SƏRHƏDYANI KƏNDLƏRDƏ PROBLEMLƏR NİYƏ HƏLL OLUNMUR?
Digər xəbərlər

SƏRHƏDYANI KƏNDLƏRDƏ PROBLEMLƏR NİYƏ HƏLL OLUNMUR?

Azərbaycanda 1993-cü ildən sonra başlanan sürətli, innovativ və davamlı inkişaf böyük uğurla davam etdirilir, dövlətçilik ənənələri daha da zənginləşdirilir. Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun, işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, uzaqgörən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Prezident cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, insan amili dövlət siyasətinin ən mühüm prinsipləri sırasına daxil edilmişdir. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası, səhiyyə və mədəniyyət ocaqları, idman kompleksləri tikilmiş, bir çox məktəb binaları üçün yeni əlavə korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir.

Bu sahələrin, eyni zamanda maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm, əsaslı işlər görülmüşdür. Bütün təhsil, səhiyyə və mədəniyyət ocaqlarında internetə qoşulmuş kompüter otaqları yaradılmışdır. Həmçinin Heydər Əliyev Fondu ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, həm də əyani vəsaitlərlə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses bu gün də davam edir.

Bölgələrdə vətəndaşların sosial qayğılarını daha yaxından öyrənmək üçün Gürcüstan Respublikası ilə sərhəddə yerləşən, aqrar rayonlardan biri olan Samux rayonunun Eldar mahalı adlanan strateji əhəmiyyətli kəndlərində olduq. Qədim Oğuz yurdu olan, Azərbaycanın şimal-qərb ərazisində, Qabırrı çayının sahilində yerləşən bu yerlərdə insanlar tarixən heyvandarlıqla məşğul olublar. Arxeoloqların araşdırmalarına görə bu qumsal və çaqıl daşları ilə örtülmüş ərazidə 30 növdən çox sürünənlər, vəhşi heyvanlar, quşlar, o cümlədən dəvəquşu sümükləri də tapılmışdır. Buna baxmayaraq, XIX əsrin əvvəllərindən oğuzlular heç bir qorxu bilmədən bu yerlərdə məskən salaraq öz yaşayışları üçün hər bir şərait yaratmışlar. Çətinlikləri də çox olub bu insanların... Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdandan sonra bu strateji əhəmiyyətli ərazilərə də diqqət göstərilib. Ulu öndərin bütün bölgələrdə ucqar kəndlərin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlərdən bu mahal da bəhrələnib. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası burada da müsbət nəticələrə səbəb olub. Dövlət başçısı Samuxda olarkən demişdir: "Mən istəyirəm ki, samuxlular yaxşı yaşasınlar, onlar buna layiqdir".

Eldar mahalının Poylu, Kəsəmən, Qarabağlı və Salahlı kəndləri sərhəddən 2-3 kilometr aralıda yerləşir. Kəndlər bir-birinə yaxındır. Poylu, Kəsəmən və Qarabağlı kəndləri Poylu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin tabeliyindədir. Üç kənddə 1785 nəfər əhali və 310 təsərrüfat var. Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur.

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində müasir, yaraşıqlı, təchiz olunmuş məktəblər tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Təhsildə mühüm irəliləyişlər müşahidə olunur. Amma əfsuslar ki, kəndlərdə uşaq bağçaları yoxdur, mədəniyyət evləri və kitabxanalar isə bərbad vəziyyətdədir, bəzi yerlərdə isə ümumiyyətlə yoxdur. Vətəndaşların dediklərinə görə bir neçə il öncə kitabları kitabxanadan başqa yerə aparıblar. Kəndlərdə incəsənətə meyilli yeniyetmələrin formalaşması üçün heç bir şərait yoxdur. Kəndlər rayon mərkəzindən 60-65 km məsafədə yerləşdiyindən incəsənət məktəblərində təhsil almaq üçün gediş-gəliş mümkünsüzdür.

Sakinlərin asudə vaxtlarının təşkili üçün mədəniyyət evləri demək olar ki, fəaliyyətsizdir. Sakinlərlə görüşümüz zamanı onlar ölkə rəhbərinə inam və etibar bəslədiklərini, onu daim Prezident görmək istədiklərini ifadə etdilər. Ölkə başçısının diqqət və qayğısı sayəsində daimi su ilə, fasiləsiz işıqla təmin olunduqlarını deyən kənd sakinləri qaz üzünə həsrət qaldıqlarını bildirdilər. Halbuki, çox yaxın ərazidə qaz xəttinin mövcud olduğunu bildirirlər: "Qış gəldikdə bizim çətin günlərimiz başlayır. Elektrik sobalarından istilik üçün istifadə etmək olmur, odun və neftdən istifadə edirik. Bunun üçün isə ağacları kəsmək lazımdır, bu isə ekologiyaya zərbə vurmaqdır".

834 nəfər əhalisi və 191 təsərrüfatı olan Salahlı kəndində də vəziyyət eynidir. Kənd sakinləri heyvandarlıq və əkinçiliklə məşğuldurlar. İkimərtəbəli yaraşıqlı tam orta məktəbdə hər bir şərait yaradılıb. Sakinlər təhsilə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdardırlar. Lakin burada da uşaq bağçası yoxdur. Kitabxana bərbad vəziyyətdədir. Kəndin mədəniyyət evi yararsız haldadır. Kənddə sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün heç bir tədbir görülmür.

Mavi qazla təminat üçün müraciətlər çox olsa da, heç bir real nəticəsi yoxdur. Halbuki, ucqar dağ rayonlarda belə qazlaşma işləri aparılıb və bu məsələ öz həllini çoxdan tapıb…

Bəli, düşünülmüş və uzaqgörən siyasət yürüdən, ölkənin uğurlu inkişafını təmin edən cənab İlham Əliyev həmişə qeyd edir ki, işlərimizin, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır… Bu gün Azərbaycan davamlı və ardıcıl islahatlar yolu ilə irəliləyir. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə növbəti illərdə davamlı inkişafa yeni imkanlar yaradır. Əminik ki, aidiyyəti qurumların rəhbərləri bu kəndlərdəki sosial qayğılar haqqında dərindən düşünəcəklər.

Zabit XƏLİLOV,

"Respublika".