Nitqi orduya bərabər lider
Siyasət

Nitqi orduya bərabər lider

Görünür, Azərbaycan Tanrının diqqətinə layiq məkan olduğu üçün bu yurdun sakinləri zaman-zaman Vətən qarşısında çətin, eyni zamanda, gərəkli sınaqlardan çıxmalı olublar: mərdlik, qeyrət, qəhrəmanlıq, rəşadət sınaqlarından. Sanki bu torpağın insanlarının alnına yazılıb, hər qarışı qanları-canları ilə qorumaq və bundan da qürur duymaq və nəhayət, dünyaya nümunə olmaq.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini vəzifəsini icra edən Hüseyn Əlixanovun və Mərkəzin aparıcı eksperti, filologiya üzrə fəlsəfə doktoru Almaz Bayramovanın "Nitqi orduya bərabər lider" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Nə yaxşı ki, Ulu Tanrı Azərbaycan xalqının taleyinə ümummilli liderimiz Heydər Əliyev kimi dahi insanı, xilaskar rəhbəri nəsib etdi. Məhz onun xalqına, vətəninə sonsuz məhəbbəti misilsiz əvəzolunmaz xidmətləri sayəsində 1988-1995-ci illər ərzində ölkəmizin parçalanmasına, vətəndaş müharibəsinin başlanmasına, düşmən tərəfindən daha çox ərazilərin işğalına, maddi-mədəni sərvətlərimizin mənimsənilməsinə və nəticə etibarı ilə ölkəmizin iqtisadi və siyasi əsaslarına qarşı yönələn qəsdlərin qarşısını almaq mümkün oldu. Məhz Ulu Öndərin yürütdüyü düzgün və məqsədyönlü siyasət nəticəsində ölkə sabit həyata və dinamik inkişaf yoluna qədəm qoydu.

2003-cü ildə keçirilən prezident seçkilərində Ulu Öndər xalqa müraciət edərək Azərbaycanın gələcəyini etibar etdiyi İlham Əliyev barədə dahiyanə uzaqgörənliklə demişdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Dahi şəxsiyyət tərəfindən söylənən bu fikirlər Azərbaycan xalqının İlham Əliyevə ilkin olaraq ən yüksək səviyyədə göstərdiyi etimadın əsasını qoydu.

Azərbaycan son otuz il ərzində böyük çətinliklərlə üzləşmiş və bu dövr siyasi proseslər baxımından da mürəkkəb bir dövrü əhatə etmişdi. Həmin dövrün birinci onilliyi ərzində İlham Əliyevin ölkənin siyasi və iqtisadi həyatında bir sıra məsul vəzifələr daşımasına baxmayaraq, onun uzun illər Ulu Öndərin həyat və iş təcrübəsindən mənimsədiyi, həm də ən yüksək səviyyədə aldığı təhsil sayəsində topladığı bilik və bacarığı, siyasi uzaqgörənliyi, prinsipial qətiyyəti, milli dəyərlərimizə sarsılmaz bağlılığı barədə geniş ictimaiyyətə tam şəkildə məlum deyildi. Eyni zamanda, qapalı, soyuq təbiəti də yox idi, bu böyük şəxsiyyətin. Məktəb və iş yoldaşları, müəllimləri, onun təhsil aldığı, eləcə də işlədiyi qurumlarda və kollektivlərdə özünü təkəbbürlü, iddialı aparması halları ilə heç vaxt rastlaşmadıqlarını, əksinə, hər zaman çox ünsiyyətcil, mehriban, sadə təbiətli olduğunu qeyd edirdilər.

Ulu Öndərin tövsiyəsi və xeyir-duası ilə Azərbaycan xalqının yüksək etimadla Azərbaycan Prezidenti seçdiyi İlham Əliyev Ümummilli Liderin vəsiyyətlərini layiqincə yerinə yetirdi, xalqımızın ümidlərini doğrultdu. İlk illərdən Ulu Öndərin iqtisadi, siyasi, hüquqi, mədəni, ordu quruculuğunda möhkəm dayaqlar üzərində təməlini qoyduğu işləri Prezident İlham Əliyev ləyaqətlə davam etdirdi, beynəlxalq sahədə yeni-yeni uğurlara imza atdı. Məlum oldu ki, artıq oğul Əliyevdə də ata Əliyevin mühakimə və mübarizə taktikası, problemə yanaşma strategiyası, Vətən torpaqlarına və xalqına sonsuz sədaqəti və digər mənəvi-genetik dəyərləri nəinki mövcuddur, bu dəyərlər onun həyat tərzinin və fəaliyyətinin başlıca prinsiplərini təşkil edir.

