Tarixi hadisələrin, qürurlu anların şahidi oluruq
Digər xəbərlər

Tarixi hadisələrin, qürurlu anların şahidi oluruq

Tarixinə və taleyinə yadellilər, işğalçılar, daşnaklar, separatçılar tərəfindən ağır zərbələr vurulan xalqımız heç zaman davranışını, qayğıkeşliyini, insanlığını, mərhəmətini itirməyib, qisasçılıqdan, etnik nifrətdən, kin-küdurətdən həmişə uzaq olub. Çox təəssüf ki, vaxtilə torpaqlarımıza köçürülən şovinist ermənilər bütün bu insani keyfiyyətlərdən məhrum olublar, azərbaycanlılara qarşı terroru, təxribatı, işğalı, soyqırımı iki əsrdən çox davam etdiriblər. Azərbaycanın ən səfalı, gözəl guşələrində məskunlaşan erməni daşnaklar öz çirkin niyyətlərini çox gizlədə bilmədilər. Torpaq iddiasına başladılar deyirdilər və yazırdılar ki, Qarabağ, Şərqi Zəngəzur erməni torpaqlarıdır. Hətta sovetlər birliyi dönəmində erməni şovinistlər dəfələrlə yüksək səviyyələrdə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini irəli sürürdülər. Gizli şəkildə terror hadisələri törədirdilər.

Moskvaya torpaq iddiası ilə bağlı minlərlə məktublar göndərən erməni millətçilər bildirirdilər ki, onlar "Dağlıq Qarabağ"da fiziki və mənəvi təzyiqlərə məruz qalırlar. Ağ yalan söyləyən ermənilər keçmiş SSRİ rəhbərləri ilə də görüşür, onların qarşısına iddia və tələblər qoyurdular. Bu barədə kifayət qədər faktlar var, erməni millətçilərinin həyasızlığını, xəbis məkrini, bicliyini sübut edən tək bir fakta nəzər salaq. 1964-cü ildə Krım Rusiyanın tərkibindən çıxarılıb Ukraynaya veriləndə A.Mikoyan (əsl daşnak) zamanın onların xeyrinə işləyəcəyini, əlverişli məqam olduğunu düşünüb və Dağlıq Qarabağla bağlı SSRİ-nin baş katibi Xruşova yenidən müraciət edib. Yoldaşlıq münasibətlərinin olmasına baxmayaraq, Mikoyanın bu bezdirici təklifi sovet rəhbərini özündən çıxarıb və bu məsələyə birdəfəlik son qoymaq üçün Mikoyana bir cümlə ilə cavab verib: "Yoldaş Mikoyan, siz bu təklif və təkidlərinizlə məni Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi ilə bağlı sərəncam imzalamağa məcbur edirsiniz". Beləliklə, bu dəfə də erməni daşnakların Qarabağ xülyası baş tutmayıb, Xankəndidə cavab gözləyən erməni millətçilərini Xruşov məyus edib. Haqq üçün deyək ki, keçmiş sovetlər birliyinin rəhbərləri ermənilərin bu avantürasına heç zaman getməyiblər, təkcə M.Qorbaçovdan başqa. Onun hakimiyyəti illərində keçmiş Dağlıq Qarabağ münaqişəsi başlandı və gündən-günə alovlandı. Erməni millətçilər yazır və rəhbərləri qorxudurdular ki, Ermənistan hazırda partlayıcı ilə dolu, ilk qığılcımda alışmağa hazır olan böyük bir kürəyə bənzəyir.

