Qələbənin igidləri
Region

Qələbənin igidləri

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək keçmiş cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistanın işğalçı dəstələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatları başladı və 44 gündən sonra şanlı Qələbə qazanıldı.

Qələbə igid oğullarımızın qanı və canı bahasına əldə olundu, onların qəhrəmanlığı sayəsində uzun illər ərzində işğal altında qalan torpaqlarımız düşməndən təmizləndi, "dəmir yumruq" erməni silahlı qüvvələrini ağır məğlubiyyətə uğratdı. Vətən məhəbbəti, yüksək döyüş ruhu, düşmənə sonsuz nifrət əsgər və zabitlərimizin qanını coşdurdu, gücünü artırdı. Torpaq uğrunda canını fəda edən vətən övladı əslində ölmür, ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bundan böyük hünər, bundan yüksək ucalıq ola bilərmi?! Elgün Paşayev də həmin ucalığa yüksəlib.

Hələ uşaq yaşlarında Elgün Ermənistanın hərbi təcavüzünün ağır nəticələrini görüb, ailəsinin məcburi köçkün həyatı onun qəlbində dərin iz buraxıb, yeniyetməlik dövründə xarakterinin möhkəmlənməsinə səbəb olub. Birinci Qarabağ müharibəsi zamanı Elgünün ailəsi Sabirabad rayonuna pənah gətirib. Qalaqayın kəndində məskunlaşan və müharibənin ağır günlərini yaşayan ailədə bir oğlan uşağı dünyaya gəlib. Onun adını Elgün qoyublar. Qalaqayın kənd 1 saylı tam orta məktəbdə təhsil alıb. Ailəsinin Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsinə köçməsindən sonra buradakı 27 saylı tam orta məktəbdə orta təhsilini başa vurub. Gənclik arzuları ilə yaşayan Elgün 2012-ci ildə dövlət sərhəd xidməti qoşunlarında həqiqi hərbi xidmətə başlayıb. Nümunəvi əsgər olub, sərhədlərimizi göz bəbəyi kimi qoruyub. Ordudan tərxis olunduqdan sonra Elgün ailə həyatı qurub, iki övladı dünyaya gəlib.

2019-cu ildə Elgün müddətdən artıq hərbi xidmət keçmək üçün səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon şöbəsinə müraciət edib. Onun arzusu yerinə yetirilib. Bir ildən bir qədər artıq hərbi xidmətdə olan Elgün kiçik çavuş rütbəsinə layiq görülüb. Vətən müharibəsi başlayanda ilk döyüşə atılanların sırasında Elgün də olub. Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edən Elgün düşmən sədlərinin yarılmasında şücaət göstərib. 2020-ci il sentyabrın 27-də şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun müddətdən artıq hərbi qulluqçusu Elgün Paşayev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Elgün İlham oğlu Paşayevin doğum günündə əziz xatirəsi anılıb, məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, döyüş yoldaşları, məktəblilər, qazilər və qəsəbə sakinləri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər Vətən müharibəsində qəhrəmanlıq göstərən və döyüş meydanında düşmənə qan udduran oğulların fədakarlığından söz açıblar. Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Qəhrəman kiçik çavuş Elgün Paşayevin Vətən sevgisindən və qısa, lakin şərəfli ömür yolundan danışıblar.

Vətəni, torpağı canından artıq sevərək şəhid olanlar ən uca məqama yüksəlir, əbədiyaşar ömür qazanır, yaddaşlarda yaşayır və gələcək nəsillər üçün əsl örnəyə çevrilirlər.

Salman ALIOĞLU,

"Respublika".