Onun zahiri qədər daxili də gözəl idi
Digər xəbərlər

Onun zahiri qədər daxili də gözəl idi

Şərqşünaslıq elmimizin görkəmli nümayəndəsi Aida İmanquliyeva

Bəzən həyatda hansısa bir işimiz alınmayanda məyus olur, narahatlıq keçiririk. İstədiyimiz peşəyə yiyələnə bilməyəndə də, eyni vəziyyətə düşürük. Ancaq unuduruq ki, Tanrı hər bir bəndəsini özünün lazım bildiyi, xalqa, bəşəriyyətə, insanlığa daha çox fayda verə biləcəyi sahəyə yönəldir. Yeniyetməliyində həkim olmaq istəmiş,  lakin valideynlərinin təkidilə humanitar elm sahəsinə üstünlük vermişdi. Kim bilir bəlkə həkim olsaydı da tanınacaq, bir iz qoyacaqdı. Ancaq nə yaxşı ki şərqşünaslıq elmini seçdi, onun inkişafına töhfələr verdi. Söhbət Aida xanımdan gedir... Payızın gəlişinə bir neçə gün qalmış, 1992-ci il sentyabrın 19-da dünyadan köçən Aida İmanquliyeva bir payız günündə 1939-cu il oktyabrın 10-da doğulmuşdu. Cəmi 53 il yaşadı Aida xanım, lakin bu qısa  ömrə çox şeyi sığışdıra bildi. Onu bu həyatdan, sevdiklərindən, onu sevənlərdən alıb aparan o payızdan artıq 30 il keçir. Bu illərdə yoxluğunu doldurmaq mümkün olmadığı kimi, bununla barışmaq da çətin olub onu sevənlər üçün...

"Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi...". Mehriban xanımın bu sözlərində  əslində, bir kədər, təəssüf hissi duyulur. Hiss edirsən ki, ürək ağrısı ilə yazılıb, illərin ayrılığı ana-qız məhəbbətini heç öləziməyə qoymayıb. Axı, Mehriban xanım onu itirəndə cəmi 28 yaşı vardı, mənəvi köməyə, ana məsləhətinə ən çox ehtiyac duyduğu bir məqamda ayrılmışdı dünyaları. Bu ruh elə Nərgiz Paşayevanın qeydlərində də var: "O, göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində  həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz... Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz...", - deyə yazırdı Nərgiz xanım.

Aida İmanquliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. Atası görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev uzun müddət "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru işləmişdi. Aida xanım 1962-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirəndən sonra həmin universitetin Yaxın Şərq xalqları və ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, daha sonra keçmiş SSRİ EA Asiya xalqları İnstitutunun aspiranturasında təhsil almışdı. 1966-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Aida xanım Azərbaycan EA Şərqşünaslıq İnstitutunda işə başlamış, kiçik, baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə  direktor müavini və 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmışdı.

1989-cu ildə Tbilisi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru və bu ixtisas üzrə professor adını almışdı.

Aida İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olmuş, uzun  illər pedaqoji fəaliyyət göstərmiş, ADU-da ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.

O, elmin bütün enişli-yoxuşlu yollarını  pillə-pillə keçmiş, öz zəhməti, istedadı, zəkası, qabiliyyəti sayəsində ucalmışdı.

Dünyaşöhrətli şərqşünaslarla bir sırada adıçəkilən Aida İmanquliyevanın tədqiqat sahəsi ərəb  filologiyası və ya konkret olaraq ərəb məhcər ədəbiyyatı kimi  qeyd olunsa da, onun araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncələrin hüdudlarına sığmırdı. Şərq-Qərb problematikasının bədii-romantik tərənnümü Aida xanımın yaradıcılığında müstəqil fəlsəfi problem kimi qoyulur və Şərq ilə Qərb düşüncələrinin vəhdət zərurəti elmi-fəlsəfi arqumentlərlə sübuta yetirilir. Belə ki, alim tədqiq etdiyi görkəmli şəxslərin xidmətlərini göstərməklə kifayətlənməyərək özü də Şərq-Qərb probleminin həlli istiqamətində olduqca dəyərli fikirlər irəli sürmüşdür.

Məhcər ədəbiyyatının ən görkəmli nümayəndələri  Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını  göstərmiş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. O, haqlı olaraq göstərmişdir ki, C.X.Cübran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin çoxcəhətli bədii yaradıcılıqlarında Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini mənimsəmiş, onları ən yaxşı milli bədii ənənələrlə üzvi surətdə sintez etmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazır: "Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, islam dünyası ilə nəinki elmi, mədəni, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir".

Sivilizasiyalararası dialoq ideyasının siyasi, iqtisadi və kulturoloji müstəvilərdə üzə çıxması əslində elmi-fəlsəfi və ədəbi-bədii yaradıcılıqda aparılan axtarışların nəticəsi idi. Bu problem bədii yaradıcılıq müstəvisində bir sıra yazıçı-mütəfəkkirlər tərəfindən hələ XX əsrin sonunda qaldırılmışdı. Aida İmanquliyeva məhz həmin ədəbi-bədii proseslərin XX əsrin sonunda kəsb etdiyi yeni ictimai-siyasi mənanın aktuallığını  nəzərə alaraq bu problemi Azərbaycan şərqşünaslıq məktəbinin mühüm istiqamətlərindən birinə çevirdi.

Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycanda milli özünüdərkin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb. O, direktor olduğu müddət ərzində Şərqşünaslıq İnstitutunda  bir sıra beynəlxalq simpozium və konfranslar təşkil olunmuş, respublika miqyaslı elmi tədbirlər keçirilmişdi. Sevindirici haldır ki, bu gözəl ənənə Şərqşünaslıq İnstitutunda indi də uğurla davam etdirilir.

Aida xanım çoxillik pedaqoji fəaliyyəti dövründə bir müəllim kimi də özünü  sevdirə bilmişdi. Onun maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə Aida xanımın mahir mühazirəçi olduğunu qeyd edirdilər.

Bütün bunlarla yanaşı,  Aida xanım gözəl həyat yoldaşı, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai fəallıq  onu bu  ümdə insani keyfiyyətlərdən əsla uzaq sala bilməmişdi. Tanrı ən xoş saatında yaratdığı Aida xanıma bütün gözəllikləri vermişdi: zahiri gözəllik, qədd-qamət,  zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq...

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyevin yazdıqlarından: "Aida evinin əsl xanımı idi. Ona səliqə-sahmanından qalmayan yüksək zövqlü xanımlıq da, önlük taxıb ev işlərində çalışmaq, mətbəxdə yemək  hazırlamaq da çox gözəl yaraşırdı... Aida İmanquliyeva həddindən artıq əliaçıq adam idi. Mən onun neçə-neçə kasıb tələbəyə əl tutduğunun, neçə-neçə xəstəyə tapılmayan dərmanlar tapdığının, bununla da onları ağır dərddən xilas etdiyinin şahidiyəm".

Aida xanım az ömür yaşasa da, xoşbəxt insandır. Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva və Nərgiz xanım Paşayeva kimi övladlar dünyaya gətirdiyi üçün. Yaşasaydı, övladlarının uğuruna çox sevinərdi. Aramızda olmasa da yəqin ki, ruhən bütün bunları duyur, rahatlıq tapır. Bu, hər zaman belə olacaq, parlaq siması yaddaşlardan silinməyəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".