Şeyxülislam Allahşükür Paşazadə: Türkiyə və Azərbaycan dünya miqyasında qardaş, dost ölkələr kimi tanınır
Digər xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə: Türkiyə və Azərbaycan dünya miqyasında qardaş, dost ölkələr kimi tanınır

Ermənilər Ağdam Cümə məscidini də yararsız hala salıblar. Mən bu məsciddə işğaldan əvvəl də olmuşam. Otuz ilə yaxın müddətdə ermənilər burada ağlasığmaz vəhşiliklər törədiblər.

AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə müsahibəsində deyib.

Şeyxülislam Allahşükür Paşazadə bildirib: "Azərbaycan böyük Qələbə qazandı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə biz işğaldan azad olunmuş bütün yerlərdə dini və mədəni obyektlərimizi təmir edirik. Ağdam Cümə məscidi də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yenidən təmir olunacaq. Erməni vandalları tərəfindən dağıdılmış və zərər görmüş məscidlərimiz bərpa ediləcək".

Türkiyənin din xadimlərindən ibarət nümayəndə heyətinin Ağdamda olduğunu deyən şeyxülislam bildirib ki, onlar da ermənilərin dağıtdıqları maddi-mənəvi obyektlərdə törədilən erməni vəhşiliyini öz gözləri ilə gördülər.

Ağdamdan əvvəl Şuşada olduqlarını bildirən QMİ sədri diqqətə çatdırıb ki, Azərbaycan Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini də bərpa edəcək. Sürətlə təmir-tikinti işlərinin aparıldığı Şuşada son iki ayda xeyli dəyişiklik olub.

Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışını etmələrini tarixi hadisə adlandıran şeyxülislam Allahşükür Paşazadə deyib: "Prezidentlər Qarabağın açarlarını birlikdə təqdim edərək dünyaya mesaj verdilər. Bu, Azərbaycan- Türkiyə dostluğunun, qardaşlığının sübutdur. Ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisi öz təsdiqini tapıb. Həqiqətən də Türkiyə və Azərbaycan dünya miqyasında qardaş, dost ölkələr kimi tanınır. Dünyada heç bir ölkələr arasında belə isti münasibətlər yoxdur".

Qırx dörd günlük savaşda Türkiyənin Diyanət İşlərindən də mənəvi dəstək aldıqlarını qeyd edən QMİ sədri bildirib ki, bu bizim üçün böyük əhəmiyyətə malik idi. Azərbaycanın Türkiyədən böyük dəstək alması bizi çox sevindirdi. Bu dəstək yalnız müharibə zamanı deyil, indi də bütün sahələrdə qarşılıqlı surətdə davam edir və sonadək davam edəcək. Hər birimiz bunu istəyirik.

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə olunmaqla, zərbələr endirilməsindən bir il ötdüyünü xatırladan Allahşükür Paşazadə bildirib: "Bu hücum nəticəsində uşaq və qadınlar da daxil olmaqla, 20 dinc sakin həlak olub, 82 nəfər yaralanıb. Şəhərdə yerləşən evlərə, obyektlərə ciddi zərər dəyib. Bu addım da ermənilərin döyüş meydanında məğlub olduqlarının əyani sübutu idi. Çünki ermənilər mülki insanlara qarşı kasetli bombalardan istifadə edirdilər.

AZƏRTAC