ŞƏHİD AİLƏLƏRİNƏ MƏNƏVİ DƏSTƏK
Region

ŞƏHİD AİLƏLƏRİNƏ MƏNƏVİ DƏSTƏK

Bəyalı Məmmədov 1972-ci ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi igidlik, fədakarlıq göstərib. 1992-ci il avqust ayının 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Vaxtilə oxuduğu Böyük Xocavar kənd tam orta məktəbi şəhidin adını daşıyır.

Bu günlərdə şəhid Bəyalı Məmmədovun ailəsi üçün yeni mənzil inşa edilib. Otaqlar təmir edilib, lazımi avadanlıqlarla təchiz olunub.

Təzə mənzilin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək şəhidlərimizin Vətən, torpaq uğrunda canlarından keçdiyini, parlaq xatirələrinin əziz tutulduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğı göstərdiyini vurğulayaraq bu sahədə Masallı rayonunda görülən işlərdən danışıb, şəhid Bəyalı Məmmədovun ailəsi üçün hər cür məişət şəraiti olan təzə mənzilin tikintisi ilə əlaqədar xeyriyyəçi insanlara təşəkkürünü bildirib.

Sonra yeni mənzilə baxış keçirilib. Şəhidin anası və qardaşı Vüsal Məmmədov şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

***

Şəhid ailələrinin qayğıları rayon icra hakimiyyəti rəhbərliyinin daim diqqət mərkəzindədir. Rayonda Qarabağ  müharibəsi şəhidlərinin ailələrinin, əlillərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Qızılağac kəndində bu istiqamətdə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidi Cavad Gülverdi oğlu Babayevin ailəsinin yaşadığı küçəyə asfalt örtüyü çəkilir. Kəndin mərkəzindən şəhidin mənzilinə kimi uzanan yolun uzunluğu 650 metrdən çoxdur. Masallı rayonundakı 47 nömrəli Yol istismar idarəsi tərəfindən yol müasir üslubda, əsaslı şəkildə yenidən qurulur.

Yola asfalt örtüyünün çəkilməsi kənd sakinlərini də sevindirir. Bu yol nəqliyyat vasitələrinin, piydaların, xüsusən də uşaqların məktəbə rahat gediş-gəlişini təmin edəcəkdir.

Ə.AĞAXANOĞLU,

“Respublika”.