Dünyanın yeni “yaşıl enerji
İQTİSADİYYAT

Dünyanın yeni “yaşıl enerji" mərkəzi - Azərbaycan

Son illərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır. Çünki hazırda iqlim dəyişikliyi fonunda planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Bu səbəbdən də dünya ölkələri karbon emissiyalarının azaldılmasına qarşı mübarizə aparır, tükənməz mənbələrdən alınan enerjiyə üstünlük verir. "Yaşıl enerji"yə keçid müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini özündə ehtiva edir. Texnologiyanın sürətli inkişafı və dünya ölkələrinin bu istiqamətdə müəyyənləşdirdikləri hədəflər isə "yaşıl enerji" keçidini sürətləndirir.

Ölkəmizin də enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə keçiddə uzunmüddətli hədəfləri var. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 QVt həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Bu göstərici ölkəmizdə "yaşıl enerji"nin inkişafı üçün kifayət qədər böyük potensialın olduğunu deməyə əsas verir. Hazırda "yaşıl enerji" ilə bağlı əsas layihə Zəngəzur dəhlizi vasitəsilə ötürücü şəbəkəmizin genişləndirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin ötən il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə, Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına enerji dayanıqlığı ilə bağlı müasir çağırışlar və qlobal iqlim dəyişikliyi probleminin həllinə dəstək müstəvisində yanaşır. Bunun reallaşdırılması üçün isə Qarabağ və Şərqi Zəngəzurun geniş potensial imkanları var. 10 min kvadratkilometr ərazini əhatə edən "yaşıl enerji" zonası 7200 meqavat Günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin, ilkin müşahidələrə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Sözügedən bölgələrdə artıq bir neçə su elektrik stansiyası inşa edilərək işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Tarix boyu mənəvi enerji mənbəyimiz olan Şuşa da artıq "yaşıl enerji" zonası mərkəzinə çevrilir. Bu gün 4 min meqavatlıq külək və Günəş enerjisi layihələri üzrə əməkdaşlıq sənədinin imzalanması üçün məkan olaraq bu qədim mədəniyyət paytaxtımızın seçilməsi də təsadüfi deyil. Artıq "yaşıl enerji" sahəsində imzalanan faktiki müqavilələr də var. BP şirkəti ilə birgə hazırlanmış plana əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə Günəş elektrik stansiyası tikiləcək. "Yaşıl Enerji Zonası" Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər davamlı olaraq həyata keçirilir.

"Yaşıl enerji" həm də Azərbaycanla Aİ arasında əməkdaşlığın yeni səhifəsini təşkil edəcək. Bu barədə ötən il iyun ayının 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: "Artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq".

Sözsüz ki, dövlət başçımızın Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı "Yaşıl Enerji Zonası" elan etməsi mütərəqqi inkişaf siyasətinin örnəyidir. Hazırda atılan addımlar isə onu göstərir ki, Azərbaycan Avropanın əsas elektrik enerjisi, xüsusən də "yaşıl enerji" təchizatçısına çevrilmək yolunda uğurla irəliləyir. Bu da onu deməyə əsas verir ki, bundan sonra Azərbaycan beynəlxalq aləmdə yalnız neft və qaz deyil, həmçinin "yaşıl enerji" ixracatçısı kimi də tanınacaq.

Jalə QASIMZADƏ,

"Respublika".