QURUCU LİDER
Siyasət

QURUCU LİDER

Müstəqil Azərbaycanın memarı və qurucusu, ən mürəkkəb və çətin vəziyyətlərdə düzgün yolu tutmağı bacaran, xalqına bağlı olduğunu Azərbaycanın varlığı naminə göstərdiyi tarixi xidmətləri, sədaqəti, əməli fəaliyyəti ilə təsdiqləyən, azərbaycanlı adı ilə həmişə fəxr edib öyünən ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev şərəfli ömrünü xalqının rifahına, Azərbaycanın qüdrətlənməsinə, müstəqil ölkə kimi dünyada tanınmasına həsr etdi. Müasir Azərbaycan tarixinin ən parlaq, ən işıqlı və ən möhtəşəm səhifələri Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Azərbaycana ilk rəhbərliyi dövründə Sovetlər birliyinin tərkibində olan, Moskvadan idarə edilən Azərbaycanda milli hərbi kadrların hazırlanması ulu öndərin ən böyük arzusu idi.

Məlumdur ki, Heydər Əliyev Azərbaycana ilk dəfə 1969-1982-ci illərdə rəhbərlik etmişdir. Ümummilli lider fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşdırılmasına xüsusi önəm verdiyini əyani surətdə göstərdi. Ulu öndər Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycan iqtisadiyyatı möhkəmləndi, respublikamızda neftmaşınqayırma, kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə böyük nailiyyətlər əldə olundu. Ölkəmiz istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Bu dövr ərzində iqtisadiyyatın inkişaf etdirilməsinə əsaslı vəsait qoyulmuş, 250 iri zavod və fabrik tikilib işə salınmışdır.

Ulu öndərin Azərbaycanda həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ittifaq rəhbərliyinin diqqətini cəlb etdi. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və bu vəzifədə işlədiyi müddətdə ittifaqda mövcud olan ən problemli sahələrin həlli ilə məşğul olaraq həmin sahələrin inkişafını təmin etdi.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı.

Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin mənafeyinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Milli dövlət quruculuğu islahatlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin formalaşdırılması, söz və vicdan azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması sosial ədalət prinsipinə, bəşəri dəyərlərə, Azərbaycan xalqının milli mənafelərinə əsaslanan milli dövlətçilik modelinin formalaşmasını şərtləndirdi. Bu kontekstdə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ilk parlament seçkilərinin keçirilməsi ulu öndərin dövlət quruculuğu islahatlarının əsas nailiyyətləri sırasında xüsusilə diqqət çəkdi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilməsi dövlət quruculuğu tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.

Ümummilli liderin uzaqgörən siyasətinin təntənəsi olan "Əsrin müqaviləsi" ölkəmizin enerji potensialının milli mənafelərə uyğun şəkildə dünya bazarına çıxarılmasına, iqtisadiyyatın digər sahələrinin inkişafına imkan yaratmaqla yanaşı, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi.

Ulu öndərin müəllifi olduğu yeni neft strategiyası həm də Azərbaycanın postsovet məkanında Qərbin transmilli neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət kimi Xəzərdə beynəlxalq əməkdaşlığın əsasını qoyması ilə diqqəti çəkdi. Bakı-Novorossiysk, Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasına dair sazişin imzalanması ilə karbohidrogen ehtiyatlarının ixrac marşrutlarının şaxələndirilməsi təmin edildi. Neft strategiyasının ən böyük uğurlarından olan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Azərbaycan qazının ixracının təmin olunması üçün ümummilli liderin təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı. 1999-cu ildə Heydər Əliyevin müvafiq Fərmanı ilə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəətin, neftin satışından daxil olan vəsaitlərin səmərəli əldə edilməsini, həmin gəlirlərin prioritet sahələrinin inkişafına yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fond karbohidrogen ehtiyatlarının ölkə əhalisinin və gələcək nəsillərin yüksək rifahına, hərtərəfli inkişafına yönəldilməsində səmərəli mexanizmə çevrildi.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastrukturun inkişafı siyasətinin mərkəzində Azərbaycanın nəqliyyat sisteminin beynəlxalq sistemə sürətli və məqsədyönlü inteqrasiyası dururdu.

Ümummilli lider Heydər Əliyev yenidən Azərbaycana rəhbərliyə gələndə müharibə şəraitində yaşayan ölkədə silahlı qüvvələr acınacaqlı durumda idi. Ona görə də ulu öndər siyasi fəaliyyətində, ilk növbədə, bu məsələyə xüsusi diqqət yetirdi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və ardıcıl siyasəti ilə mürəkkəb şəraitdə ordu quruculuğuna yeni məzmun verdi və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoydu.

Azərbaycanda elm və təhsilin inkişafında da görkəmli dövlət xadiminin müstəsna xidmətləri olmuşdur.

2001-ci ilin noyabrında Bakıda Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi həmvətənlərimizin təşkilatlanması prosesində, onların mütəşəkkil qüvvəyə çevrilməsində mühüm rol oynadı. Qurultayda ümummilli lider Heydər Əliyev demişdir: "Gərək biz hamımız birlikdə çalışaq ki, müstəqil Azərbaycan dövləti, onun daxili siyasəti, Azərbaycanda gedən demoqrafik proseslər, Azərbaycanda gedən iqtisadi islahatlar, Azərbaycanda həyata keçirilən hüquqi islahatlar, insan hüquqlarının təmin olunması, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin yaranması və inkişaf etməsi bütün dünyaya çatsın və tanınsın".

Beləliklə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən nəhəng işlər nəticəsində Azərbaycanın qarşısında duran taleyüklü vəzifələr uğurla icra olunmuşdur. Heydər Əliyev Azərbaycanı mürəkkəb geosiyasi şəraitdə, vətəndaş qarşıdurması, hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran burulğanından böyük məharətlə çıxararaq, onun müstəqilliyinin əbədiliyini, sarsılmazlığını və dönməzliyini təmin etmişdir.

Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində uğurla inkişaf edir. Müasir qüdrətli Azərbaycan məhz ulu öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli liderin arzuları reallaşır, dövlətimizin başçısı taleyüklü məsələləri, planları, işləri böyük uğurla həyata keçirir. Bu gün Heydər Əliyev ideyaları, ulu öndərin uzaqgörən siyasəti Azərbaycana, xalqımıza möhtəşəm nailiyyətlər qazandırır. Vətən müharibəsində qazanılan tarixi Zəfər də bu uğurların məntiqi nəticəsidir.

Raul ŞAHVERDİYEV,

Sumqayıt Hərbi prokuroru,

ədliyyə polkovnik-leytenantı.