ŞƏMKİRDƏ TƏHSİL MÜƏSSİSƏSİNİN ƏRAZİSİNDƏ MAĞAZA
Region

ŞƏMKİRDƏ TƏHSİL MÜƏSSİSƏSİNİN ƏRAZİSİNDƏ MAĞAZA

Yeni təhsil ocaqlarının tikintisi, bəzi məktəblərin əsaslı təmiri, bir sözlə, təhsil infrastrukturunda aparılan yeniliklər savadlı gələcəyimizin yetişdirilməsinə və təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsinə hesablanmışdır.

Uşaqların idmana marağının artırılması üçün normal şərait yaradılmış və bu işlər davam etdirilir. Ölkədə aparılan irimiqyaslı layihələrdən Şəmkir rayonu da yetərincə bəhrələnir.

Rayonun inkişaf etmiş yaşayış məntəqələrindən olan Dəllər qəsəbəsində fəaliyyət göstərən şəhid Elçin Rüstəmov adına Dəllər qəsəbə ümumi orta məktəbi diqqətimizi cəlb etdi. Məktəbin ərazisində 2 mağaza inşa olunmuşdur. Bunlardan biri hazırda avtomobillərin ehtiyat hissələri satışını həyata keçirir. Mağazada şıdırğı alver gedir. Digəri isə hələlik fəaliyyət göstərmir. Məlumdur ki, təhsil ocaqlarına məxsus torpaq sahəsində hər hansı ticarət obyektinin inşa olunması, fəaliyyət göstərməsi tamamilə qadağandır. Lakin nədənsə aidiyyəti qurumlar bu məsələyə tam biganə yanaşır, öz vəzifələrini icra etməyi yaddan çıxarırlar.

Özünü mağaza sahibi kimi təqdim edən Oruc adlı şəxs bizimlə söhbət zamanı israrla bildirdi ki, bu ticarət obyektinə aid qanuni sənədi var. O dedi ki, məktəbə aid olan daş hasarı öz şəxsi vəsaiti hesabına tikdirmişdir.

Hazırda mağazanın təxminən 10 kvadratmetrə yaxın hissəsi məktəbin həyətinə düşür. Mağaza sahibi isə bunu belə əsaslandırır ki, ticarət obyekti fəaliyyətə başladıqdan sonra məktəbin həyətyanı sahəsini genişləndirmişlər. Bu səbəbdən mağazanın bir hissəsi məktəbin həyətinə düşür. Sahibkarın dedikləri isə o qədər inandırıcı görünmür.

Məlumdur ki, kənd və qəsəbələrdə insanlar boş vaxtlarında bu kimi yerlərə, yəni mağazaların yanına toplaşaraq söhbət edirlər. Belə olan halda istər-istəməz uşaqların diqqəti həmin yerə yönəlir. Bu, həm də müəllimlərin normal dərs keçməsinə mane olur.

Hər hansı təhsil müəssisəsinin ərazisində ticarət obyekti və digər binaların tikintisi qadağan olunduğu halda, nədənsə, sözügedən qəsəbədə mövcud vəziyyətə göz yumulur.

Vəli VƏLİYEV,

"Respublika".