Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir
Siyasət

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

"Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb". Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini təmin etmək məqsədilə 2023-cü ili "Heydər Əliyev İli" elan edən dövlət başçısı İlham Əliyev imzaladığı Sərəncamda bu məqamı xüsusi qeyd edir ki, ümummilli liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayaraq öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan ulu öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Həmin dövrdə ölkəyə rəhbərlik edən qüvvələrin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin olmaması, öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmaları, bir sözlə, hakimiyyətsizlik müstəqilliyini yenicə bərpa edən Azərbaycanı böyük faciələrlə üz-üzə qoydu. Ölkədə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına gətirib çıxardı. Bu hadisələr fonunda xalqın sabaha ümidləri tamamilə itmişdi. Artıq xalq ayağa qalxmışdı. Xalqın üz tutduğu ünvanın adı tariximizə müstəqilliyimizin xilaskarı kimi yazılan ulu öndər Heydər Əliyev oldu.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir istiqamətinin geniş təhlilində, indiki və gələcək nəsillərə çatdırılmasında öz sözünü deyəcək. Gənclərimiz bu reallığı bilməlidir ki, Azərbaycanın müstəqillik yolu heç də hamar olmayıb, ölkəmizin bugünkü inkişaf səviyyəsinə gəlib çatması üçün kimə borcluyuq. Bu reallığı əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırmalıyıq ki, ulu öndər Heydər Əliyev əgər o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Dövlət başçısı İlham Əliyev demişdir: "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın… Bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?".

Ulu öndər Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək bu istiqamətdə mühüm addımlar atmışdı. Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi hər bir ölkənin inkişafında əsas amillərdən olan kadr potensialının yaradılmasında əhəmiyyətli rol oynadı. Hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ümumilikdə, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi ulu öndər Heydər Əliyevin bütün dövrlər üçün fəaliyyətinin əsasında dayanıb.

1993-cü ildə xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin, suverenliyinin əbədi olmasını təmin etmək üçün bütün dünya azərbaycanlılarını bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağırdı. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması ümummilli liderin mükəmməl quruculuq proqramının tərkib hissələri idi. Ulu öndər Heydər Əliyev ilk gündən bu əminliyi ifadə edirdi ki, bu çətin günləri keçib gedəcəyik, hər kəs belə güclü, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Azərbaycanın Günəş kimi dünyaya doğması dahi şəxsiyyətin ən böyük arzusu olmuşdur.

Ümummilli lider Heydər Əliyevin bu arzusu qısa zamanda reallığa çevrildi. Onun zəngin dövlətçilik təcrübəsi, xalqına, dövlətinə bağlılığı Azərbaycanın bu günü üçün möhkəm təməl oldu. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu və bütün sferaları əhatə edən köklü islahatlar həyata keçirildi. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" söyləyən ulu öndər Heydər Əliyev neft amilinə xüsusi önəm verərək dayanıqlı inkişafın əsasını qoydu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, Azərbaycanın dünya birliyinin fəal üzvünə çevrilməsi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Ümummilli liderin fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur. İllər keçdikcə dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğu daha aydın şəkildə görünür, fəaliyyətinin yeni istiqamətləri araşdırılır və öyrənilir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan ulu öndər Heydər Əliyev bütün dünyada müstəqil Azərbaycanın qurucusu olaraq qəbul edilir. Xalqımız ümummilli liderin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir.

Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. "Heydər Əliyev İli" dahi şəxsiyyətin dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Bu fikri böyük əminliklə və qürur hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ümummilli liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür. Tarixi Azərbaycanın müstəqilliyinin bərpası ilə üst-üstə düşən, bu illər ərzində ölkəmizin keçdiyi inkişaf yoluna bələdçilik edən Yeni Azərbaycan Partiyasının yaradılması da ulu öndər Heydər Əliyevin xidmətlərinin əsas tərkib hissələrindəndir. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edib. Ümummilli lider bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək, xalqa, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir. Partiyanın sıralarında birləşən hər kəs dahi şəxsiyyətin yaradıcısı olduğu, hazırda onun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasında təmsil olunduğu üçün özünü xoşbəxt hiss edir. YAP-ın keçdiyi şərəfli yol dünənin, bu günün və gələcəyin partiyası olduğunu təsdiqləyir. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının təsdiqlənən yeni Proqramında qarşımızda dayanan vəzifələr, hədəflər öz əksini tapıb. Ötən il 30 illik yubileyini Zəfər ruhunda qeyd edən partiya bu illərin uğurlarına söykənərək gələcəyə doğru inamla addımlayır.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin son 19 ildən artıq dövrdə Azərbaycanın uğurlu gələcəyi üçün atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı Azərbaycanı ən yüksək zirvələri fəth etdirməklə dahi şəxsiyyətin 2003-cü ildə xalqa müraciətində böyük əminliklə qeyd etdiyi fikirləri gerçəkliyə çevirdi. Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Azərbaycan dövlətinin başçısı İlham Əliyev 19 illik Prezidentlik dövrünün 17 ilində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin təqdimatı oldu. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyev müstəqilliyimizin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana davamlı uğurlar qazandıracaq. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan sözünün imzası qədər əhəmiyyətli olduğunu daha möhtəşəm uğurları ilə təsdiqləyəcək. Müasir, müstəqil, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir.

Mehdi BALABƏYOV,

YAP Şabran rayon təşkilatının sədri.