Şanlı Zəfər Günümüz
Sosial həyat

Şanlı Zəfər Günümüz

Sentyabrın 27-dən başlayıb 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında deyil, diplomatik cəbhədə də böyük və müdrik strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə həmrəy olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib gəldi, ərazi bütövlüyümüzü təmin etdi.          

Qalib Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə cəmi 44 günə mümkünsüzü mümkün etdi. Ermənistanın hərbi kapitulyasiyasına nail oldu. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək sübut etdi ki, haqq yolunda ədalətin, ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşuruq. Qəhrəman Azərbaycan oğulları dünyaya sübut etdilər ki, döyüş meydanında zəfəri yalnız tanklarla, toplarla deyil, həm də ağılla, zəkayla və bir də vətənpərvərliklə qazanmaq olar.

Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində milyonlarla vəsait sərf edərək qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi. Belə vəziyyətdə Ermənistanın qarşısında iki yoldan birini seçmək qalırdı. Ya ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə kimi məhv ediləcəkdi, ya da "ağ bayraq" qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi. Paşinyan hakimiyyəti reallığı qəbul edərək noyabrın 10-da "ağ bayraq" qaldırdı, kapitulyasiya imzaladı.

30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi. 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix...

Bu tarix böyük Qələbə günü, şanlı tariximizə yazılan Zəfər günümüzdür. Qarabağ münaqişəsinə xalqımızın zəfərlə NİDA qoyduğu gündür.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat son iki əsrə yaxın Azərbaycan tarixinin ən böyük qələbəsini təsdiq edən gündür. Bəyanata əsasən Qarabağda yaşayan ermənilər üçün heç bir xüsusi status olmayacaq. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.

Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur.

28 il ərzində millətimiz daim vətən həsrətini ürəyində daşıdı, bütün ümidlərini cənab İlham Əliyevə bağladı və qələbə qazandı. Liderimiz daim çıxışlarında "Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır", - deyirdi. Dövlət başçısı ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq Zəfər qazandı. Bu Zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz sonda öz hünərini döyüş meydanında göstərdi. Bəzi dövlətlər təzyiq etməyə, sanksiyalara əl atmağa çalışsalar da, Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular.

Böyük qələbəni al-qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur", - deyən ulu öndərin arzusunu reallaşdırdı.

"Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyük Qələbədir. Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır. Gözün aydın olsun, Azərbaycan. Gözünüz aydın olsun, dünya Azərbaycanlıları!"

Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı. Bu böyük qələbə, eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir", - deyən Prezidentimizə olan inamı, sevgini birə-beş artırdı.

Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Bu qələbəni bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Bir sözlə, "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyan edən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə qızıl hərflərlə yazıldı.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu qürur mənbəyimiz olaraq qalacaq.

Simnarə Alqayeva,

Azərbaycan Dövlət Pedaqoji

Kollecin müəllimi.