Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Digər xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 17-də İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycana xalqımızın qədim və əziz bayramı Novruz ərəfəsində təşrif buyuran qonağı səmimiyyətlə salamlayan şeyxülislam Allahşükür Paşazadə onu Müsəlman Ağsaqqalları Şurasının Baş katibi vəzifəsinə təyinat alması münasibətilə təbrik edib və İslam ümməti naminə fəaliyyətinə uğurlar diləyib.

Səmimi qardaşlıq şəraitində keçən görüşdə Məhəmməd Əbdül Salam şeyxülislam A.Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib, rəhbərlik etdiyi Komitənin Azərbaycanla əməkdaşlıq qurmaq istəyini açıqlayıb. Məhəmməd Əbdül Salam İnsan Qardaşlığı Ali Komitəsində olduğu kimi, Müsəlman Ağsaqqalları Şurasındakı yeni vəzifəsində də İslam aləminin rəmzi, mötədil İslam təmsilçisi olan şeyxülislam A.Paşazadə kimi bir şəxsiyyətlə bilavasitə ünsiyyətə, onun təcrübəsindən yararlanmağa ehtiyac duyur, habelə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın yeni aspektlərini müzakirə etmək niyyətindədir.

Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğu, dövlət rəhbərliyinin dinlərarası dialoq və əməkdaşlıq yönündə qlobal təşəbbüslərlə çıxış etdiyi barədə ətraflı danışan şeyxülislam A.Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsi, Azərbaycanın dünya dini liderlərinin sammitlərinə, dəyərli forumlara ev sahibliyi etməsindən danışıb. QMİ sədri vurğulayıb ki, İdarənin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Müsəlman Ağsaqqalları Şurasının dünyada sülh, bəşər ailəsində dinc yanaşı yaşamaq və qarşılıqlı anlaşma yönündə səylərinə dəstək verməyə hazırdır.

Şeyxülislam A.Paşazadə Azərbaycanın erməni işğalından azad olunmuş Qarabağ torpaqlarında vandalizmə məruz qalmış dini-mənəvi abidələrin yenidən qurulması, bərpası, şəhər və kəndlərə yeni həyatın verilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı, misilsiz quruculuq işləri barədə məlumat verib. QMİ sədri bildirib ki, erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər, məscidlərimizə qarşı təhqirlər həyata keçiriblər Təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edir. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbiristanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul edib.

M.Ə.Salam QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzunmüddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirib və Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin salamlarını A.Paşazadəyə çatdırmaqdan şərəf duyduğunu ifadə edib. Məhəmməd Əbdül Salam məlumat verib ki, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin də iştirak edəcəyi nəzərdə tutulan mötəbər bir tədbir keçirməyi planlaşdırırlar. Böyük ehtimalla 2023-cü ilin yanvarında Bəhreyndə baş tutacaq Şərq-Qərb formatlı konfransda səmavi dinlərin təmsilçilərinin iştirakı nəzərdə tutulur. M.Ə.Salam bildirib ki, şeyxülislam A.Paşazadəyə bu yaxınlarda həmin mötəbər konfransda iştirakla bağlı dəvət məktubu göndəriləcək.

Məhəmməd Əbdül Salam vurğulayıb ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədlər daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb, məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq və təbliğ etməkdir. Dövlətimizin dünyada insan həmrəyliyi yönündə sülhpərvər səylərini xüsusi qeyd edən qonaq tolerant ənənələr ölkəsi Azərbaycanı çox sevdiyini və Müsəlman Ağsaqqallar Şurasının növbəti toplantılarından birini məhz respublikamızda təşkil etmək niyyətində olduğunu bildirib.

QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələri olan ölkədir. O bildirib ki, Azərbaycan dövləti Prezident və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir, dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir. QMİ nəzdində bu məramla 2017-ci ildə təsis olunmuş Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlərin, dini lider və ictimai xadimlərin yer aldığını bildirən şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər rəsmilərinin bu sırada olmalarından məmnunluğunu qeyd edib.

QMİ sədri Əbu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirib. Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib və Baş katib Salam kimi dəyərli şəxsiyyətlərin Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmələrinin vacibliyinə diqqəti çəkən şeyxülislam A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanlandığı məktublarda bu haqlı, ədalətli mübarizə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş erməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırladıb, Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə görə təşəkkürünü bildirib.

M.Ə.Salam növbəti səfərlərinin planlaşdırılması zamanı əvvəlcədən bu ziyarətin nəzərdə tutulacağını məmnunluqla bildirib.

AZƏRTAC