QUBA: Toxum səpilir, ting əkilir, yaşıllıqlar salınır
Region

QUBA: Toxum səpilir, ting əkilir, yaşıllıqlar salınır

Quba Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus sahələrdə bu günlər  qızğın iş gedir. Meşə işçiləri gərgin çalışırlar. Əkin sahələrində toxum səpilir, ting basdırılır, ağaclara qulluq  göstərilir. Payız meşə əkini işlərinin gedişi barədə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini, baş meşəbəyi  Fəxrəddin Məmmədquliyev məlumat verərək bildirir ki, iki aydır ki,  meşəbəyiliklərdə payız əkini işləri davam edir. Mövsümə vaxtında hazırlıq işləri görülmüş, meşə sahələrində əkin-səpin aparılması üçün doldurma işləri həyata keçirilmiş, kifayət qədər toxum tədarük olunmuşdur. Bu payız mərkəzin əhatə etdiyi Quba, Qusar, Xaçmaz rayonlarının ərazisində 68 hektarda səpin, 12 hektarda isə ting və toxmacar əkilməsi nəzərdə tutulmuşdur. Artıq 57 hektarda palıd toxumu   səpilmiş, 7,5 hektarda ting və toxmacar əkilmişdir.

Meşə ərazilərimizdə 2,20  hektar tinglik və böyümə sahəsi də mövcuddur. Həmin ərazilər daha da genişləndirilərək burada qoz, yeməli şabalıd, palıd, fıstıq, iydə, ağcaqayın, göyrüş, qovaq və digər meşə cinslərindən ibarət toxumlar səpiləcəkdir. Bu payız 0,80 hektarda səpin işləri aparılacaq, böyümə sahələrində toxmacarlar əkiləcəkdir. 

Hazırda meşəçilərimiz toxum tədarükü ilə də məşğuldur. İndiyədək 5  tondan çox palıd toxumu tədarük etmişik. Hazırda bütün meşəbəyiliklərdə bu işlər həyata keçirilir. Məlumat üçün deyim ki, Vəlvələ, Alpan, Həzrə, Quba, Xaçmaz, Xudat meşəbəyiliklərində daha çox əkin və səpin işləri aparılır, toxum  tədarük olunur. Noyabr ayının sonuna kimi meşəbəyiliklərdə payız əkini  işlərinə yekun vurulacaqdır.

Meşə təsərrüfatının işçiləri əkin-səpin işləri ilə bərabər, meşə əkinlərinə aqrotexniki qulluq göstərilməsini də davam etdirir. Baş meşəbəyi bildirir ki,  meşə ərazilərinin əksəriyyəti dağlıq olduğundan, burada suvarma və texniki işlər görmək mümkün olmur. Tərəfimizdən sualtı meşə əraziləri suvarılır, ağaclara texniki qulluq göstərilir. Yeri gəlmişkən deyim ki, yay aylarında yanğına məruz qalmış meşələrimizdə bərpa işləri də aparırıq.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.