və prinsiplər əsasında aparılmalıdır.

Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Zəfərlə bitirərək, münasibətlərin hərbi hissəsini sona çatdırıb və öz ərazi bütövlüyünü bərpa etmişdir. Ermənistan bu müharibədə aldığı sarsıdıcı zərbələr, ordusunun darmadağın edilməsi, daxili sosial-iqtisadi və siyasi vəziyyətinin acınacaqlı olması səbəbilə sülh müqaviləsi üzərində işləməli və Azərbaycanın ortaya qoyduğu şərtlər çərçivəsində seçim etməlidir. Bununla yanaşı, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Qələbə Cənubi Qafqazda yeni reallıqların yaranmasına səbəb olmuşdur və bölgəmizdə regional inkişaf və əməkdaşlıq üçün gözəl perspektivlər açılır. Sirr deyil ki, Azərbaycanın razılığı və təşəbbüsü olmadan, regionumuzda hər hansı ciddi beynəlxalq miqyaslı layihənin həyata keçirilməsi mümkün deyil. Eyni zamanda, bu qəbildən olan layihələrin reallaşdırılması iştirakçı ölkələr üçün böyük iqtisadi və siyasi dividendlər vəd edir. Odur ki, əgər Ermənistan yenə də ötən dövrdə küncə sıxılmış vəziyyətdə qalmaq istəmirsə, o zaman sülh sazişinə nail olmalıdır. Dövlət başçımız cənab İlham Əliyev də Ermənistanla sülh müqaviləsinin imzalanmasını mümkün hesab edir və müxtəlif formatlı regional əməkdaşlıq çərçivəsində bu ölkənin iştirakına mənfi yanaşmır. Ancaq Ermənistanda elə qüvvələr var ki, onlar hakimiyyətə qayıtmaq üçün ən müxtəlif təhrikçi xarakterli addımlar atır. Yəni hazırda Paşınyan bu qüvvələri cilovlamaq, erməni əhalisinə gerçək reallığı başa salmaq istəyində, həm də imkanında olmalıdır. Çünki Azərbaycan birtərəfli qaydada işləmək niyyətində deyil və qarşı tərəfdən uyğun yanaşmaların, münasibətin ortaya qoyulmasını istəyir.

Məlum olduğu kimi, erməni cəmiyyəti bu gün aldadılmış bir cəmiyyət statusundadır. Onlara otuz ilə yaxın müxtəlif miflər və yalanlar gerçək kimi təqdim olunub. Şirin vədlər, qeyri-real xəyallar erməni əhalisini o qədər aldadıb ki, müharibənin bitməsindən demək olar ki, bir il keçməsinə baxmayaraq, erməni cəmiyyəti hələ də yaşadığı şokdan ayıla bilmir, nəyin gerçək, nəyin yalan olduğunu fərqləndirmək iqtidarında deyil. Sadə, bədbəxt erməni vətəndaşını başa düşmək olar, çünki Ermənistanın ideoloqları və başbilənləri 30 il ərzində Azərbaycana qarşı demonizasiya siyasəti həyata keçirib, ictimai rəyi yanıldıb, Azərbaycan barədə və Bakının istəkləri haqqında qətiyyən real olmayan fikirlər formalaşdırıb. Praqmatik düşüncədən onsuz da uzaq olan ermənilər indi tamamilə çaşbaş vəziyyətdə qalıblar.

Zavallı erməni vətəndaşlarına başbilənləri arasında başa salan yoxdur ki, Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmək istəyirdi, həm tarix boyu, həm də beynəlxalq hüquqa əsasən məhz xalqımıza məxsus olan və erməni faşistləri tərəfindən işğal edilmiş torpaqları qaytarmaq istəyirdi. Həmçinin respublikamız bir milyona yaxın qaçqını öz doğma yurd-yuvalarına qaytarmaq, onların bu haqlı istəyini reallaşdırmaq niyyətində idi və buna tam haqqı çatırdı. Azərbaycanın bütün tələbləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, qanuni olub və dövlətimiz, Ermənistandan fərqli olaraq heç zaman, qeyri-qanuni, məntiqdən uzaq tələblər, yaxud şərtlər irəli sürməyib. Yəni beynəlxalq hüququ pozan məhz ermənilərdir, çünki başqa dövlətin ərazilərinə iddia etməklə işğal siyasəti yürüdüb, soyqırımı törədib, barbarlıq edib, bunu radikal bir qrup şəklində, cəmiyyətin ayrı-ayrı şovinist dəstələri olaraq deyil, dövlət adından həyata keçirib.

