STATİSTİKA: NEFT-QAZ
İQTİSADİYYAT

STATİSTİKA: NEFT-QAZ

2020-ci ildə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 5 milyon 874,9 min ton neft və 82,1 min ton kənardan daxil olan xammal olmaqla, cəmi 5 milyon 957 min ton xammal emal edilib.

Bu barədə SOCAR-ın 2020-ci il üzrə “Davamlı İnkişaf Hesabatı”nda bildirilib.

Ötən il Heydər Əliyev adına NEZ-də 1 milyon 66,76 min ton avtomobil benzinləri (illik müqayisədə 0,5 % az), 217,06 min ton ilkin emal benzini fraksiyası (12 % az), 502,24 min ton reaktiv mühərrik yanacağı 502,24 min ton (15 % az), 2 milyon 032,32 min ton dizel yanacağı (2,3 % az), 335,06 min ton yüngül fleqma (4,7 % az), 12,45 min ton ağır fleqma (19,5 % çox), 61,6 min ton soba mazutu (2,1 dəfə az), 196,92 min ton neft koksu (17,4 % az), 187,2 min ton maye qazlar (5,4 % az), 49,97 min ton təmizlənmiş quru qaz (7,9 % az), 50,76 min ton atmosfer qazoyl fraksiyası (40,5 % az), 148,88 min ton vakuum qazoylu (8,6 % az), 36,31 min ton mühərrik yanacağı (11,6 % çox), 374,73 min ton bitum (44,1 % çox), 23,22 min ton sürtkü yağları (1,4 % çox) istehsal olunub.

***

“SOCAR Trading” şirkətinin statistikasına istinadən bu gün İsveçrədəki istehlakçıların 63 faizdən çox hissəsi “SOCAR” brendini tanıyır və yüksək qiymətləndirir.

Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı-2020”də məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə “SOCAR Enerji İsveçrə” şirkətinin İsveçrədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 200-ə çatıb. 2023-cü ilədək SOCAR İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa etməyi planlaşdırır.

Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətinin bir hissəsini təşkil edən “SOCAR Energy Holdings”in son beş ildə ölkədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrim (xam neftin emalı, neft məhsullarının tədarükü və satışı) investisiya layihələrinə yatırdığı qeyd edilib. Burada əsas hədəfin gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaq olduğu əlavə edilib.

***

OPEC gələn il dünya bazarlarında xam neftə tələbatın koronavirus pandemiyasından əvvəlki səviyyəyə qalxacağını bəyan edib.

Bu barədə məlumat neft kartelinin aylıq hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, gələn il xam neftə gündəlik tələbat 3,3 milyon barrel artaraq 99,9 milyon barrelə çatacaq. 2022-ci ilin ikinci yarısında isə gündəlik tələbatın həcmi 100 milyon barrel həddini aşıb keçəcəkdir.

Beynəlxalq qurumun proqnozuna görə, böyük konyunktur paketləri sayəsində dünyada iqtisadi fəallıq artacaq və eyni zamanda, vaksinasiya kampaniyaları və daha təkmil müalicə üsulları sayəsində koronavirus pandemiyasını nəzarət altına almaq mümkün olacaqdır.

2021-ci il üçün isə OPEC öz gözləntilərini ötən aykı səviyyədə dəyişməz saxlayıb. Qeyd edilib ki, cari  ildə xam neftə tələbat gündəlik 96,6 milyon barrel olmaqla 2020-ci ilin göstəricisindən 6 milyon barrel yuxarı olacaq.

***

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku istismara veriləndən 1 avqust 2021-ci il tarixinədək 184 milyard kubmetrdən çox qaz hasil edilib.

Energetika Nazirliyindən  verilən xəbərə görə, “Şahdəniz” qaz-kondensat yataqlarından hesabat dövründə 147 milyard kubmetrə yaxın qaz hasil edilib.

Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kubmetrdən çoxu ixraca nəql edilib.

***

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağından yataqlar istismara veriləndən 2021-ci il avqustun 1-dək 569 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən  verilən məlumata görə, hesabat dövründə AÇG-dən 537 mln. tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 mln. tondan çox kondensat çıxarılıb.

Məlumata görə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

***

2021 -ci ilin yanvar-iyul aylarında Azərbaycanda 3,9 mln. ton neft emal edilib.

Energetika Nazirliyinin məlumatına görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

***

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyəyə Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə 3,2 milyard kubmetrdən çox qaz nəql edib, bu da illik müqayisədə 33,3 % çoxdur.

Energetika Nazirliyindən  verilən məlumata görə, 2020-ci ilin müvafiq dövründə TANAP ilə Türkiyəyə 2,4 milyard kubmetr qaz nəql olunub.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

***

Cari il yanvar-iyul aylarında Azərbaycan Avropaya təqribən 4 milyard kubmetr qaz ixrac edib.

Energetika Nazirliyindən bildirmişlər ki, hesabat dövründə ümumilikdə xaricə qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur.

O cümlədən, bu ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kubmetrdən çox qaz nəql olunub.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.