QÜRUR MƏNBƏYİMİZ
Region

QÜRUR MƏNBƏYİMİZ

Şəhidlik əlçatmaz zirvədir. Özlərinə əbədiyyət heykəli ucaldaraq şəhid adını qazanan igid oğullarımız xalqımızın qəhrəmanlıq tarixində həmişə yaşayacaq və xatırlanacaq. İllər keçsə belə onların Vətəninə, xalqına, millətinə olan sevgisi hər birimiz üçün örnək olacaq.

Ağdaşda qarşıdan gələn Anım günü ilə əlaqədar şəhid ailələrinin ziyarəti davam edir. 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Pirəyir kəndindən olan şəhid Mustafayev Siyasət Azər oğlu, Nehrəxəlil kəndindən olan şəhid Çələbili Vüqar Fərəcullah oğlu və Gürcuva kəndindən olan şəhid Hacıyev Murad Eynulla oğlunun məzarları rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur. Şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında doğmaları ilə birgə onların döyüş yolu barədə ətraflı söhbət açılmış, xatirələri ehtiramla yad edilmişdir. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər. Şəhid ailələrinə sovqatlar təqdim edilib.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Azər Vəli oğlunun doğum günü münasibətilə doğulub boya-başa çatdığı Orta Ləki kəndində inşa edilən xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Açılış mərasimində rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin  nümayəndələri, məktəblilər, şəhidin ailə üzvləri, yaxınları  iştirak edibdi. Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhid Azər Vəliyev haqqında xoş xatirələr yada salındı. Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii kompozisiya təqdim edildi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Vəliyev Azər Vəli oğlu Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda”  medalı ilə təltif edilib.

            Zabit XƏLİLOV,

            “Respublika”.