Strateji tərəfdaşlığın yeni perspektivləri
Siyasət

Strateji tərəfdaşlığın yeni perspektivləri

Azərbaycanla Rumıniya qlobal əməkdaşlığa davamlı dəstək verir

"Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik". Bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannislə geniş tərkibdə keçirdiyi görüşdəki çıxışında bildirib. Bu ölkəyə səfəri ilə bağlı yaxşı xatirələrinin olduğunu söyləyən dövlət başçısı Buxarestdə imzalanmış sənədin uğurlu perspektivlər açdığını, əməkdaşlığımızın yeni mərhələyə daxil olduğunu vurğulayıb. Buxarestdə təbii qazın Rumıniyaya çatdırılmasına dair sazişin imzalanması ilə Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq. Bununla paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edilməklə digər Avropa ölkələrinə nəql olunacaq.

Aparıcı media orqanları və siyasi ekspertlər səfəri yüksək dəyərləndirir, bunun Avropanın enerji təhlükəsizliyi, Qara dəniz və Xəzər dənizi regionları üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayırlar. İki ölkə arasında əməkdaşlığın inkişaf potensialı olduqca genişdir. Azərbaycan-Rumıniya əlaqələri yüksək səviyyədə inkişaf edir, münasibətlərimiz strateji tərəfdaşlıq, səmimi dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi və iqtisadi əlaqələrin strateji xarakter daşıması dövlət başçılarının əməkdaşlığa verdiyi böyük önəmdən irəli gəlir. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlıq iki ölkə arasında ticari-iqtisadi, elmi-texniki, əmək və sosial müdafiə sahələrində əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin formalaşdırıb. Hər iki tərəf mövcud imkanlardan səmərəli istifadə etməklə ticarət dövriyyəsinin artırılması istiqamətində səy göstərir. İki ölkə arasında mövcud olan Müştərək Komissiyanın fəaliyyəti əməkdaşlığın inkişafında mühüm rol oynayır. İnvestisiya sahəsində də əməkdaşlığın inkişafı üçün geniş imkanlar var.

Rumıniya və Azərbaycan uzun illərdir ki, əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. 2009-cu ildə imzalanan "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə", həmçinin strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 2011-ci ildə imzalanan birgə Fəaliyyət Planı iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm addım olub. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Rumıniya Qara dəniz hövzəsində onun dostları olan Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan ilə iqtisadi və siyasi əlaqələrini daha çox inkişaf etdirir. Bu uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini dərinləşdirmək bu ölkələrin ümumi maraqlarına uyğundur.

Ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir töhfəsidir. Beləliklə, həm Cənub Qaz Dəhlizi, həm də Azərbaycanda istehsal olunan elektrik enerjisinin nəqli üçün çəkiləcək sualtı kabel, bərpaolunan enerji sahəsində Avropa Komissiyası tərəfindən dəstəklənən layihələr bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri dövlətlərarası münasibətlərin inkişafına söykənir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannislə görüşündə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinin vacibliyi qeyd olunub. Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirilib. Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkməsi hədəfə alınıb. Dəniz nəqliyyat əlaqələrinin Konstantadakı limanından Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Qeyd olunub ki, bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir.

"Biz Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında bildirib. Rumıniya Prezidenti deyib ki, Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləmişik. Prezident Klaus Yohannis Rumıniyanın beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT tərəfindən tanınan dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan aydın mövqeyi var. O, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Qara dəniz regionunda vəziyyət kontekstində həmrəyliyin daha da vacib olduğunu vurğulayıb və Azərbaycanın regional enerji təhlükəsizliyi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirib. Regional əməkdaşlıq, mənbələrin və nəqliyyat marşrutlarının şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin əsasında duran əsas prinsiplərdir və Rumıniya bu cür həll yollarının inkişafında Azərbaycan kimi etibarlı tərəfdaşlara arxalanır. 2022-ci ildə Avropa görünməmiş enerji çağırışları ilə üzləşdi. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Bu çağırışlar kompleks siyasəti və tənzimləyici qaydaları tələb edir. Avropa bazarına Xəzər qazının nəqli barədə Prezident İlham Əliyev tərəfindən Azərbaycan adından verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi. İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi şübhəsiz ki, özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu.

Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Klaus Yohannis iştirak ediblər. Qeyd edək ki, Məşvərət Şurası Cənub Qaz Dəhlizinin uğurlu istismarı və fəaliyyəti üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Rumıniya Prezidentinin iclasda iştirakı bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Avropa İttifaqı və onun üzv dövlətləri, digər tərəfdən isə Azərbaycan arasında enerji tərəfdaşlığının strateji prioritetləri var. Buna görə də Azərbaycanla Rumıniya qlobal əməkdaşlığa davamlı dəstək verirlər.

Mustafa KAMAL,

"Respublika".