Qardaş müttəfiqliyi yenilməz güc mənbəyidir
Türk dünyası

Qardaş müttəfiqliyi yenilməz güc mənbəyidir

Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanında olmaqla yeni reallıqlar yaradır

Tarixi dostluq, qarşılıqlı etimad, etibar, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni doğmalaşdırıb, sevincli, kədərli günlərdə bir-birinin yanında edib. Türkiyə və Azərbaycan xalqlarının yaxınlığı bütün sahələrdə özünü göstərir. Dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir.Daim Azərbaycanın yanında olduğunu verdiyi dəstəklə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin rəsmiləri də dəfələrlə vurğulayırlar ki, Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla yanaşı, həm də sarsılmazdır. 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır", - deyən Prezident İlham Əliyevin sözləri artıq reallıqdır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 44 gün davam edən İkinci Qarabağ müharibəsində azad edilməsində siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən qardaş ölkə ilə Azərbaycanın birlik və həmrəyliyi əsrlərə söykənən tariximizin, soykökümüzün əbədiyyət rəmzidir. 2020-ci il dekabrın 10-da "Dəmir yumruq" əməliyyatının Qələbə müjdəsi olan Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə qəbul edən Prezident İlham Əliyevin məğrur görünüşləri, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğunun tərənnümü idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

"Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik". Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib. Bu il sentyabr ayının 12-13-də sərhədlərimizdə Ermənistanın növbəti, həm də genişmiqyaslı təxribatı bir daha sübut etdi ki, onlar 44 günlük müharibədən lazımi nəticə çıxarmayıblar.

Azərbaycan hər zaman regionda dayanıqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir. "Azərbaycan ilə Ermənistan arasında həyata keçirilən prosesləri dəstəkləyərək bu fürsətin dəyərləndirilməsi üçün çox mühüm addımlar atırıq". Bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər baş verən qarşıdurmalara baxmayaraq, iki ölkə arasında ən qısa zamanda hərtərəfli sülhün yaranacağına əminliyini ifadə edib. Türkiyə Prezidenti deyib: "Azərbaycanlı qardaşlarımızın haqlarını və gələcəklərini qurmaq istiqamətində apardıqları mücadilədə daim onların yanında olmağa davam edəcəyik". Bu, bir daha ölkələrimiz arasındakı dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Atılan bu cür qəti addımlar Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səylərinin əməli ifadəsidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin örnəyini nümayiş etdirmişdir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə "qardaşım" deyərək müraciət etmələri xalqlarımız üçün qürur, dünya birliyi üçün nümunədir. Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla, qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə yeni reallığı nümayiş etdirirlər.

44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır. Türkiyə postmüharibə dövründə də Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq səviyyədə inamla müdafiə edir, regionda və işğaldan azad olunmuş ərazilərdə görülən işlərdə ölkəmizə dəstək göstərir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki güclü, nüfuzlu dövlətin birgə təşəbbüsləri regionda təhlükəsizlik mühitinin güclənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə əvəzsiz töhfədir. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı səfərlər edirlər. Bu, həm rəsmi, həm də qonaq qismində olan səfərlər olur. Hər iki dövlət başçıları ölkələrinin ictimai, siyasi və sosial həyatlarında baş verən önəmli hadisələrdə biri-birinin yanında olurlar. Ölkələrimizin strateji müttəfiqlik münasibətləri bütün sahələrdə uğurla inkişaf etdirilir.

Müharibədən sonrakı dövr ərzində bu əməkdaşlıq yeni iqtisadi perspektivlərlə inkişaf etdirilir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərirdi. İlk rəsmi qarşılanma mərasimi Türkiyə Prezidenti üçün təşkil edilmişdi. Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunan torpaqlara ilk rəsmi səfər edən dövlət başçısı oldu. Bu iki qardaş ölkənin həmrəyliyinin məntiqi davamı idi. Hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək. Qeyd edək ki, yaxın günlərdə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Azərbaycan Prezidenti qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək. Türkiyə Prezidenti məmnunluqla bildirib ki, bununla əlaqədar Azərbaycana səfər edəcək.

"İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq". Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də Rize-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu qlobal layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, eyni zamanda, ən çətin anlarda iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə olmaqla, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan qardaş Türkiyə dövləti ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatmasına səbəb olub. Biz buna Azərbaycan və Türkiyənin dövlət başçılarının qətiyyətli və prinsipial mövqeyində, eləcə də Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin vahid media platformasından çıxış edərək dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahid olduq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər Azərbaycana qarşı hücumlarını artıran Ermənistanı təxribatlara son qoymağa çağırıb. ABŞ-a səfər edərkən jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan deyib: "Ermənistanın hücumlarına qarşı Azərbaycan başladığı əməliyyatı tamamladığını bildirir. Əməliyyat bitdiyinə görə Türkiyənin Şuşa müqaviləsinə əsasən bölgəyə hərbi birləşmə göndərməsindən söhbət gedə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevdən aldığım məlumata görə, azərbaycanlı qardaşlarımız təhlükənin qarşısını alıblar. Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəlki öhdəliklərinə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi vacibdir. Arzumuz budur ki, regionda aparılan normallaşma prosesi uğurla yekunlaşsın, sülh bərqərar olsun, sabitlik daimi təmin edilsin".

"İki dövlət, tək millət" şüarı ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimiz inkişaf edib, daha da irəliləyəcək və güclənəcək. Türkiyə dünən olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da olacaq. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıda bilməz.

Mustafa KAMAL,

"Respublika".