Şirvan Dövlət Təbiət Qoruğu
Ekologiya

Şirvan Dövlət Təbiət Qoruğu

Ecazkar və füsunkar: Təbii sərvətlərimiz

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət qoruqları seriyasından Şirvan Dövlət Təbiət Qoruğu haqqında yazını dərc edirik.

"Respublika".

 

Şirvan Dövlət Təbiət Qoruğu  Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir. Hələ 1961-ci ildə Kür-Araz ovalığının həmin hissəsində  ceyranların sayı 77 baş olduğu bir vaxtda  Azərbaycan hökumətinin  xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdır. 

Səkkiz ildən sonra burada ceyranların sayının 400 başa çatdığı vaxt hökumətin 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edilmişdir. 1982-ci ildə  qoruğun sahəsi genişləndirilərək 25761 hektara çatdırılmış, 5 iyul 2003-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında Şirvan Milli Parkı yaradılmışdır.  Hazırda Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.

Qoruğun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranların və bu ərazi üçün səciyyəvi olan digər fauna növlərinin mühafizəsini və bərpasını təmin etməkdir.

Geoloji dövr ərzində qoruğun ərazisi  bir neçə dəfə Xəzərin suları altında qalmışdır. Xəzərin səviyyəsinin azalması ilə əlaqədar ərazi dəniz, qismən sel və alluvial çöküntülər nəticəsində qurumuş, ərazi dəniz səviyyəsindən aşağı düşmüşdür. Qoruqda külək vasitəsilə yaranan təpəciklərin hündürlüyü 0,5-1,2 metrə qədərdir. Mövcud olan təbii landşaftın ceyranlar üçün xüsusi əhəmiyyəti vardır. Burada ceyranların sayı getdikcə artaraq 1961-ci ildə 77, 1969-cu ildə 400, 1986-cı ildə 4800-ə çatmışdır. Hazırda qoruğun ərazisində 10 minə yaxın ceyranla bərabər, başqa heyvanlar da məskunlaşıb. 

Relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı yarımsəhra, xırda təpəliklər, şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ərazidə əsasən yovşanlı yarımsəhra, şoranlı yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən  səhra, çəmən çala və qumlaq bitkiləri yayılmışdır.

Qoruğun  ərazisində  yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır iqlim tipi hakimdir. Bu iqlim tipi az və ya zəif nəmliyi, qışın mülayim, yayın isə quru və  isti keçməsilə səciyyələnir. Yarımsəhra və  düzənlik ərazidə yerləşdiyindən qoruqda çay və bulaq yoxdur. Qoruğun ərazisindən bir neçə kollektor keçir. Onların vasitəsilə qoruqda olan Çala gölü su ilə təmin olunur. Çala gölünün sahəsi 100 hektardan  çoxdur və onun dərinliyi 0,3-1,0 metrə çatır. Göldə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Xəzərin, kanalların suyu qışda donmur. Gölün su-bataqlıq quşları üçün  çox böyük əhəmiyyəti vardır.

Qoruqda 30 növ  məməli, 22 növ sürünən, 4 növ suda-quruda yaşayan, 35 növ quş və 15 növ balıq vardır. Ərazidə mühafizə olunan  ceyran, turac, dovdaq, bəzgəh, səhra qartalı, Aralıq dənizi tısbağası və s. quş və heyvanlar Azərbaycanın "Qırmızı kitabı"na salınıb.  Burada suda-quruda yaşayan növlərdən sarımsaq-qoxulu Suriya qurbağasına, ağac, göl, yaşıl və s. qurbağalara, sürünənlərdən Xəzər və Aralıq dənizi tısbağalarına, zolaqlı kərtənkələyə, adi və su koramalına, gürzəyə, adi kərtənkələyə rast gəlmək olar. Ornitoloji fauna növlərinə şahin, boloban daxildir. Məməlilərdən ceyranla bərabər, qaban, canavar, tülkü, porsuq, qamışlıq pişiyi, dovşan və s. yaşayır.

Şirvan Dövlət Təbiət Qoruğunun ərazisində oturaq və köçəri quşlar daha çoxdur.  Bu zənginlik quşların miqrasiya yolunda yerləşməsi və ərazidə yaşaması üçün biotopların müxtəlifliyi ilə əlaqədardır. Qoruqda Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, sultan toyuğu, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar mühafizə olunur.

Kamil İSMAYIL,

"Respublika".