Ötən il ölkədə 1 milyon tondan artıq kartof istehsal olunub
İQTİSADİYYAT

Ötən il ölkədə 1 milyon tondan artıq kartof istehsal olunub

Bu ilin birinci yarısında əkin sahələrinin yalnız 40 faizinin məhsulu yığılıb, 400 min tonadək “ikinci çörək” toplanıb

Vətəni Cənubi Amerika sayılan kartof 8 min il bundan qabaq öz ərazisində becərilirdi. Avropaya XVI əsrdə ilk dəfə ispanlar gətirmişlər. Respublikamızda isə kartofun becərilməsi XIX əsrin əvvəllərinə təsadüf edilir. Çiçək bitkisi kimi ilkin olaraq becərilən kartof sonradan ən mühüm ərzaq növünə çevrilmiş, onu “ikinci çörək” adlandırmışlar. Respublikamızın bütün bölgələrində il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu ən çox respublikamızın Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında becərilir və yüksək məhsul verir.

Kartof yumrularının tərkibində quru maddə, nişasta, həll olmuş sulu karbonlar, qlükoza və sair əhəmiyyətli maddələr vardır.

Kartofdan müxtəlif milli xörəklər və salatlar hazırlanır ki, ona görə də onun geniş həcmdə becərilməsi mühüm şərtdir. Təkcə kartof nişastasından 500-dən çox məhsul istehsal olunur. Bu məhsullardan kağız, yeyinti sənayesi və sairdə istifadə olunur.
Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində istifadə olunur. Onun şirəsi dəridə əmələ gələn ləkələri təmizləyir, ağardır, bədənə, sifətə təravət, gözəllik verir, insanı cavanlaşdırır.
Yer kürəsində kartof adambaşına 30 kq-dan 150 kq-a qədər istehsal olunur. Respublikamızda adambaşına kartof istehlakına illik tələbat  50 kq-dır.
Avropa ölkələrində (Almaniyada, Hollandiyada, İngiltərədə) kartofun məhsuldarlığı çox yüksəkdir. Azərbaycanda məhsuldarlıq Avropa səviyyəsində olmasa da, hər hektardan 150-200 sentner təşkil edir.
Kartof bitkisi üçün mülayim, soyuq və rütubəti yüksək olan iqlim şəraiti tələb olunur. Temperatur 6+÷8+ dərəcə olanda kartof 10-12 sm dərinlikdə əkilir. Kartof yüngül mexaniki tərkibli torpaqda, qumsal, humusa zəngin qara və meşə altından çıxan torpaqlarda daha intensiv inkişaf edir. Kartof növbəli əkini sələflərdən dənli paxlalı, birillik otlar, vələmir, qarğıdalı, günəbaxan və s. çox sevir. Öz yerinə 3-4 ildən sonra qayıda bilər.
Hazırda respublikamızda orta tezyetişən “Nevski”, “Oqanyol”, “Laymdots”, “Əmiri-600”, “Sevinc” sortları rayonlaşdırılmışdır. Hər hektara 2500-4000 kq kartof əkin materialı kimi sərf olunur. Əkiləcək kartof toxumunun sertifikatı olmalı və bu toxumlar əvvəlcədən cücərdilməlidir.
Çeşidlənən, xəstəliklərə qarşı mübarizə aparılan, standart yumrular əkilməlidir.

Yuxarıda qeyd edilən bütün müsbət keyfiyyət və səmərəsinə görə, hər il ölkəmizdə kartofun əkin sahələri artır, istehsalı isə yüksəlir. Ötən il respublikada 57 min hektardan 1 milyon 38 min tona yaxın kartof istehsal olunaraq məhsuldarlıq 175 sentnerə qaldırılıb. Xatırladaq ki, ondan əvvəlki il məhsuldarlıq hər hektardan cəmi 169 sentner, istehsal isə 1 milyon 4 min ton idi.

Dövlət Statistika Komitəsinin bu il iyulun 1-nə olan məlumatına görə, kartof əkini sahələrinin yalnız 22,7 min hektarında (cəmi əkin sahəsinin 40 faizi) məhsul toplanıb, 391,2 min ton kartof əldə olunub.

Ən yüksək göstəricilər Gədəbəy, Şəmkir, Tovuz, Cəlilabad rayonlarındadır. Lakin sonuncu rayondan fərqli olaraq, o biri rayonlarda əsas məhsul yığımı yayın sonunda, yəni yayın ikinci yarısında baş verir.

Nəriman CAVADOV,

“Respublika”.