Sarsılmaz birliyin möhtəşəm ifadəsi
Siyasət

Sarsılmaz birliyin möhtəşəm ifadəsi

"Qardaş yumruğu" təlimi son iki ildə Silahlı Qüvvələrimizin daha da gücləndiyini nümayiş etdirdi

Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki ölkə birgə təlimlər keçirib. Bakı şəhəri, Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimlər həm iki ordunun qüdrətini nümayiş etdirib, həm də Azərbaycana qarşı yönələn hər hansı niyyətlərin qarşısının dərhal alınacağını göstərir.

Təlimlərdəki foto və videomateriallardan aydın görmək olur ki, hərbçilər çaylar üzərində keçid açmaq məqsədilə panton körpünün salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edib. Azərbaycan və Türkiyənin birgə bu təlimləri İrana ünvanlanmış ciddi mesaj kimi dəyərləndirilməlidir. Aydındır ki, ermənipərəst siyasi xətt yürüdən rəsmi Tehran bundan sonra həddini aşarsa, Azərbaycanın cavabı gecikməyəcək. Təkcə İran deyil, istənilən destruktiv xarici qüvvə bilməlidir ki, ölkəmizə qarşı təxribatların cavabı kəsərli olacaq və onlar "Dəmir yumruğ"u öz üzərində hiss edəcəklər. Beləliklə, İran hakimiyyəti bundan dərs çıxarmalı və atdığı addımları yüz ölçüb, bir biçməlidir.

Bakı və ətraf ərazilərdə, habelə İranla sərhəddə yerləşən İmişli, Astara və Cəbrayıl rayonlarında keçirilən təlimlər ordumuzun yüksək döyüş qabiliyyətini nümayiş etdirib. Təlimlər İranın təxribata yol verəcəyi təqdirdə, hansı cəza ilə üzləşəcəyini əyani göstərir. Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlim son dövrdə baş verən gərginliyi yatırmaq, isti başları, qızmış beyinləri sakitləşdirmək üçün çox önəmli bir addım oldu.

Diqqətçəkən məqam bundan ibarətdir ki, təlimlərə Azərbaycan və Türkiyə ilə müqavilə bağlamış qardaş Özbəkistan və Qırğızıstanın hərbi qulluqçuları da qoşulacaq. Təlimlər tək Azərbaycan və Türkiyə ərazisində yox, eyni zamanda Qırğızıstan və Özbəkistan ərazilərində də keçiriləcək. Bu, gələn ilin planında öz əksini tapıb. Təlimlər təkcə səhər saatlarında deyil, günün bütün vaxtlarında keçirilir və real döyüş şəraitinə uyğunlaşdırılır. Digər bir maraqlı məqam təlimlərin bütün qoşun növlərini əhatə etməsidir. Yəni təlimlər yalnız quru qoşunlarını əhatə etmir. Hərbi hava qüvvələri, hərbi hava hücumundan müdafiə sistemlərinə daxil olan qoşun birləşmələri, aviasiya, artilleriya qoşunları da təlimlərdə iştirak edir.

Birgə təlimlərin həm də böyük tarixi əhəmiyyəti var. Məhz buna görə də İran həm Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlıq və müttəfiqlik münasibətlərindən, həm də qüdrətli hərbi birliyindən nəticə çıxarmalıdır. Onu da qeyd edək ki, Türkiyə bu gün NATO daxilində ən aparıcı və güclü silahlı qüvvələrə malik ölkədir. Bunu Amerika da daxil olmaqla bütün ölkələr qəbul edir. İran ciddi düşünməli, təxribatlardan əl çəkməlidir.

Yeri gəlmişkən, İranın vaxtilə Arazın ətrafında panton körpü salmasına Azərbaycan birgə təlimlərlə lazımi mesaj vermiş oldu. Onlar Arazın bir qolunda panton körpülər qurmaqla Arazın o tayına asanlıqla gedə biləcəklərini demişdilər. Ancaq Azərbaycanla Türkiyənin keçirdiyi birgə təlimlər göstərir ki, belə məsələləri ordumuz daha asanlıqla və yüksək effektivliklə həll edə bilər. Azərbaycan İranla vəziyyətin gərginləşməsini istəmir. Lakin bu ölkə Ermənistanla qardaşlıq etməyi seçib. Əgər İran Azərbaycanı seçsəydi, bu, həm dini, həm də insani baxımdan daha düzgün və ədalətli olardı. Çünki faşist xislətli və təcavüzkar ölkənin yanında olmaq sülhdən və ədalətdən uzaq olmaq deməkdir. Bütün bunlara baxmayaraq, İran Azərbaycanla bağlı sözlərində və siyasi davranışlarında diqqətli olmalıdır.

44 günlük Vətən müharibəsində Azərbaycan cəmiyyəti və Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də düşmənin təxribatları zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamdan xəbər verirdi. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

Bəli, bu gün qürur mənbəyimiz olan Azərbaycan Ordusu mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığını İkinci Qarabağ müharibəsində bütün dünyaya nümayiş etdirdi. Ən müasir silah-sursatlar, müxtəlif hərbi texnika ilə təmin olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasındadır. İşğalçı Ermənistanın təxribatlarına cavab olaraq qazanılan böyük tarixi Zəfərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə döyünən hərbçilərin, eləcə də xalqımızın məhz sarsılmaz birliyi sayəsində müvəffəq olduq.

Ölkəmizin mükəmməl hərbi sənaye kompleksinə malik olması, ordumuzun müasir dövrün tələblərinə cavab verən hərbi texnikalarla silahlanması danılmaz reallıqdır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Tarixi Zəfərimiz isə dövlətimizin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də təsdiqidir. Xalqın dəstəyindən əlavə güc alan Ordumuz məğlubedilməzdir!

Qeyd etdiyimiz kimi, ordu quruculuğunda həyata keçirilən əhəmiyyətli islahatlar, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən qəbul edilən taleyüklü qərarlar nəticəsində hazırda həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə fərqlənən güclü ordu formalaşıb. Ordumuzun sıralarında isə torpaqlarımızın azadlığı uğrunda gözlərini qırpmadan canlarını fəda etməyə hazır olan, peşəkarlığı, cəsurluğu ilə seçilən əsgər və zabitlərimiz cəmlənib. Döyüş meydanında şücaət göstərən hərbçilərimiz böyükdən-kiçiyə hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Dünyanın qəbul etdiyi gerçəklik ondan ibarətdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində XXI əsrin müharibəsini aparıb. Ən güclü ordulara sahib olan inkişaf etmiş dövlətlər Azərbaycanın təcrübəsini öyrənirlər. Prezident İlham Əliyev ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetiriləcəyini bildirib. Çünki beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər. Silahlı Qüvvələrimizin Azərbaycanı istənilən təhlükədən qorumağa qadir bir qüvvə olduğu günümüzün danılmaz reallığıdır.

Emin QASIMOV,

"Respublika".