Regiona və beynəlxalq aləmə təhlükə saçan terror yuvası
Digər xəbərlər

Regiona və beynəlxalq aləmə təhlükə saçan terror yuvası

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Təhsil naziri Mahmut Özeri və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib ki, hazırda Azərbaycan tərəfindən İrandakı səfirliyimizə qarşı törədilən terror aktı hərtərəfli şəkildə araşdırılır. Dövlət başçısı, həmçinin, vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsindən xeyli vaxt keçməsinə baxmayaraq, İran polisi və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

Hər bir dövlətin yürütdüyü xarici siyasət, onun regiona, beynəlxalq aləmə verəcəyi töhfələrin göstəricisidir. Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prinsipi yerləşdiyi regionda sülhü təmin etmək və qonşuluq əlaqələrini yaxşılaşdırmaq, onlarla dostluq münasibəti saxlamaqdır. Lakin bunu qonşu dövlətlərin hamısı haqqında demək olmaz. Regionun mono dövləti Ermənistan və terror dövləti İranı misal göstərmək olar. Azərbaycanın qalib dövlət olması, region və dünyada iqtisadi, siyasi, hərbi və digər sahələrdə güclənməsi sayəsində dostumuzu və düşmənimizi daha da yaxından tanıyırıq. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən silahlı terror aktı bu dövlətin ölkəmizə qarşı apardığı siyasətin nəticəsidir və bu da onu deməyə əsas verir ki, hadisə siyasi terrordur. Baş verən bu terror aktının sifarişçisinin İran dövlətinin olması şübhə doğurmur. Molla rejimi məsuliyyəti öz üzərindən ataraq, hadisəni məişət zəminində şəxsiləşdirməyə çalışsa da, hadisənin detalları bunun planlı şəkildə baş verməsini göstərir. İran dövlətinin bu terroru törətməkdə əsas məqsədi, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətinə təsir etməkdir. O istəyir ki, Azərbaycan müttəfiq və tərəfdaşlarını yalnız İranın maraqlarına uyğun olaraq seçsin. Yanvarın 27-də baş verən terror hadisəsini Azərbaycanın Təl-Əvivdə səfirlik açmasına qarşı güc nümayişi kimi də qiymətləndirmək olar. İran isə öz səhvlərini görmür. Bir müddət əvvəl Qafanda tez-tələsik açılan konsulluq, İrəvan və Tehranın qardaş şəhər elan edilməsi sözsüz ki, anti-Azərbaycan siyasəti kimi səciyyələndirilir. Tehrandakı səfirliyimizə edilən silahlı hücumdan sonra aydın oldu ki, ötən il Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücumun arxasında da məhz İran dövləti dayanır, o zaman bir qrup radikallar Azərbaycan səfirliyinin binasına daxil olaraq ölkəmizin əleyhinə şüarlar səsləndirmişdilər. Bütün bu hadisələrin İran-Azərbaycan münasibətlərinin yaxşı olmadığı bir dövrdə baş verməsi təşkilatçıların kimliyindən xəbər verir.

Molla rejimi hər cür vasitə ilə Azərbaycana qarşı narazı kütlə formalaşdırır, kim Azərbaycana qarşı düşmən mövqeyindədirsə, İran da onların yanındadır. Etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, bu dövlət onların maliyyələşməsində, formalaşmasında, bilavasitə yardımçı rolunu oynayır. İslami dəyərləri ayaqlar altına atan qruplar, dövlətlər İran tərəfindən dəstəklənir. Təəccüblü görünsə də, "İslam dövləti" LGTB nümayəndələri ilə sıx bağlıdır.

 Quzeydə Azərbaycanın müstəqillik qazanması Güney Azərbaycan üçün böyük bir təkan ola bilərdi. Müstəqilliyin ilk illərində başlayan Qarabağ müharibəsində İran öz müsəlman qardaşlarının yanında deyil, məscidləri dağıdan, orada donuz saxlayan, körpələri və qadınları öldürən erməni vandallarının yanında yer aldı. Azərbaycana qarşı bu münasibət otuz ildə demək olar ki, dəyişmədi. İkinci Qarabağ müharibəsində də İran tərəfli əks-mövqe tutaraq, Ermənistanı silahla təmin edir, qalib gəlməsi üçün əlindən gələni edirdi. Müharibədə məğlub olan Ermənistanda revanşistləri dəstəkləyən İran darmadağın ordunu yenidən dirçəltməyə çalışır. Öz qardaşlarının məğlubiyyətini həzm edə bilməyən ikiüzlü mollalar Ermənistana 500 ədəd tank əleyhinə "Dehlavieh" raket kompleksi, bundan başqa, 100 ədəd də "Almas" raket kompleksləri hədiyyə ediblər. Sözügedən raket kompleksləri SEPAH-ın sifarişi ilə hazırlanıb. Türk dünyasının düşmənləri İran-Ermənistan tandemi postmüharibə dövründə də özünü açıq şəkildə göstərir. Ermənistana bəxşiş verilən silahlar içərisində "Şahed" dronları da var. Azərbaycan-İsrail münasibətləri İrana qarşı yönəlməsə də, İranın Ermənistanla olan sıx bağlılığının altında türk nifrəti və erməni sevdası var. İran göndərdiyi silahlarla Ermənistanın zəif nöqtəsini gücləndirmək istəyir. Hərbi analitiklər hesab edir ki, bu dronlar Azərbaycan üçün ciddi təhdid hesab oluna bilər.

 Ermənistanı özünün qırmızı xətti adlandıran İran cənublu soydaşlarımıza da qənim kəsilib. Soydaşlarımız əsrlərdir etnik mənsubiyyətinə görə hakimiyyət tərəfindən ayrı-seçkiliyə məruz qalır, öz dillərində təhsil almaq hüququndan məhrum edilir. Son günlər isə Cənubi Azərbaycanda əsl insanlıq dramı yaşanır. Xoyda baş verən zəlzələ nəticəsində evləri dağılan azərbaycanlılar ac-susuz qalaraq yardıma ehtiyac duysalar da, İran İslam Respublikası bütün bu olanları görməzdən gəlir. Evləri dağılan soydaşlarımıza neçə gündür heç bir yardım göstərilmir. Xoydakı əhaliyə yardım aparmaq istəyənlərin qarşısı isə polislər tərəfindən alınır. Azərbaycanlılara qarşı bu etinasızlığın səbəbi isə onların öz dillərində danışmaları və milli kimliklərini unutmamalarıdır.

Musa BAĞIRLI,

"Respublika".