Prezident İlham Əliyev xalqının elə bir oğlu və elə bir şəxsiyyətdir ki, o, Azərbaycan xalqını dünyaya fədakar, sülhsevər, eyni zamanda, haqq yolunda hər bir formada mübarizə aparmağa və qalib gəlməyə qadir xalq olduğunu əyani şəkildə sübuta yetirdi. Bununla yanaşı, o, şəffaf zəkası və açıq siyasəti ilə dünyanın zəhləsini tökən yaltaq, paxıl, xain, tamahkar, torpaq oğrusu olan erməni təbliğatının yalan və böhtanla quraşdırılmış mif dayaqlarını ifşa etdi, yüz illərlə Azərbaycana və azərbaycanlılara qarşı düşmənçilik siyasəti yürüdənlərin davamçıları olan köçəryanları, sarkisyanları, paşinyanları və onların güvəndikləri və "məğlubedilməz" hesab etdikləri hərbi qüvvələrini diz çökdürdü.

İlham Əliyevin əzmkarlığı, cəsarəti, ən kritik fövqəladə anlarda səbir və təmkin nümayiş etdirməyə qadir olması, yüksək səviyyədə müasirliyə, intellektual biliklərə, xüsusilə beynəlxalq hüququn bütün incəliklərinə malik olması, 27 il ərzində BMT Təhlükəsizlik Şurasının icrasını təmin edə bilmədiyi qətnamələri, beynəlxalq özünümüdafiənin bütün imperativ və fakültativ normalarına riayət etməklə 44 gündə Müzəffər Ali Baş Komandan olaraq öz ordusunun gücü sayəsində ildırım sürəti ilə icrasını təmin etməsi və haqlı olaraq, düşmənə havadarlıq edənlərə açıqdan-açığa meydan oxuması, onun adının Azərbaycan xalqının Zəfər tarixinə "LİDER SƏRKƏRDƏ" olaraq həkk etdi.

Prezident İlham Əliyevin ən çox nəzərə çarpan və Ulu Öndərdən əxz etdiyi ən mühüm keyfiyyətlərdən biri də ilk illərdən fərqli olaraq, müharibə dövründə hər kəsin diqqətini cəlb edən və yüksək rəğbət qazanan danışıq üslubu və nitq mədəniyyəti idi. Bəli, düşmən üzərində Qələbənin qazanılmasında bacarıqla aparılan silahlı müharibə ilə yanaşı, dövlətimizin başçısının ritorika vasitəsi ilə apardığı müharibənin də rolu danılmazdır. Məhz Liderimizin nitqləri vasitəsilə dünya Azərbaycanı yaxından tanıdı, Azərbaycan isə İlham Əliyevin natiqlik qabiliyyətinə və məharətinə daha da yaxından bələd oldu. Onun yüksək nitq qabiliyyətinin örnəyi, əxz etdiyi mənbə isə məhz atası Heydər Əliyevdir. Heydər Əliyevi böyük siyasətçi kimi tanıdan, gücləndirən cəhətlərdən biri məhz nitq kommunikativliyi, dinləyicini ifadə etdiyi fikirlərin həqiqiliyinə inandırmaq, cəlb etmək qabiliyyəti idi. Hər kəs, hətta başqa dövlətlərin nümayəndələri bu böyük şəxsiyyətin nitqinə saatlarla qulaq asmaqdan yorulmurdular. Ulu Öndər danışarkən ölkənin ən sadə vətəndaşları da onun timsalında özünə güvən yeri görürdü. Onun qəbulunda, yaxud görüşündə olmuş insanların xatirələrində də qeyd olunurdu ki, ünsiyyət zaman ilk dəqiqələrdə keçirdikləri həyəcan çox az zamandan sonra tamamilə yox olur, böyük Liderin simasında qarşı tərəf doğma bir insan təəssüratı yaradırdı.

