İran paradoksu:dini ideallar, yoxsa...
Siyasət

İran paradoksu:dini ideallar, yoxsa...

İranın "IranAir" aviaşirkətinə məxsus "Boinq-747" yük təyyarəsi aprel ayında üç dəfə Tehrandan İrəvana uçub.

Bəzi mənbələrdə yayılan məlumatlara görə, təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) istifadəsində olub.

Bildirilir ki, bu hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilir. Erməni mediası İranın bu təyyarə ilə Ermənistana pilotsuz uçuş aparatları və digər silahlar göndərdiyini yazıb. O da qeyd edilib ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub.

İran hökuməti İslam qanunlarını ictimai həyatın müxtəlif sahələrində, o cümlədən ailə, cinayət hüququ və sosial məcəllələrdə tətbiq edir. Dini qurumlar, xüsusilə Qəyyumlar Şurası və Məhkəmə bu qanunların təfsirində və tətbiqində mühüm rol oynayır. Xristianlar, yəhudilər, zərdüştlər və başqaları kimi qeyri-müsəlman dini azlıqları bu ölkədə konstitusiyaya əsasən məhdud da olsa, bəzi hüquq və müdafiələri var. Bununla belə, onlar müxtəlif formada ayrı-seçkilik və məhdudiyyətlərə məruz qalırlar. Bütövlükdə, İranın siyasəti İslam dövləti çərçivəsində dini azlıqlara məhdud hüquqlar verməklə şiəliyin ictimai sahədə üstünlük təşkil etməsini prioritetləşdirir.

Cənub qonşumuz islamofob ölkələrlə əməkdaşlıqda həvəsli görünür. Rejim dini müxtəlif sahələrdə sərt formada tətbiq etsə də deyəsən, xarici siyasətdə bəzi istisnaları normal sayır. Belə ki, islamofobiya ilə adı ən çox çəkilən ölkələrdən biri olan Fransa ilə birlikdə, məscidlərimizdə donuz saxlamış Ermənistana silah daşıyır. Bununla da İran bir növ müsəlman qardaşlarının öldürülməsinə göz yumur, hətta yaxından iştirak edir. Rəsmi Tehranın Fransa kimi islamofob ölkələrlə ortaq siyasət yürütməsi onun strateji məqsədlər üçün ideologiya fərqlərinə göz yummağa hazır olduğunun göstəricisidir. Bu paradoksal əməkdaşlığın ən böyük nümunəsi məscidləri təhqir edən, o cümlədən onların içərisində donuz saxlayan Ermənistanın silahlandırılmasında iştirakıdır. Bu mövqe ölkənin daxilində dini prinsiplərə ciddi riayət edilməsi ilə ziddiyyət təşkil edir və İranın strateji qazanclar üçün xarici siyasətdə istisnalar etməyə hazır olduğunu bir daha nümayiş etdirir. Bu ziddiyyət İranın dini ideallara sadiqliyinin səmimiliyinə dair ciddi suallar doğurur.

Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü rəsmi Bakı, Ankara və Moskvanın kəskin etirazına səbəb olub. Lakin Tehran bu məsələyə səssiz qalıb. Bu susqunluq İranın regionda Qərb güclərinin iştirak etdiyi oxşar diplomatik manevrlərə münasibətini xatırladır. Tehran rəsmiləri tez-tez Qərb diplomatlarının qonşu Azərbaycana müntəzəm səfərləri ilə bağlı narahatlıqlarını ifadə etsələr də, Ermənistanda baş verən proseslərdən narahat görünmürlər. Bu aşkar ikili standart İranın Qafqaz regionunda strateji maraqları və müttəfiqlikləri ilə bağlı suallar doğurur. Rəsmi Bakı, Ankara və Moskvanın etirazlarına baxmayaraq, Brüsseldə görüş baş tutub. Bu toplantı zamanı əldə olunan razılaşmaların nəticələri hələ də qeyri-müəyyən olaraq qalır, lakin şübhəsiz ki, onların regional dinamika və geosiyasi tarazlıqlara əhəmiyyətli təsiri var. Qafqazda müttəfiqliklər dəyişdikcə, strateji yeri və qonşu dövlətlərlə mürəkkəb münasibətləri baxımından İran nəzərə alınmalı həlledici amil olaraq qalır.

Görünür, Qafqaz regionunda iqtisadi maraqları İranın xarici siyasətinə təsir edir. Lakin nəzərə almaq lazımdır ki, Qərbin arxasıyla getməyə davam edərsə Ermənistan parçalanmağa məhkumdur. Bu ehtimalda İranın Ermənistanla potensial ticarət sazişləri imzalamaq, enerji tərəfdaşlığı və iqtisadi fayda əldə etmək cəhdləri puç olacaq. İran Türkiyə və Rusiya kimi digər regional güclərlə rəqabət bahasına "şeytan ölkə" adlandırdığı Qərbə tərəf yönəlir. Tehranın Ermənistanda vəziyyətə öz təsiri ilə regiondakı rəqiblərinin təsirini tarazlaşdırmaq istəyi Cənubi Qafqazın təhlükəsizliyini risk altına atır. Bəlkə də İran potensial parçalanma təhlükəsi olan Ermənistandan özünə "pay" da gözaltı edib. Buna görə də öz səssizliyini qoruyur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".