Qanunçuluğun etibarlı müdafiəsi
Digər xəbərlər

Qanunçuluğun etibarlı müdafiəsi

Azərbaycan Respublikası Prokurorluğu bir əsrdən çox tarixi inkişaf yolu keçmişdir. Bu şərəfli yolda daim qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, siyasi bitərəflik kimi əsas prinsipləri rəhbər tutmaqla fəaliyyət göstərmiş, daim dövlətin və cəmiyyətin maraqlarına xidmət etmişdir.

Ulu öndər Heydər Əliyevin “Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır” sözlərinin davamı olaraq prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsi sahəsində həyata keçirilən hüquq islahatlar həqiqətən bu gün də prokurorluq orqanlarına dövlət tərəfindən göstərilən diqqəti bir daha təsdiq edir.

Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində olan siyasi ideologiyasının, dövlətçilik amalının, müdrik idarəetmə siyasətinin ləyaqətli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına daim etimad göstərilir.

Prokurorluq orqanlarına verilən yüksək dəyərin və qayğının təzahürü kimi ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabrın 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi təntənəli şəkildə qeyd edilir.

 Prezident İlham Əliyevin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilmiş Kamran Əliyevin yüksək peşəkarlıq təcrübəsinə, idarəetmə bacarığına və qətiyyətli mövqeyə malik olması prokurorluq orqanlarının davamlı tərəqqisinə zəmin yaratmışdır. Dövlət başçısı Baş prokuroru qəbul edərkən verdiyi tapşırıqlar, yüksək maddi-texniki və sosial təminatın, peşəkar və gənc kadr korpusunun formalaşdırılması istiqamətində atılan addımlar, uğurla həyata keçirilən ardıcıl islahatlar öz müsbət nəticəsini verməkdədir.

Ölkəmizdə davamlı şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə hakimiyyətinin bir qolu olan Azərbaycan Respublikası Prokurorluğunun inkişafı istiqamətində də öz töhfəsini vermişdir. Hər il olduğu kimi, cari ildə də mühüm dövlət təsisatlarından biri kimi prokurorluq orqanlarının normal fəaliyyəti üçün zəruri təminatlar sistemi yaradılması istiqamətində məqsədyönlü işlər görülmüşdür.

Prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi, qanunların müddəalarına prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönələn normaların daxil edilməsi cənab Prezidentimizin sözügedən orqana və əməkdaşlarına göstərdiyi hərtərəfli dəstəyin parlaq təzahürüdür.

Hüquq-mühafizə funksiyasını həyata keçirən prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeniliklərə cavab verməsi və prokurorluq orqanları əməkdaşlarının fəaliyyətlərinin səmərəli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni sturukturu təsdiq edilmiş, Mərkəzi Aparatın tərkibinə daxil olan idarələrin sayı artırılmışdır.

Gündən-günə müasirləşən Azərbaycan Respublikası Prokurorluğu prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi və infrastrukturun yaxşılaşdırılması istiqamətində qurumun əməkdaşları tərəfindən xidməti fəaliyyətin prioritet vəzifələrinin həyata keçirilməsi zamanı vətəndaş məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi məqsədilə müasir standartlara cavab verən yeni inzibati bina kompleksi ilə təchiz edilməsi xüsusi qeyd edilməlidir.

Dövlətin daxili funksiyasının mühüm sahəsi olan, stabilliyin və sabitliyin təməli kimi cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Respublikası Prokurorluğu yarandığı ilk günlərdən etibarən özünəməxsus strategiya və taktikası ilə öhdəsinə düşən vəzifələrin icrası zamanı cinayətkarlığa qarşı mütəşəkkil və sistemli mübarizəni həyata keçirir və keçirməkdədir.

Prokurorluq orqanlarında həyata keçirilən kadr islahatları Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin məntiqi davamı olmaqla prokurorluq orqanlarına qulluğa qəbulun müsabiqə yolu ilə şəffaf prosedurlar əsasında həyata keçirilməsi, zəruri hüquqi biliklərə və peşə hazırlığına malik, ixtisaslı və səriştəli hüquqşünasların qulluğa qəbuluna möhkəm zəmin yaratmışdır.  

Azərbaycan Respublikasının tarixində silinməz iz qoyan 44 günlük haqq savaşında əldə edilən möhtəşəm qələbə nəticəsində Azərbaycan xalqı hər zaman olduğu kimi, bir daha dəmir yumruq altında birləşərək öz əzmini, şücaətini və qorxmaz olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurlu və dönməz hərbi əməliyyatlarının nəticəsi olaraq əzəli torpaqlarımızın erməni işğalından azad edilməsi, bu ərazilərə böyük qayıdışın, yenidənqurma işlərinin həyata keçirilməsi, idarəetmənin təşkili məqsədilə hər rayon üzrə, eləcə də Kəlbəcər rayonu üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyət göstərməsi, həmin ərazilərdə müxtəlif güc strukturlarının, o cümlədən ərazi hərbi prokurorluqların yaradılması xüsusi əhəmiyyət kəsb etmişdir.  

Əzəli və əbədi Azərbaycan torpağı, respublikanın ən böyük coğrafi ərazisi Kəlbəcər rayonunun işğaldan azad olunması ilə rayonun dirçəlişi istiqamətində quruculuq və bərpa işlərinə start verilməsi qarşıya qoyulmuş hədəflərə nail olunmasında, layiqli həyat şəraitinin təmin edilməsində başlıca əhəmiyyət daşıyır. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında cənab Prezidentin Fərmanı bu sahədə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasında əhəmiyyətli təkan rolunu oynamışdır.  

Müraciətlərə baxılması, qoyulmuş məsələlərin vaxtında və obyektiv həlli, vətəndaşların qəbulu digər dövlət orqanları kimi, prokurorluq orqanlarının da fəaliyyətinin əsaslarından birini təşkil edir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən Vətən müharibəsi iştirakçılarını, döyüş əməliyyatlarında sağlamlıqlarını itirmiş şəxsləri və şəhidlərin ailə üzvlərini əhatə edir. Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli və hər cür qayğı ilə əhatə olunmaları təşkil edir. Azərbaycan dövləti bu qəbildən olan vətəndaşların qayğı və ehtiyaclarını daim diqqətdə saxlayır, sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görür. Bu siyasətin davamı olaraq prokurorluq orqanları tərəfindən cəmiyyətin hər bir fərdinin, xüsusilə də Vətən müharibəsi iştirakçılarının, döyüş əməliyyatlarında sağlamlıqlarını itirmiş şəxslərin və şəhidlərin ailə üzvlərinin ərizə, şikayətlərinin həlli, onların müraciətlərinə baxılması işinə nəzarət gücləndirilir, hər bir ərizə və şikayətin qanuni həlli üçün zəruri tədbirlər görülür.

Peşə bayramını qeyd edən Azərbaycan Respublikası Prokurorluğu hər zaman olduğu kimi, bu gün də dövlətə, dövlətçiliyə və cəmiyyətə sədaqətlə xidmət edir, hüquq- mühafizə sahəsində müstəsna xidmətlər göstərir və qanunun keşiyində əzəmətlə dayanır.

Vüqar ƏHMƏDLİ,

Kəlbəcər rayon prokuroru, kiçik ədliyyə müşaviri.