1988-ci ildə münaqişənin qanlı mərhələsi başlandı, erməni daşnak dəstələri keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlıları tarixi-etnik torpaqlarından qovdu. Cəzasız qaldıqları üçün gündən-günə azğınlaşan ermənilər öz çirkin niyyət və planlarını gizlətmir, silahlı hücumlarla yerli azərbaycanlı əhalini qətlə yetirir, maşınları, evləri partladırdılar. Torpağımıza pənah gətirən və burada asudə yaşayan erməni şovinistləri xalqımıza qarşı xəyanət etdilər. Erməni hiyləgərliyi ilə dəfələrlə deportasiyalar, soyqırımları, təxribatlar törədən daşnak erməni quldurların əlləri azərbaycanlıların qanına bulaşıb, yaxın qonşusuna, dostuna xəyanət etməkdən çəkinməyiblər. Südü pozuq, zatı qırıq, cılız, qorxaq, satqın erməni cinayətkarlar türkün qatı düşməni kimi bütün dövrlərdə dalda-bucaqda gizlənərək qadınlara, uşaqlara, qocalara atəş açıblar, qətllər törədiblər, sərnişin avtobuslarını, qatarları partladaraq yüzlərlə azərbaycanlının həyatına son qoyublar. 1988-1993-cü illərdə erməni millətçiləri havadarlarının köməyi ilə həm Qərbi Azərbaycandan, həm də Qarabağ və Şərqi Zəngəzurdan azərbaycanlıları didərgin salıblar, qadınları, uşaqları, xəstələri qətlə yetiriblər. 30 il torpaqlarımızı işğal altında saxlayan erməni caniləri 8 şəhəri və 300-dən çox kəndimizi xarabalığa çeviriblər, qəbiristanlıqlarımızı məhv ediblər, tarixi-dini abidələrimizi söküblər. Bütün bu iyrəncliyi qəsdən, xüsusi qəddarlıqla, etnik nifrət zəminində törədiblər. Bir tərəfdən də Ermənistan bütün bu illər ərzində sərhəddə, təmas xəttində təxribatlar törədir, yeni ərazilər iddiası irəli sürürdü.

Bütün bu təxribatlara baxmayaraq, Prezident İlham Əliyev böyük qətiyyətlə, çoxşaxəli, prinsipial, dürüst xarici siyasət yürüdür, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal iş aparır, sıx əlaqələr qurulur, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirir, ölkəmizin nüfuzunu artırırdı. Və nəhayət, gün gəldi ki, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi. Ermənistan isə Azərbaycana qarşı təxribatlarını durmadan artırır, yeni ərazilər işğal etməyə cəhd göstərirdi. Üç il bundan əvvəl, 2020-ci il 27 sentyabr günü tariximizin dönüş günü kimi yaddaşlarda qalacaq. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, düşmən ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələri, yüksək döyüş taktikası, peşəkarlığı düşmən ölkənin hərbi qüvvələrini qorxuya saldı, mənəvi-psixoloji və hərbi üstünlüyümüz yağıları diz çökməyə vadar etdi. Vətən müharibəsində Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın Qarabağın üzərinə bulud kimi çökmüş terrorçu rejimin də, Ermənistanın da belini sındırdı, düşmən ölkə diz çökərək məğlub oldu. Qarabağ və Şərqi Zəngəzur erməni işğalından azad edildi, cəmi 44 günə düşmənin silahlı qüvvələri darmadağın edildi, tariximizin ən şərəfli səhifəsi yazıldı. İkinci Qarabağ müharibəsində ordumuzun bölmələri dinc erməniləri hədəfə almadı, yalnız döyüş meydanında öz gücünü və peşəkarlığını göstərdi. Bəs Ermənistan nə etdi?! Öz xislətlərinə uyğun dinc əhalimizi hədəfə alaraq Gəncə, Tərtər, Bərdə şəhərlərini raket atəşinə tutdu, qadınlar, uşaqlar həlak oldu. Şəhidlərin qanı yerdə qalmadı, qəhrəman ordumuzun bölmələri döyüş meydanında, savaş səngərində qisasımızı aldılar. Ermənistan kapitulyasiya aktını imzaladı və üçtərəfli Bəyanatın şərtlərinə görə üzərinə bir sıra öhdəliklər götürdü.

