Azərkosmos Özbəkistanda keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir
Digər xəbərlər

Azərkosmos Özbəkistanda keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun nümayəndə heyəti 25-27 aprel tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Kosmik texnologiyalar konfransı”nda iştirak edir.

Avrasiya regionunda artıq növbəti dəfə keçirilən bu tədbirdə regionun kosmik agentlikləri və beynəlxalq kosmik ictimaiyyətin maraqlı tərəfləri təmsil olunur. Konfransın gündəliyində beynəlxalq əməkdaşlıq, sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, müşahidə və rabitə peykləri, onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr yer alıb.

Azərkosmosun sədri Saməddin Əsədov “Regional əməkdaşlıq, beynəlxalq investisiya və kosmik sənayenin davamlı inkişafı”na həsr olunmuş sessiyada çıxış edib. S.Əsədov çıxışında ölkəmiz üçün kosmik sahənin əhəmiyyətindən, son 10 il ərzində Azərbaycanın kosmik sahədəki fəaliyyəti, peyklərin resursları vasitəsilə Avropa, Afrika və Mərkəzi Asiya ölkələrində həyata keçirilən layihələr və yeni imkanlardan bəhs edib. Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib.

Əli SADIQOV,

“Respublika”.