Dilşünas alimlərin fikrincə, Heydər Əliyevin nitqlərində nəzərə çarpan başlıca cəhət onun özünəməxsus Heydər Əliyev üslubudur. Müşahidələr göstərir ki, Heydər Əliyevin nitqlərinə təkcə rəsmi üslub nümunəsi kimi deyil, bu nitqlərdə müxtəlif üslubların qovuşaraq konkret məqsədə, ideyaya xidmət etməsi özünü göstərir. Burada əsas məqsəd hansı üslubi xüsusiyyətlərdən istifadə edilməsindən asılı olmayaraq, fikrin açıq, aydın, inandırıcı şəkildə xalqa çatdırılmasıdır. Məhz ona görə də bu nitqlərdə rəsmi, elmi, bədii, publisistik üslub çalarları bir vəhdət şəklində özünü göstərir.

Heydər Əliyevin nitqlərində ikinci və ən çox nəzəri cəlb edən xüsusiyyət dəqiqlik, ardıcıllıq, məntiqilik, sabitlik və təmkindir. Bu xüsusiyyətlər birlikdə nitqə bir müdriklik, dahiyanəlik verir, onu dinləyəni inandırır, etimadını qazandırır. Heydər Əliyevin nitqlərini təkcə linqvistik baxımdan tam şərh etmək qeyri-mümkündür. Bu nitqləri fəlsəfi, psixoloji, siyasi-ictimai, hüquqi, mədəni, məntiqi və s. baxımdan analiz etməklə onların dinləyicilərinə təsir gücünün mahiyyətini anlamaq mümkün ola bilər.

Bəli, Ulu Öndərin nitq fəaliyyəti barədə deyilən fikirləri tamlıqla İlham Əliyevin nitqi barədə söyləmək olar. Bu dəyərli şəxsiyyət xarici jurnalistlərlə bir üslubda, bir əhvali-ruhiyyə ilə danışırdısa, onun çıxışını səbirsizliklə gözləyən xalqla bir başqa tərzdə danışırdı.

Filoloq alim Rafael Hüseynov "Hər nitqi bir əsər" adlı məqalədə yazırdı: "Prezident İlham Əliyev nə vaxt kürsüdə olubsa, hansı mövzuda danışıbsa, həmişə nitqi parlaq olub, ifadə etdiyi həqiqətlərə, fikirlərinin məntiqi ardıcıllığı, sözlərin, ifadələrin dəqiq seçimi ilə dinləyəni cəlb və heyran edib. Eyni dərəcədə sərbəst danışdığı üç dilin üçündə də eyni səviyyədə - həm Azərbaycanca, həm ingiliscə, həm rusca. Lakin Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 27-dən ermənilərin özlərinə xas quldur və terrorçu xisləti ilə Azərbaycana bütün cəbhəboyu növbəti hücuma keçəndən, bunun ardınca şanlı Ordumuzun əks həmlə ilə bir-birinin ardınca müşayiət edilən Zəfər marafonunun başlanmasından sonrakı hər çıxışı, hər müsahibəsi, hər müraciəti öz-özlüyündə tarixi bir hadisə, siyasi nitq mədəniyyətinin qızıl səhifələri sayılmalıdır".

Söhbət siyasət kimi ciddi və qlobal mövzu ətrafında gedirsə, nitqdən olduqca dəqiq faktlar tələb olunur. Ölkə rəhbəri nitqində çox məsuliyyətlidir, xüsusilə statistik rəqəmlər bildirərkən dəqiq olmayan rəqəmlərə müraciət etmir. Siyasət mühiti çox mürəkkəb sahə olduğu üçün burada münasibətlərin formalaşması, ünsiyyətin qurulması da çox fərqli bir sistem təşkil edir. Bu çevrə elə psixoloji vəziyyətlər tələb edir ki, bəzən digər məsələlərdə o qədər də məqbul sayılmır. Siyasətdə olur ki, münasibətləri qurmaq, nizamlamaq üçün bir-birinə rəqib, hətta düşmən olan qüvvələr nitq ünsiyyətinə daxil olmağa, əl verməyə, ardıcıl olaraq hətta gülümsəməyə belə məcbur olurlar.

Müharibə dövründə səslənən nitqlər emosionallığı ilə fərqlənir. Bu məqamlarda ürəkdən səslənən, xalqın mənafeyini, hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk olur, dillər əzbərinə çevrilir. Təbii ki, övladını itirmiş valideyn qarşısında hər cür nitq gücsüzdür. Lakin böyük natiq-liderlər bu kimi çətin məqamlarda da sözün gücündən istifadə etməyi bacarmalıdırlar. İlham Əliyev bu natiqlik sınağını da ən yüksək səviyyədə yerinə yetirməyi bacardı. İnsanlar doğru yolu ayırd edə bilirdilər. Övlad itkisi nə qədər acı olsa belə, göz nuru olan övladlarının seçdikləri bu müqəddəs yolu sayğı ilə qəbul etdilər. Dövlətimizin başçısının da gələcəyə ümid dolu sözləri insanlardan itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. İlham Əliyev məhz Azərbaycan dilini gözəl bilməsi sayəsində xalqın ürəyinə yol tapa bildi. Vətəndaşlarımız müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Təbii olaraq İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.

