Qarşılıqlı etimada əsaslanan əlaqələr
Digər xəbərlər

Qarşılıqlı etimada əsaslanan əlaqələr

Son illər Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələr sürətlə inkişaf edir. İki ölkənin çox güclü siyasi əlaqələri strateji tərəfdaşlığın güclü təməlini təşkil edir. 2018-ci ildə İtaliya senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərləri, həmçinin 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya geniş tərkibli rəsmi dövlət səfəri Azərbaycan və İtaliya arasındakı mövcud əlaqələrin daha dinamik inkişafından xəbər verir.

Qarşılıqlı dövlət əhəmiyyətli sənədlərin mübadiləsi hər iki dövlətin gələcəkdə də əməkdaşlıqdan məmnunluğunun bariz nümunəsidir. Ölkələrimiz arasında 2014 və 2020-ci illərdə strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzalanıb. Azərbaycan və İtaliya arasında imzalanmış "Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə" iki dövlət arasında gələcəkdə həm siyasi, həm iqtisadi, həm də strateji əməkdaşlığın daha da inkişaf etdirilməsini özündə ehtiva edən ən mühüm sənədlərdən biridir. Bu səfərlər, müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında güclü əlaqələrin olduğunu göstərir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya növbəti dövlət səfəri edib. Azərbaycan Prezidentinin İtaliyaya bu uğurlu səfəri iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Səfər çərçivəsində Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella, İtaliya Respublikası Nazirlər Şurasının sədri Mario Draqi ilə görüşüb, Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında, həmçinin 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak edib. Forumda ölkə başçısının "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı mühüm əhəmiyyət daşıyır. Bu çıxışı ilə cənab Prezident enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu beynəlxalq aləmə bir daha bəyan edib. Azərbaycan artıq dünyanın enerji təhlükəsizliyi sahəsində də təşəbbüskarlıq göstərir. Prezident İlham Əliyev forumdakı çıxışında bu baxımdan Azərbaycanın rolunu xüsusi qeyd edib: "İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu".

Ölkə başçısı çıxışında Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi məsələlərinə də toxunub: "Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır", - deyə vurğulayıb. İtaliya Azərbaycanın ən əsas xarici ticarət tərəfdaşlarından biridir. Bu gün İtaliya Azərbaycanla beynəlxalq layihələrdə əməkdaşlıq edir, belə ki, Azərbaycan qazı Cənubi Qaz Dəhlizi vasitəsilə (TAP Avropa hissəsi) İtaliyaya çatır.

Diqqətçəkən məqam odur ki, Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı Azərbaycandır. İtaliya Cənubi Qafqazda ticarətinin 95 faizini Azərbaycanla aparır. Ötən il iki ölkənin ticarət dövriyyəsi 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb. Forumda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Artıq Azərbaycan nəinki İtaliyada, ümumiyyətlə dünyada neft və qaz ixrac edən ölkəyə çevrilib. Bu gün dünyanın inkişaf etmiş ölkələri Azərbaycanla enerji sahəsində əməkdaşlığa maraqlıdır. Bu istiqamətdə yeni sənədlərin imzalanması Azərbaycanın enerji bazarının genişləməsinə imkanlar yaradır.

Azərbaycanın İtaliya ilə əməkdaşlığı strateji və uzunmüddətli xarakter daşıyır. Çox müsbət haldır ki, iki ölkə arasında humanitar sahədə də əməkdaşlıq inkişaf edir. Belə ki, bu il aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi olub.

Qeyd edək ki, təməli qoyulan bu universitet Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. İtaliya-Azərbaycan Universiteti ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. Prezident İlham Əliyev forumda çıxışında bu məsələyə də toxunaraq siyasi dialoqun fəal olduğunu və ikitərəfli gündəliyə yeni, vacib mövzuların daxil edildiyini və onlardan birinin də bu təhsil ocağı olduğunu vurğulayıb. Xatırladaq ki, ötən il ADA Universiteti ilə İtaliyanın 5 universiteti arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Nəzərə çatdıraq ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut - Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.

Təhsil sahəsində yeni genişmiqyaslı əməkdaşlığın başlanması İtaliya-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcək. Heç şübhəsiz ki, iki ölkə gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək.

Bu gün Azərbaycan və İtaliya qarşılıqlı olaraq, bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır. İtaliya Avropa Birliyi ilə ölkəmiz arasında əlaqələrə hər zaman dəstək olur, Azərbaycanı, həmçinin Avro Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Eyni zamanda 2020-ci il İtaliyada "Azərbaycan ili" elan olunub. Bütün bunların fonunda Prezident İlham Əliyevin İtaliyaya dövlət səfərini, eləcə də Beynəlxalq Çernobbio Forumunda çıxışını Azərbaycanın xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirmək olar.

Gülzar İBRAHİMOVA,

Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru,

siyasi elmlər üzrə elmlər doktoru, professor.