Onlar milli maraqlarımızı müdafiə edirlər
Digər xəbərlər

Onlar milli maraqlarımızı müdafiə edirlər

Azərbaycanın İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurması Cənubi Qafqaz regionunda, eləcə də beynəlxalq aləmdə bir çox ölkələri sözün əsl mənasında narahat etdi. Lakin Ermənistanın Qarabağ müharibəsində məğlub olmasını, zəbt etdiyi torpaqların əlindən alınmasını, bir sözlə, Azərbaycanın yaratdığı reallıqları qəbul edə bilməmələri bu ölkələrin Ermənistan "sevgisindən" irəli gəlir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə bəzi ermənipərəst dövlətlərin illərdir həyata keçirdiyi planlarının alt-üst olması onlarda anti-Azərbaycan meyillərini daha da gücləndirir.

Qarabağ münaqişəsinə son qoyulduqdan sonra Azərbaycan regionda əmin-amanlığın, sülhün bərqərar olması üçün düşmən ölkəyə sülh təklif etdi, hətta Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Brüsseldə, Soçidə görüşləri zamanı ötən il iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına, münasibətlərin normallaşmasına ümidlər də yarandı. Belə ki, 2022-ci il avqust ayının 31-də Brüsseldə keçirilən sammitdə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə qayıtdıqdan sonra ilin sonuna kimi Azərbaycanla sülh sazişinin imzalanacağını da açıqladı. Lakin Ermənistanın daxilindəki revanşist qüvvələr, o cümlədən bəzi qərb dövlətləri Ermənistana bu addımı atmağa, Azərbaycan ilə münasibətlərini normallaşdırmağa rəvac vermədilər. Çünki Ermənistan onların öz maraqlarını reallaşdırmaq üçün yalnız və yalnız istifadə vasitəsidir. Zahirdən göründüyü kimi, nə İran, nə Fransa nə də digərləri heç də erməninin sevdalısı deyillər.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, regionda xalqların bir-biri ilə mehriban qonşuluq şəraitində yaşamasını istəməyənlərdən biri cənub qonşumuz İrandır. Çünki bu müsəlman dövləti azərbaycanlı körpələrin, qadınların, qocaların nahaq qanını axıtmış mənfur erməninin əlindən "su içir". 30 ilə yaxın türk düşməni, islam dininə nifrət edən bir vəhşi qəbilə ilə işbirliyi quraraq Azərbaycanın var-dövlətini, yeraltı-yerüstü sərvətlərini talan edən İran üçün əlbəttə ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qalibiyyəti ilə barışmaq asan məsələ deyil. Havayı qazanc mənbəyi əlindən çıxan İran elə bu səbəbdən də başını döyməyə daş axtarır. Gah talançılıqla, gah terrorla ürəyini soyutmağa çalışır. Amma hara əl atırsa orada Azərbaycan oğullarının qəhrəmanlığı, şücaəti hətta, əlində "kalaşnikov" daşıyan terrorçunu heç bir silahı olmadan tərksilah edə biləcək qədər mərdliyi, cəsurluğu ilə üzləşir. Yaxud da ki, qışın şaxta-boranında Vətəninin daşına, torpağına sahib çıxan, onun sərvətini göz bəbəyi kimi qoruyan vətənpərvər gənclərinin iradəsinin, əzminin, qətiyyətinin qarşısında aciz qalır.

Ötən il dekabr ayının ilk günlərində Azərbaycan mətbuatında 14 İran vətəndaşının Laçın-Xankəndi yolu ilə Qarabağa getməsi, Laçın yolundan humanitar məqsədlər deyil, silahların daşınması, eyni zamanda Qarabağdakı mədən sahələrinin qanunsuz talan edilməsi üçün istifadə olunduğu barədə məlumatlar yayıldı. Qarabağda "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması üçün Azərbaycanın aidiyyəti qurumları tərəfindən Rusiya sülməramlı kontingentin komandanlığına müraciət edildi, Laçın-Xankəndi yolundan qeyri-humanitar məqsədlər üçün istifadənin və Azərbaycanın qızıl və mis-mədən yataqlarının qanunsuz talan edilməsinin dayandırılması tələb olundu.