İlham Əliyevin nitq mədəniyyətinin ən yüksək səviyyədə olduğunu, siyasi və elmi cəhətdən məntiqi dolğunluğunu filoloqlar, politoloqlar və hüquqşünaslar daha aydın müşahidə etdilər. Ali Baş Komandanın xarici ölkələrin nüfuzlu KİV-inə müsahibələri və beynəlxalq konfranslarda Qarabağın tarixi, BMT qətnamələrinin icra olunmaması səbəbləri, Ermənistanın işğalçı və təcavüzkar siyasəti və s. tarixi faktların təkzibolunmaz sübutlarla dünya ictimaiyyətinin nəzərinə çatdırılmasına dair çıxışları beynəlxalq hüququn və Azərbaycan diplomatiyasının zirvəsi olmaqla, düşmənin uzun illər dünyada kök salmış anti-Azərbaycan təbliğatını darmadağın etdi.

Müharibə dövründəki nitqlərə xüsusi rəng qatan xüsusiyyətlərdən biri xəlqilik və millilikdir. Bu cür nitqlər xalqa daha yaxın, doğma və inandırıcı təsir bağışlayır. Xalq dilində işlədilən frazeoloji vahidlərdən liderin də istifadə etməsi, yəni xalqla xalqın öz dilində danışması təbii ki, dövlət başçısını da öz vətəndaşına yaxınlaşdırırdı. Bundan irəli gəlir ki, İlham Əliyevin əhali ilə efir ünsiyyəti zamanı istifadə etdiyi bu cür ifadələr hər kəsin dilində əzbərə çevrilmiş, sitat elementi olmuşdu.

İlham Əliyevin nitqinin daha təsirli xüsusiyyətlərindən biri səsindəki inamdır. Natiq dövlət başçısı müharibə dövrünün ən ağır günlərində ölkə əhalisinə ünvanladığı müraciətlərdə yer alan inamı, optimistliyi hər zaman əhalidə qələbəyə inam yaratdı. İlham Əliyevin nitqinin önəmli cəhətləri kimi ölkə vətəndaşlarına müraciətdə xəlqiliyin, xarici jurnalistlərlə müsahibələrdə hüquqiliyin və digər cəhətlərin geniş yer aldığını görürük.

Prezidentimizin nitq potensialının yüksək göstəricilərindən biri də onun xarici dillərdə də ən mükəmməl səviyyədə danışmasıdır. Dövlətimizin başçısının müxtəlif dillərdə söz ehtiyatı heyrət doğurur. Xarici dildə çıxışlarında belə İlham Əliyev söz tapmaqda hər hansı çətinliklə üzləşmədi. Müsahibələrdə ən mürəkkəb və önəmli məsələ ilə bağlı suallara cavab verərkən o, sakit və təmkinlə heç bir nitqi məhdudluğuna məruz qalmadan fikirlərini olduqca aydın, əsaslı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Müsahibələr ölkə əhalisinin kiçikdən-böyüyədək hamının diqqət mərkəzində oldu. Hər kəsi əksər hallarda düşmən dəyirmanına su tökən, bir çox hallarda münaqişədən geniş təsəvvürü olmayan, intriqant meyilli jurnalistlərin qıcıqlandırıcı suallarına verilən kəskin cavablar maraqlandırırdı. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Azərbaycan Prezidenti bu müsahibələri özünün real mübarizə və silah üsuluna çevirdi və döyüş meydanında olduğu kimi bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. İlham Əliyev müharibə dövründə verdiyi müsahibələrdə öz səriştəsini, yetkin siyasətçi imicini bir daha nümayiş etdirdi. Müasir dövrün uğurlu lider modelini təqdim etdi.

Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə əslində bütün dünyanın fikrini tam dəyişdi. Bəzi ölkələrin xüsusi öyrədilmiş, əvvəlcədən planlaşdırılmış suallarla dolu hücumlarına baxmayaraq, Prezidentimiz məqsədinə nail oldu, dünyanın böyük bir hissəsinin rəğbətini qazandı. Bununla da bərabər mükəmməl nitqi, təfəkkür və məntiq potensialı Prezidentimizi dünya siyasi səhnəsində ən uca kürsüyə qaldırdı. Şərhlərinin zənginliyi və əhatəliliyi ilə Müzəffər Ali Baş Komandan dünyaya siyasi nitqin ən uğurlu nümunəsini təqdim etdi. Prezident İlham Əliyevin müsahibələri tam bir bilgi mənbəyi idi, nitqində irəli sürdüyü faktlar, arqumentlərin zənginliyi jurnalistlərin ən yüksək şəkildə məlumatlanmalarına səbəb olurdu. Baxmayaraq ki, jurnalistlər ardıcıllıqla hazırladıqları müsahibələrdə daha çətin, gərginlik yarada bilən suallar verməyə cəhd etsələr də, Müzəffər Ali Baş Komandanın polad məntiqi də dəmir yumruğu qədər güclü oldu. Onun faktları analiz etmək qabiliyyəti və təqdimatı həmin jurnalistləri "tərk-silah" etdi.

Digər suallar da birmənalı deyildi: "Prezident Əliyev, əgər Ermənistan Sizin təqdim etdiyiniz bu təşəbbüsə cavab verməsə, bu eskalasiya davam edəcək və mülki şəxslərin həyatı üçün qorxular olacaq və bunun bədəli çox yüksək olacaq", "Lakin Prezident Əliyev, "Əl-Ərəbiyə" vasitəsilə Ermənistan prezidenti danışıqlar haqqında danışdı və dedi ki, münaqişə danışıqlar yolu ilə həll olunmalıdır. Siz buna nə cavab verərdiniz?".

Müsahibələrin birində jurnalist tərəfindən verilən sual: "Bəziləri hesab edir ki, bu böhran genişlənsə, Sizin torpaqlarınız savaş meydanına çevriləcək və bu, sizin xeyrinizə olmayacaq. Bu, bir növ sizin torpaqlarınızda marionetlər müharibəsinə bənzəyir. Siz qorxmursunuz ki, bu, regionlar arasında mübarizə olar?"

Prezidentin dolğun cavabı: - Xeyr, marionetlər müharibəsi yoxdur. Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var. Mən bizim nailiyyətlərimizlə bağlı sizə cəmi iki misal gətirə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqil siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çox məsuliyyətli üzvü olması sayəsində oldu. Keçən il biz Bakıda 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdü. Bu şərəfli vəzifə 120 ölkənin yekun qərarı ilə Azərbaycana həvalə oldu. Marionet ölkə bu dəstəyi ala bilərmi? Marionet ölkələr miskindir. Heç kim onlara diqqət yetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir. Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy, onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq.

- Prezident Əliyev, Avropa deyir ki, Sizinlə Ermənistan arasında olan böhranın hərbi həlli yoxdur. Siz Avropanın bu mövqeyinə necə cavab verərdiniz?

- Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim torpağımızda oturmağa və bizim insanlarımıza öz evlərinə geri qayıtmağa icazə verməməyə nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir. Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz, işğal olunmuş bütün ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz və Azərbaycan ərazisində "Qarabağ Ermənistandır" deyən Ermənistanın baş naziri Azərbaycan xalqı qarşısında üzr istəməli və deməlidir "Qarabağ Ermənistan deyil" və onda biz dayanarıq".

Bu suallarda heç bir neytral məlumatlandırma, araşdırma təşəbbüsü müşahidə olunmur. Əksinə, suallar sanki bir erməni tərəfin sualları kimi görünür. Lakin Prezidentin dolğun və əsaslandırılmış cavabları bu kimi "müdafiəçi"ləri ifşa edirdi.

"Qarabağ sizin üçün bu qədər önəmlidirmi?" sualı isə jurnalistin mövzu haqqında məlumatsızlığı ilə bərabər etikadan nə dərəcədə uzaq olduğunu açıq-aşkar göstərir.

