REVANŞİZMİN TƏZAHÜRLƏRİ BƏDNAM QONŞUMUZ ÜÇÜN ACI SONLUQLA NƏTİCƏLƏNƏCƏK
Siyasət

REVANŞİZMİN TƏZAHÜRLƏRİ BƏDNAM QONŞUMUZ ÜÇÜN ACI SONLUQLA NƏTİCƏLƏNƏCƏK

Azərbaycanın ərazi bütövlüyünə hər hansı təhlükə yaranarsa, bunun cavabı çox ağır olacaq

44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bərabər, Ermənistanın darmadağın edilməsi, işğalçı siyasətin, erməni faşizminin zərərsizləşdirilməsi ilə də nəticələndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə işğal altındakı torpaqların azadlığı uğrunda sözün əsl mənasında XXI əsrin yüksək texnoloji müharibəsini aparan rəşadətli Ordumuz düşmən ölkənin silahlı qüvələrini, separatistləri diz çökdürdü. Bu isə Ermənistanda hələ də sonu görünməyən ağır və dərin siyasi böhran yaradıb. Həmin siyasi böhrandan istifadə etməyə çalışan işğalçı ölkədəki bəzi revanşist qüvvələr yalançı populist fikirləri ilə daxili auditoriyanı öz tərəfinə çəkməyə çalışır. Lakin istər revanşizmlə bağlı yalanlar səsləndirənlər, istərsə də Ermənistan cəmiyyətinin sadə insanları anlamalıdır ki, törədiləcək hər hansı bir təxribat və ya bu ölkədə revanşist iddiaların reallaşdırılmasına cəhd onların özü üçün təhlükəlidir. Çünki bu cür ziyanlı iddialar sülh prosesini daha da ağırlaşdırmaqla yanaşı, son nəticədə erməni xalqının fəlakətinə səbəb olacaq.

Azərbaycan dövləti tərəfindən Cənubi Qafqazda yaradılan siyasi-iqtisadi əməkdaşlıq platforması, Zəngəzur dəhlizi ilə bağlı perspektivlər həm Ermənistanın xilası, həm də gələcək inkişafı üçün yeganə çıxış yoludur.

2020-ci ildə baş vermiş və Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, keçmiş Dağlıq Qarabağ adlı münaqişəni də aradan qaldırdı. Məğlub Ermənistanda son iki il ərzində müşahidə olunan siyasi-iqtisadi böhran isə anlaşılandır və bu, ağır məğlubiyyət sindromunun nəticəsidir.

Əlbəttə, bütün bunlar qondarma ölkədə mövcud durumdan siyasi dividendlər əldə etmək arzusunda olan bəzi qüvvələrə revanşizm iddialarının səsləndirilməsi üçün fürsət yaradıb. Lakin belə boş və mənasız xəyallarla yaşayanlar Azərbaycanın "Dəmir yumruğ"unu unutmamalıdır. Bu isə o deməkdir ki, revanşizm hissləri Ermənistana baha başa gələ bilər. Prezident İlham Əliyev daim vurğulayır ki, Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Bu isə bir daha onu göstərir ki, Azərbaycana qarşı hər hansı bir təxribat törədilərsə, qarşılığında Azərbaycanın cavabı çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.

Azərbaycan dövləti regionda yeni siyasi-iqtisadi mənzərəni yaratmaqla bərabər, yeni hərbi reallıqlar da formalaşdırıb. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun gücü 44 günlük müharibə dövründə hər kəsə bəlli oldu. Ermənistan isə istər iqtisadi potensialına, istər siyasi nüfuzuna, istərsə də hərbi vəziyyətinə görə Azərbaycandan açıq-aşkar geridədir. Bunu həm Ermənistandakı, həm də Qarabağdakı revanşistlər bilməmiş deyil. Onlara ötən ilin yayında qoşulan, özü üçün qondarma bir vəzifə yazdıran Ruben Vardanyan da yaxşı bilir ki, prosesin gələcək inkişafı artıq Ermənistandan asılıdır. Əgər Ermənistan hər hansı bir təxribata əl atmayacaqsa, Zəngəzur dəhlizinin fəaliyyətinə bu və ya digər şəkildə mane olmağa çalışmayacaqsa və ən əsası, hansısa revanşist iddialar səsləndirməyəcəksə, Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində real addımlar atacaqsa, o zaman ermənilərin öz qondarma dövlətləri hüdudlarında yaşamaq imkanı olacaq. Amma hansısa siyasi qüvvələr revanşizm xülyasına qapılarsa, buna cavab çox ağır olacaq. Günü-gündən öz silahlı qüvvələrini daha da möhkəmləndirən Azərbaycan mövcud vəziyyətin istənilən dəyişikliklərinə hazırdır.

Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən dəfələrlə törədilən hərbi təxribatlar bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar siyasət yeritdiyini sübut edir. Azərbaycan dövləti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki ildən çox vaxt keçməsinə baxmayaraq, hər zaman hər cür bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistan rəhbərliyinin bu hərəkətləri 10 noyabr Bəyanatından imtina etməsi anlamına gəlir.

Kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri imdad üçün Avropa İttifaqına üz tutdu. Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti nəticəsində Avropanın siyasi səhnəsində də Paşinyan ağır məğlubiyyətə uğradı. Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan üçtərəfli görüşlərdə də Azərbaycanın milli maraqları nəzərə alınaraq Avropa İttifaqının rəsmisi tərəfindən bəyanatlar səsləndirildi.

Həmçinin Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü münasibətlərin nizamlanmasına dair 5 bənddən ibarət təklifini qəbul etdiyini bildirdi və sülh sazişinin imzalanması istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi və sülh sazişinin hazırlıq işlərinə başlamaları üçün öz razılığını ifadə etdi. Ermənistan rəhbərliyi üzdə bu razılaşmanı qəbul etsə də, sonradan onu yerinə yetirmədiyi açıq-aşkar göründü. Ermənistan müstəqil bir dövlət deyil və Ermənistana rəhbərlik edən şəxslər müstəqil siyasət yeritmək qabiliyyətində deyillər. Ermənistanın baş naziri Paşinyan Ermənistandan kənarda və ölkənin daxilindəki revanşist qüvvələrin fikirləri ilə hərəkət edir.

Ermənistan təəssüf ki, Azərbaycan dövlətinin gücünü və qüdrətini düzgün qiymətləndirə bilmir. Ermənilər başa düşməlidirlər ki, Azərbaycan kimi siyasi-iqtisadi-hərbi cəhətdən qüdrətli dövlətə qarşı hərbi təxribatlar törətmək onlara çox baha başa gələ bilər. Onlar bunu Aprel döyüşləri və Vətən müharibəsində anlamalı idilər. Təəssüflər olsun ki, Ermənistan bu gün reallığı qəbul edə bilmir və hər dəfə dəmir yumruq başlarına dəyəndə yenə də bütün dünyaya yalvarmağa başlayırlar. Həm tarixi Zəfərlə, həm də digər hərbi uğurlarla dövlətimiz və Ordumuz bütün dünyaya göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaranarsa, bunun cavabı çox ağır olacaq.

Emin QASIMOV,

"Respublika".