Lakin müharibədən keçən üç il ərzində Ermənistan heç bir öhdəliyi yerinə yetirməyərək Xankəndidə və ətraf ərazilərdə ordu formalaşdırır, səngərlər və istehkam qurğuları yaradır, bölgəyə silah-sursat göndərirdi. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanı olub. Xankəndidəki xunta rejimi isə "prezident" seçkisi keçirir, "blokada", "aclıq" qışqırır, sonadək mübarizə aparacaqlarını bildirirdilər. Eyni zamanda, erməni quldurlar yollara minalar basdırır, mülki əhaliyə və hərbçilərimizə qarşı terror törədirdilər. Sentyabrın 18-də iki mülki şəxs və 4 nəfər polis işçimiz həmin minaların qurbanı oldu. Xankəndi həyasız, sırtıq, qaniçən, saxtakar, böhtançı rejimin yuvasına çevrilmişdi. Sentyabrın 19-da səhər tezdən Qarabağın dağlıq hissəsində erməni silahlı qüvvələrini, daşnak qoşunlarını, separatçıları və şovinistləri tərk-silah etmək üçün antiterror tədbirlərinə başlanıldı. Lokal xarakterli antiterror tədbirlərin ilk saatlarında erməni mövqeləri, hərbi texnikaları, istehkamlar dəqiq və sərrast zərbələrlə dağıdıldı, qanunsuz erməni qoşununa ağır zərbələr vuruldu. Sözün əsl mənasında, qasırğa effekti ilə başlayan antiterror tədbirlərindən 23 saat keçməmiş xunta rejimi, Ermənistan ordusunun tör-töküntüləri ağ bayraq qaldırdı, Azərbaycanın şərtlərini qəbul etdiklərini bildirdilər. Dövlətimizin başçısı, qalib Ali Baş Komandan İlham Əliyev sentyabrın 20-də axşam saatlarında Azərbaycan xalqına müraciətində bildirdi ki, əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Kimlərəsə arxalanan, onlara vəd verənlərə inanan, antiterror əməliyyatları başlayarsa terrorçulara köməyə gələcəklərini bildirən bəzi ermənipərəst qüvvələrin gizlənməsi nəticəsində xunta rejimi, qanunsuz erməni silahlı qoşunu sonda Azərbaycan əsgəri ilə üz-üzə qaldı və onun hünəri sayəsində diz çökdürüldü.

Bir günə antiterror tədbirlərini başa çatdıran, bütün qələbələrimizin memarı, cəsur sərkərdə, Qarabağ fatehi, Prezidentimiz İlham Əliyevin böyük humanistliyi sayəsində Xankəndidə və ətraf ərazilərdə yaşayan dinc erməni ailələri zərər görmədilər. Dövlətimizin başçısı xalqımıza müraciətində qətiyyətlə və möhkəm inam hissi ilə bildirdi ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

Azərbaycanlılar qayğıkeşliyi, mənəviyyatı, münasibəti, davranışı ilə dünyaya sübut etdi ki, onlar heç zaman qadına, uşağa güllə atmayıblar, onları vəhşiliklə qətlə yetirməyiblər, əksinə, erməni yaralısına, qocalara, uşaqlara, qadınlara yardım göstərib, pisliyə, yamanlığa yaxşılıqla cavab verirlər. Son günlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçən erməni ailələrinə hərbçilərimiz, polis işçilərimiz tərəfindən qayğı göstərilir, onlara ərzaq və su yardımı edilir, xəstələrə həkim köməyi göstərilir. Dinc ermənilər isə iki xalqın arasına düşmənçilik salanları lənətləyir, azərbaycanlılarla dostluqlarından söz açırlar. Separatçıların təhriki ilə girovluqda qaldıqlarını etiraf edirlər. Mülki ermənilər Laçın sərhəd-keçid məntəqəsindən asudə şəkildə keçərək gedir, çoxları isə bildirir ki, mütləq geri qayıdacaqlar.

Salman ALIOĞLU,

"Respublika".