Dövlət başçısının sonuncu - Qələbə çıxışı da ölkə əhalisi tərəfindən xüsusi olaraq müsbət emosiyalarla qarşılandı. Bu, isə təbii idi. Prezident İlham Əliyev bu çıxışında Qələbə sevincini xalqla, məhz öz xalqı ilə bölüşməsi gecə saatlarına təsadüf etdi. Azərbaycan bu Zəfər xəbərindən sonra qalib bir ölkə olaraq yuxudan oyanacaqdı, qürurlu, xoşbəxt, özgüvənli, gələcəyə inamla:

"- Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu Bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar (Bəyanatın bəndləri səsləndirilir).

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Bu Bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu Bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə Bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu Bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Ona görə bu Bəyanatı videokonfrans formatında Rusiya Prezidenti və mən imzalamışıq və bu Bəyanat rus dilində tərtib edilibdir. Mənim burada imzam var, bu sənəd bu imzalamadan sonra Rusiya səfirinə təqdim edilib və Rusiya və Ermənistan dövlət, hökumət başçıları bu sənədi imzalayacaqlar.

Bir daha demək istəyirəm ki, Ermənistan baş naziri Paşinyanın bu hərəkəti başadüşüləndir. Halbuki hesab edirəm ki, hər bir insan öz əməllərinə görə cavab verməlidir. Hər bir insan hətta onun üçün ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!

Bu Bəyanat bizim şanlı Qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq Qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq, insanlarımızın 30 illik həsrətinə son qoyulur".

Azərbaycan söz sənətinin məskəni olmuşdur. Azərbaycan sözə hər zaman qiymət verən xalq olmuşdur. Bu torpaq nizamilər, füzulilər, nəsimilər, vurğunlar, vahabzadələr yetişdirib. Bu xalqın Qələbəsində də sözün qüdrəti hiss olunmalı idi. Bu dəfə isə sözün qüdrətindən şairlərimiz, yazarlarımız deyil, dövlətimizin başçısı, liderimiz, Müzəffər Ali Baş Komandanımız istifadə etdi. Qarabağ müharibəsində söz müharibəsi də rəhbərinin dili ilə aparılmasaydı, bu Qələbə solğun görünərdi. Sevinsək də, bu qədər mənəvi doyum duyğusu almayacaqdı. İlham Əliyev sözün qüdrəti ilə də Qələbəni xalqına yaşatmağa nail oldu. Rəhbərimizin "Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" ifadələri onu canlı olaraq eşidənlərin heç zaman qulaqlarından getməyəcək. Bu müraciətlər artıq bir daha hansısa yadelliyə yenilməyə imkan verməyəcək. Bu şüarlar Azərbaycan adı ilə eyni mənalı sözlər silsiləsinə çevriləcək və tarixə həkk olunacaq.

Azərbaycan apardığı ədalətli müharibə ilə bütün dünyada ədaləti bərpa edən yeni müharibə modeli yaratdı. Dünyanın bütün xalqları XXI əsrdə İlham Əliyevin simasında müasir siyasi lider modelini gördü, dövrünün xalqına dövlətinə torpağına bağlı Müzəffər Ali Baş Komandanını tanıdı...

...Artıq müharibənin ağır, gərgin günləri geridə qalıb. Uzun illər üzərimizdə ən ağır yük olaraq qamətimizi əyən, hələ də davam edəcəyini düşündüyümüz ədalətsizlik, nəhayət, sona çatıb. Bu Qələbə sevincini bizə Azərbaycan xalqının mərd oğulları - Yenilməz Sərkərdə İlham Əliyevin Müzəffər Ali Baş Komandalığı altında ölümün gözünün içinə şəhidlik zirvəsindən baxaraq yalnız Zəfər uğrunda irəliləyən Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri yaşatdı.

Həmin günlərin acıları, eləcə də sevinci, Vətən torpaqlarını canı-qanı bahasına geri qaytaran oğullarımızın əfsanəvi qəhrəmanlığı, xalqımızın dünyaya nümunə olacaq birlik əzmi barədə bədii və tarixi əsərlər yazılacaq, filmlər çəkiləcək. Hər bir qazimizin adı, şəhidimizin xatirəsi əziz tutulacaq, əbədiləşəcək və heç zaman unudulmayacaq.

Bu günlərdə də Azərbaycan xalqının gələcək xoşbəxtliyi naminə mübarizəsini davam etdirən Azərbaycanın yeni tarixini yazmış əvəzolunmaz Liderimiz və müasir Ordumuzun yenilməz sərkərdəsi İlham Əliyevin qəhrəmanlıq salnaməsi gələcək nəsillərə, eləcə də müasir dünya ölkələri və liderləri üçün örnək olacaq.

AZƏRTAC