Hətta, Azərbaycan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət tərəfindən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxış keçirmək, qanunsuz istismarı dayandırmaq, müxtəlif istiqamətlər üzrə monitorinq aparmaq və nəticələri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə Laçın yolunun Şuşadan keçən hissəsinə gedərək Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə də görüşdü. Lakin rus sülhməramlıları monitorinqlərin aparılmasına şərait yaratmadı, qondarma "dövlət naziri" Ruben Vardanyan isə bir qrup silahlı dəstə ilə monitorinqin aparılması nəzərdə tutulan yerə toplaşdı. Monitorinqin baş tutmaması səbəbindən Azərbaycan nümayəndə heyəti geri qayıtdı.

Dekabrın 12-dən etibarən Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının üzvləri və ictimaiyyət nümayəndələri xalqımızın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulması, sözügedən yataqların olduğu ərazilərdə monitorinqlərin aparılmasının təmin olunması ilə bağlı Laçın-Xankəndi yolunda dinc etiraz aksiyasına başlayıblar. Rus sülhməramlıları tərəfindən Laçın-Xankəndi yolu bağlansa da, Azərbaycan Qarabağda yaşayan ermənilərin hər cür ehtiyacını ödəməyə hazır olduğunu və yolun humanitar keçidlərə açıq olduğunu rəsmən bəyan edib. Lakin hər zaman olduğu kimi, həm Ermənisatan, həm də tərəfdarları dinc aksiyanı Xankəndidə yaşayan ermənilərin "blokada"ya salınması kimi feyk xəbərlər yayaraq bir tərəfdən Laçın yolunda keçirilən dinc aksiyanı Azərbaycana qarşı beynəlxalq təzyiq alətinə çevirmək istəyir, digər tərəfdən də bundan fürsət kimi istifadə edərək bölgəyə xarici nümayəndələri yerləşdirməyə çalışır.

Azərbaycanın qeyri-hökumət təşkilatlarının üzvləri, könüllü gənclər, ekofəallar və ictimaiyyət nümayəndələri isə 2022-ci il dekabrın 12-də Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya qüvvələrinin nəzarət-buraxılış məntəqəsində qanunsuz əməliyyatın qarşısının alınması tələbi ilə keçirdikləri aksiyanı şüar səsləndirib, plakatlar qaldırmaqla davam edirlər. Humanitar keçidlərə heç bir maneənin olmadığı yoldan Rusiya qüvvələrinə aid humanitar yardım aparan maşınlar və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin maşınları heç bir maneəyə rast gəlmədən istifadə edir.

Ermənistan hökuməti, eyni zamanda özlərini Qarabağdakı ermənilərin başçıları kimi qələmə verən "dövlət məmurları" Laçın-Xankəndi yolunun bağlandığını, mülki şəxslərin keçməsinə icazə verilmədiyini, buna görə də erməni əhalisinin yaşadığı bölgədə humanitar böhranın yarandığını iddia edirlər. Sözsüz ki, ermənilərin riyakarlığına inananlar da az deyil. Lakin Azərbaycan hökuməti ermənilərin bu iddialarını qətiyyətlə rədd edir və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanlı ekofəalların xalqımızın təbii sərvətlərinin qanunsuz istismarının dayandırılması ilə bağlı etirazlarını haqlı aksiya kimi qiymətləndirir.

Bəli, Azərbaycan ərazisində yerləşən mədənlərin Ermənistan və onun bəzi işbaz həmkarları tərəfindən qanunsuz şəkildə istismarı yolverilməzdir. Həmçinin, bir ölkənin təbii sərvətlərinin qeyri-qanuni istismarı və başqa ölkəyə daşınması beynəlxalq hüquq normalarına da ziddir, cinayət hesab olunur. Bu baxımdan, ekofəalların Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin həmin ərazilərdə monitorinq keçirmək, nə baş verdiyini görmək və ictimaiyyətə çatdırmaq kimi tələbləri onların haqqıdır və onlar bu hərəkətləri ilə xalqımızın milli maraqlarını müdafiə edirlər.

Ermənistanın baş naziri Azərbaycanı regionda "humanitar böhrana səbəb olmaqda" günahlandırsa da, havadarlarının kefi pozulsa da, etirazçılar tələbləri yerinə yetirilməyənədək dinc aksiyanı davam etdirməkdə israrlıdır. Qeyd edək ki, aksiya artıq 56 gündür ki, davam edir.

Mehparə ƏLİYEVA,

"Respublika".