Qüdrətli Azərbaycanın yeniməz sərkərdəsi
Siyasət

Qüdrətli Azərbaycanın yeniməz sərkərdəsi

27 sentyabr 2020-ci ildə düşmənin növbəti hərbi təxribatlarına və mülkü şəxslərə, ordumuzun mövqelərinə hücumlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Yüksək döyüş hazırlıqlı ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə işğal edilmiş ərazilərimizdə ermənilər tərəfindən möhkəmlənmiş, keçilməsi mümkün olmadığı hesab olunan səddləri dağıtdı, düşməni məhv edərək torpaqlarımızı azad etdi. Vətən müharibəsində düşmənin kapitulyasiyası, Azərbaycanın isə layiqli qələbəsinin öz əksini tapdığı üçtərəfli bəyanat imzalandı. Tarixə 10 noyabr Bəyanatı kimi düşən sənədin imzalanması ilə düşmənlə səngər döyüşləri bitsə də, diplomatiya, informasiya cəbhəsində mübarizə özünün yeni mərhələsinə qədəm qoydu.

Vətən müharibəsi günlərində Prezident İlham Əliyev nüfuzlu xarici kütləvi informasiya vasitələrinə 30-dan artıq müsahibə verdi. Dövlət başçımız uzaqgörən siyasəti ilə yüksək hazırlıqlı beynəlxalq media nümayəndələrinin suallarını əsaslı arqumentlərlə cavablandırdı. Bütün dünyanı məntiqi, dərin biliyi, geniş dünyagörüşü ilə heyrətləndirməyi bacardı. Azərbaycan Prezidenti həmin günlərdə həm də xalq və dövlət maraqları uğrunda mübarizlik nümunəsinə çevrildi. Ali Baş Komandanımız xalqına, dövlətinə olan sonsuz məhəbbətindən, eyni zamanda hər bir azərbaycanlının öz Liderinə olan əvəzsiz sevgisindən və inamından güc aldı. 44 günlük Vətən müharibəsi göstərdi ki, xalq-lider birliyi, xalqın öz liderinə olan inamı, sevgisi və bu sevgi və inamdan yaranan güc qarşıya qoyulan bütün problemləri həll etmək, bütün maneələri aşmaq iqtidarındadır.

 Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın öz haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu reallıqlardan biridir. Beləliklə, Azərbaycan ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqillik və tərəqqi yolunda əmin addımlarla irəliləyərək Zəfər zirvəsinə ucaldı.

Vətən müharibəsindəki qələbəmizdən iki il ötür. İkinci Qarabağ müharibəsində Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdi. Əldə olunan qələbə regionumuzun sülh və əməkdaşlıq bölgəsinə çevrilməsinə imkan yaradıb. Lakin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan və ona dəstək verən havadarlarına qarşı gərgin diplomatik mübarizə aparır. Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi: "Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb".

“Torpaq, uğrunda ölən varsa Vətəndir”, deyib müdriklər. Bizə Zəfər sevinci yaşadan, öz müdrikliyi ilə düşmənə sarsıdıcı zərbələr vuran, tariximizin son 200 ilə yaxın dövrünün ən böyük qələbəsinə imzasını atan müzəffər Ali Baş Komandan ölkəmizə rəhbərliyinin ilk günündən hər bir azərbaycanlının Prezidenti olmağı bacardı, Vətən müharibəsindəki möhtəşəm qələbəsi ilə siyasi, diplomatik cəbhədə olduğu kimi, hərb meydanında da yüksək liderlik keyfiyyətıni bütün dünyaya sübut etdi. Hər zaman öz vətəndaşının yanında olan Prezident İlham Əliyev ərazi bütövlüyümüz uğrunda haqq savaşında qazandığımız Qələbə ilə xalqın könlündə əbədi taxt qurdu. Xalqımız sadə, səmimi olduğu qədər də qətiyyətli, cəsarətli Ali Baş Komandanımızın ətrafında birləşərək dəmir yumruğunu qələbəmizin rəmzinə çevirdi. Qarabağ müharibəsindəki qələbəmiz təkcə ərazi bütövlüyümüzün bərpası deyi, həm də xalqımızın milli ləyaqət, qürur məsələsidir. Məhz cənab İlham Əliyevin yenilməzliyi, möhkəm iradəsi və xalqla birliyi bu gün qürurla qeyd etdiyimiz möhtəşəm qələbəmizi, tariximizin, ərazi bütövlüyümüzün bərpasına nail olmağımızı bizə nəsib etdi. Biz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə öz milli ləyaqətimizi, qürurumuzu özümüzə qaytardıq. Bu Tarixi zəfəri güclü, qətiyyətli, Müzəffər Sərkərdə İlham Əliyevin əzmi, sücaəti sayəsində əldə etdik.

Ramidə YAQUBQIZI,

"Respublika".