Niyyəti xəbis bacıların ifrat oyunbazlıqları
Digər xəbərlər

Niyyəti xəbis bacıların ifrat oyunbazlıqları

Ötən il dekabrın 12-də erməni separatçıların Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda ekofəalların, qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası davam edir. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Tələbləri ilk gündə olduğu kimi, dəyişməz olaraq qalır.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Ermənistan və ermənipərəst dairələr feyk məlumatlar yayır ki, Azərbaycan guya aksiya keçirilən yerdə yolu tam bağlayıb. Halbuki, burada yolun blokadaya alınmasından ümumiyyətlə söhbət getmir, yoldan təcili yardım maşınları, humanitar təyinatlı yüklər, mülki şəxslər sərbəst keçə bilər. Burada toplaşan Azərbaycanın vətəndaş cəmiyyəti, ictimaiyyət nümayəndələrinin tələbləri, istəkləri aydın, tamamilə qeyri-siyasi mahiyyətlidir.

"Təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi "blokada" və "humanitar vəziyyət" haqqında yalan xəbərlərə aldanıb". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə twitter hesabında bildirib: "Əgər Laçın yolu blok altında olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - deyə Hacızadə bildirib. Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter twitter hesabında ABŞ-ın Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahat olduğunu vurğulayıb. Qeyd edək ki, yanvarın 6-da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib ki, bu da həmin ərazinin bağlı olmadığını göstərir. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Artıq neçə gündür davam edən etiraz aksiyasına qoşulanların sayı hər gün artır. Məlumata görə, aksiyaya qoşulanların sayının artması artıq erməniləri narahat etməyə başlayıb. Üzərlərinə düşən öhdəliyi pozanlar və təbii reaksiyadan şou yaradanlar məhz ifşa olunduqları üçün müxtəlif feyk məlumatlar yaymaqla məsuliyyətdən yayınacaqlarını, mövzunu dəyişdirə biləcəklərini düşünürlər. Qarabağın erməni separatçıları bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir.

Ermənistana himayədarlıq edən Fransanın son cəhdi kimi BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək planı da iflasa uğradı. Qeyd etməliyik ki, burada Azərbaycanın uzaqgörən xarici siyasət kursu Ermənistan-Fransa cütlüyünün siyasi ambisiyalarına üstün gəldi. 2022-ci ilin son günlərində Fransanın BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim etdiyi Azərbaycan əleyhinə yönəlmiş qərəzli sənədi geri çəkməsi təkcə fransız və erməni diplomatlarının deyil, ümumilikdə Emmanuel Makronun və dünya erməni diasporunun Azərbaycana qarşı apardıqları mübarizənin iflasa uğraması idi. BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda sədri olan Fransa dekabrın 20-21-də Laçın yolundakı durumla bağlı müzakirələrdən sonra hazırladığı tamamilə ermənipərəst bəyanat layihəsində Laçın-Xankəndi yolundakı vəziyyət "humanitar fəlakət" kimi təqdim olunurdu. Lakin təxminən 10 günlük müzakirələrdən sonra həmin bəyanat layihəsi qəbul olunmadı. Azərbaycanın Təhlükəsizlik Şurasındakı dostlarının haqlı iradlarından, təklif etdikləri əlavə və düzəlişlərdən sonra Fransa tərəfi rəsmi şəkildə təklifini geri çəkdiyini açıqlamaq məcburiyyətində qaldı. BMT-dəki anti-Azərbaycan ruhlu bəyanatın müzakirəsi ilə beynəlxalq birlik bacıların məkrini, ifrat oyunbazlığını, ədalətsizliklərini, ikilistandartları dərindən görmək, bilmək, dərk etmək imkanı əldə etmiş oldu.

Beləliklə, Fransa diplomatiyasının Vətən müharibəsindən sonra Azərbaycan əleyhinə atdığı növbəti addım da fiaskoya uğradı. Fransa tərəfindən təqdim olunan sənəddə "Dağlıq Qarabağ" ifadəsi çıxarılıb. Baş verən proseslərin "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə yalnız humanitar məqsədlər nəzərdə tutula bilər" ifadəsinin salınması bu sənədin ümumiyyətlə gündəlikdən çıxarılması ilə nəticələndi. Bu, rəsmi Bakının diplomatik uğurudur. Azərbaycanın beynəlxalq təşkilatlarda apardığı iş, dost dövlətlərlə qurduğu münasibətlər son nəticədə köməyimizə çatdı. Əldə edilən nəticə Azərbaycan diplomatiyasının gücü və ölkəmizin dünyadakı nüfuzunun göstəricisi kimi də xarakterizə oluna bilər. Bununla da Fransa prezidentinin və diplomatiyasının növbəti dəfə rəzil duruma düşməsinin şahidi olduq. Bu, Fransanın BMT səviyyəsində Azərbaycana qarşı başlatdığı artıq ikinci qarayaxma kampaniyasıdır və hər ikisinin də aqibəti eyni olub.

Mustafa KAMAL,

"Respublika".