Onlar qürurumuz, iftixarımızdır
Region

Onlar qürurumuz, iftixarımızdır

Göygöldə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri və qazilər rayon icra hakimiyyəti, idarə, müəssisə və təşkilatlar tərəfindən mütəmadi olaraq ziyarət olunurlar. Vətən müharibəsi iştirakçıları da diqqətdə saxlanılırlar. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev və dövlət rəsmiləri tərəfindən Vətən müharibəsi veteranı Zərgərov Vadim Nuru oğlu yaşadığı evində ziyarət olunub.

Görüşdə veteranın maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki müraciətlər zamanı ona müayinə və müalicə olunmasında, sığorta ödənişinin verilməsində, əlillik dərəcəsinin təyin edilməsində və kredit borcunun ödənilməsi üçün Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir.

Zərgərov Vadim Nuru oğlu 20 yanvar 1986-cı ildə Ermənistanın Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür. 1993-cü ildə Göygöl rayon Zurnabad kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2003-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Zərgərov Vadim Nuru oğlu 2004-cü ilin yanvar ayından 2005-ci ilin iyul ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildə "N" saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərə könüllü olaraq qatılmış və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 13 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə partlayışda qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın və üzün çoxsaylı kəsilmiş, cırılmış yarası almışdır. Hazırda onun müalicəsi davam etdirilir. Vadim Zərgərov Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.

Daha sonra 44 günlük Vətən müharibəsi şəhidi Allahverdiyev Elşad Zaməddin oğlunun və Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Hacıyev Etibar Firuddin oğlunun doğum günü ilə bağlı tədbir keçirilib. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Allahverdiyev Elşad Zaməddin oğlunun və şəhid, Milli Qəhrəman Hacıyev Etibar Firuddin oğlunun doğum günü Rayon Şəhidlər Xiyabanındakı məzarları başında qeyd edilib. Ziyarətçilər şəhidlərin məzarını ziyarət edib, ruhlarına dualar oxuyub və xatirələrini anıblar.

Mərasimdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev, Göygöl Bələdiyyəsinin sədri Mikayıl Hacıyev, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Göygöl Rayon Şöbəsinin sədri Araz Abbasov, məktəb direktorları, Vətən müharibəsi qaziləri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Şəhidlərin doğum günündə təhsil aldıqları məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər. Daha sonra Göygöl şəhərində şəhid Elşad Allahverdiyevin xatirəsinə inşa olunan ehsan bulağı ziyarət olunub.

Zabit XƏLİLOV,

"Respublika".