Qardaş ölkənin yanındayıq
Türk dünyası

Qardaş ölkənin yanındayıq

Bu il fevralın 6-da Türkiyədə dəhşətli zəlzələlər baş verdi. Təbii fəlakət qardaş ölkədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələlər vurduğu ziyana və səbəb olduğu insan tələfatına görə "Əsrin fəlakəti" adlandırılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo

ğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan etmişdi. Ocağı Kahramanmaraş şəhərindəki Pazarcık rayonunda olan zəlzələnin gücü 7,7 bal olmuşdur. 9 saat sonra qeydə alınan və episentri eyni şəhərin Elbistan rayonu olan zəlzələ isə 7,6 maqnitudalıdır. Təəssüf ki, yeraltı təkanlar sadəcə bunlarla yekunlaşmayıb. Daha sonra bölgədə 6,6 maqnitudayadək 4700-dən çox afterşoklar baş verib. Sözügedən təbii fəlakətlər Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib. Bundan başqa, zəlzələlər, həmçinin Türkiyə və Suriyada böyük dağıntı və on minlərlə itkiyə səbəb olub. Bu baxımdan, hadisə baş verən ərazilər də daxil olmaqla, Türkiyənin 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Zəlzələdən həyatını itirənlərin sayı hazırda 40 min nəfərdən çox olsa da, gün keçdikcə bu say artmağa davam edir. Təbii fəlakət zamanı həyatını itirənlər arasında 4 azərbaycanlı tələbə də var.

Hadisədən iki gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əraziyə gedərək axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub. Dövlət başçısına son vəziyyət barədə məlumat verilib. Azərbaycan hər zaman olduğu kimi, bu kədərli gündə də qardaş ölkənin yanındadır. Zəlzələdən dərhal sonra Azərbaycanda yardım toplanmasına başlanılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Əraziyə zərərçəkmişlərin müvəqqəti yaşaması üçün konteynerlər göndərilib. Bundan əlavə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardımlar davam edir. Türkiyəyə göndərilən yardımlara, həmçinin sıravi vətəndaşlarımızdan tutmuş xaricdə yaşayan soydaşlarımız, müxtəlif dövlət və özəl müəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları da qoşulublar. Dövlətimizin Türkiyəyə etdiyi yardımlar qardaş ölkənin mediasında da paylaşılaraq böyük rəğbətlə qarşılanıb. Belə ki, "Hürriyet" qəzeti "Bakıdan 135 TIR yardım" sərlövhəli məqalə yayımlayıb. Sözügedən məqalədə zəlzələdən zərərçəkən insanlara yardım toplanması məqsədilə Azərbaycanda başladılan "Qardaş dəstəyi" kampaniyası çərçivəsində 135 TIR və ərzaq məhsulları, içkilərin olduğu 26 vaqonun göndərildiyi qeyd olunub. Yardımlar davam etməkdədir.

Əfsuslar olsun ki, Türkiyənin yarası hələ qaysaq bağlamamış, fevralın 20-də Hatay vilayətində 6,4 bal, bu vilayətin Samandağ rayonunda isə 5,8 bal maqnitudalı zəlzələ baş vermişdir. Təbii fəlakətlər nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.

Nəzrin ELDARQIZI,

"Respublika".