Qax: Fındıq istehsalında uğurlu nəticə
Region

Qax: Fındıq istehsalında uğurlu nəticə

Yüksək ixrac potensialına malik fındıq istehsalının artırılması istiqamətində son illər Qax rayonunda   mütəmadi işlər görülür və fındıq bağlarında bu məqsədlə zəruri aqrotexniki tədbirlər həyata keçirilir. Bununla yanaşı, həm də bağ sahələrinin genişləndirilməsinə xüsusi diqqət verilir.

Rayonda 2016-2020-ci illər ərzində 3392 hektar ərazidə yeni fındıq bağları salınaraq, onların sahəsi 10210 hektara çatdırılıb və həmin bağların 6228 hektarı barverəndir. Yeni  bağların 700 hektarı rayonda fəaliyyət göstərən və fındıqçılıq sahəsində ixtisaslaşan "Monte-Ferro" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən salınıb  və həmin bağlarda damcılı suvarma tətbiq olunur. 

Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, yüksək ixrac potensialına malik fındıq istehsalının artırılması istiqamətində işlər davam etdirilir və bu istiqamətdə uğurlu nəticələr qazanılır. Ötən müddət ərzində fındıqçılıq sahəsində kooperasiyanın təşkilinə də xüsusi diqqət verilmiş və Turaclı kəndində 350 hektar bağ sahəsinin mülkiyyətçisi olan  96 ailəni birləşdirən “Ata baba” fındıq istehsalı  kooperativinin yaradılması ilə  bağlı  26 aprel 2019-cu il tarixdə təsis yığıncağı keçirilmişdir. Hazırda kooperativdə birləşən ailələrin sayı 130 nəfər, bağların sahəsi 510 hektar təşkil edir.  

 Son iki il ərzində rayonda orta hesabla hər il beş min ton yüksəkkeyfiyyətli məhsul istehsal olunmuşdur.  Məhsul istehsalının artırılması üçün mülkiyyətçilər tərəfindən aqrotexniki tədbirlərin tələb olunan səviyyədə aparılmasına  ciddi münasibət göstərilməsinin nəticəsidir ki, cari ildə rayonda  6 min tona yaxın yüksəkkeyfiyyətli məhsul istehsalı gözlənilir. Bu hesaba əhali təsərrüfatlarına təxminən 18-19 milyon manata yaxın vəsait daxil olacaqdır ki, bu da onların sosial rifahının yaxşılaşmasında önəmli rol oynayacaqdır.

M.NƏRİMANOĞLU,
“Respublika”.