Dövlət başçısı xüsusilə vurğulamışdır ki, azərbaycanlılara qarşı nifrətin səviyyəsi, Azərbaycanofobiya, erməni cəmiyyətində Azərbaycana qarşı demonizasiya siyasəti o qədər yüksək olub ki, erməni cəmiyyətinin bir hissəsi həqiqətən buna inanmışdı: “İndi biz Ermənistan cəmiyyətində ciddi psixoloji problem müşahidə edirik. Onlar başa düşməyə başlayır ki, otuz il ərzində ölkəni idarə edən şəxslər bu cəmiyyətə yalan danışıb. Onlar həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də yalan danışıblar, guya qalib gəlirlər, yeni əraziləri nəzarətə götürdükləri barədə məlumatlar verirdilər”, - deyə Prezident bildirib.

Bəs belə olan halda, ilk növbədə, Ermənistan cəmiyyətinin özü nə etməlidir? Bədnam qonşularımız Azərbaycanın regionda yaratdığı yeni reallıqları aydın başa düşməli və qəbul etməlidir. Ermənistan cəmiyyəti həmçinin bunu qəbul etməlidir ki, güclü Azərbaycan onlar üçün böyük faydalar vəd edir və ən əsası, dövlətimiz heç vaxt heç bir halda ədalət prinsipindən, azacıq olsa da, uzaqlaşan deyil və sadə ermənilər bunu çox güman ki, artıq dərk edirlər. Odur ki, öz ölkələrini fəlakətə doğru aparan liderlərinə inamları tükənib. Cənab İlham Əliyev qətiyyətlə “Ermənistanda hərbi, revanşist cəhdlərdən imtina etməlidirlər” deyir.

Beləliklə, sülh müqaviləsi və bundan irəli gələn bütün müsbət perspektivlərin reallaşdırılması yalnız və yalnız erməni tərəfinin postmüharibə dövründə konstruktiv və əməkdaşlığa meyilli yanaşma sərgiləməsindən asılıdır. Azərbaycan tərəfinin mövqeyi bəllidir: mütləq şəkildə normal qarşılıqlı əlaqələr yaradılmalı, regionun gələcəyi ilə bağlı Azərbaycanın təklifləri qəbul edilməlidir. Ölkəmiz bu təklifləri təkcə Qalib tərəf olaraq deyil, həm də ədalətə, birgəyaşayış prinsiplərinə, multilateralizmə önəm verən, humanizmi rəhbər tutan bir dövlət kimi də irəli sürür. Birgə iş fasiləsiz və aktiv aparılmalıdır. Bununla bağlı cənab İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalmaya oborona” jurnalına verdiyi müsahibədə qeyd etmişdir: “Bildiyiniz kimi, hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu işləyir. Yəni regionun gələcəyi ilə bağlı işlər, çətinliklə də olsa, aparılır. Erməni tərəfi ay yarım, hətta iki ay yarım taym-aut götürüb. İşçi qrupunun fəaliyyəti yalnız avqustun 17-də bərpa olunub. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur. Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar”.

Həqiqətən XXI əsrdə yaşayan və özünü xalq adlandıran bir toplumun başı neçə dəfə əzilməlidir ki, onlar insan düşüncəsinə yiyələnsinlər? Anlaqlı insan kimi bir-iki dəfədən sonra nəyi etmək lazım olduğunu, nədən isə uzaq durmağın vacibliyini başa düşsünlər. Yeni “sərgüzəştlər” axtarışına çıxmaq Ermənistana baha başa gələcək - onların bir dövlət olaraq dünya xəritəsində mövcudluqları sual altına düşə bilər. “Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var?” - deyə cənab Prezident vurğulayıb. Dövlət başçısı bir daha qeyd edib ki, Dağlıq Qarabağ yoxdur, Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunu görməmək, anlamamaq mümkün deyil.

Hamıya gün kimi aydındır, sözün həqiqi mənasında, sülhü istəyən tərəf ancaq konstruktiv mövqe ortaya qoymağa, qonşuları ilə mehriban və proqnozlaşdırıla bilən münasibətlər qurmağa can atır. Ona görə də istər indiki vəziyyətdə, istərsə də gələcək perspektivdə Azərbaycanın bir qarış da olsun torpağı barədə düşünməməlidirlər. Bununla bağlı cənab İlham Əliyev bildirir ki, “status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər”.

E.QASIMOV,

“Respublika”.