Qərbin ikili siyasəti xəbis xislətinin təzahürüdür
Siyasət

Qərbin ikili siyasəti xəbis xislətinin təzahürüdür

1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın daxili siyasəti ilə yanaşı, xarici siyasətinin də konseptual əsaslarını, məqsəd və prinsiplərini beynəlxalq qanunlar əsasında formalaşdırdı. Bu strategiyanın ən mühüm istiqamətlərindən biri isə Qərblə əlaqələrin qurulması idi.

Ulu öndərin səyləri nəticəsində 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və Qərbin böyük enerji şirkətləri Xəzər regionunda karbohidrogen ehtiyatlarının çıxarılmasına cəlb olundu. Daha sonra Azərbaycan enerji resurslarının nəqli marşrutlarını şaxələndirməyə və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərləri layihələrini həyata keçirməyə nail oldu. Bu layihələr Avropanın enerji təhlükəsizliyini təmin etdi. Dövlətimizin təşəbbüsü ilə Trans-Adriatik və Trans-Anadolu qaz layihələri də icra olundu.

Bunlarla yanaşı, 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan Azərbaycan 1999-2008-ci illərdə Kosovada, 2003-2008-ci illərdə isə İraqda sülhməramlı missiyasını yerinə yetirdi. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktını qınayan ilk liderlərdən biri Heydər Əliyev oldu.

2002-ci ildə Əfqanıstanda analoji missiyanı öz boynuna götürən Azərbaycan əsgərləri illərlə bu ölkədə ləyaqətlə xidmət etdilər. Dövlətimiz öz hava məkanını açaraq Əfqanıstanda yerləşən NATO qoşunlarına nəqliyyat infrastrukturundan istifadəyə şərait yaratdı.

Bəs, Azərbaycan ABŞ və Avropaya göstərdiyi bu səmimi münasibətin müqabilində onlardan qarşılıq gördümü?

"Qartalın güvəni qonduğu ağaca deyil, öz qanadlarınadır".

Məlumdur ki, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həlli və ərazi bütövlüyünün təmin edilməsi Azərbaycanın xarici siyasətinin əsas hədəflərindən idi. Azərbaycanın beynəlxalq strukturlara üzv olmasının, bu strukturlar çərçivəsində fəaliyyətinin, müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin əsas məqsədlərindən biri də milli problemimizin atəşkəs yolu ilə həllinə dəstək verilməsi idi. Qərb qəbul edilən qətnamələr və verilən sözlərlə Azərbaycanın inamını qazansa da, təəssüf ki, 30 il ərzində uzanan danışıqlar prosesində heç nəyə nail olunmadı. ABŞ hesab edirdi ki, Azərbaycanın milli maraqları Vaşinqtonun cızdığı sərhədlərdən kənara çıxmamalı, Qarabağın taleyi heç bir müdaxilə olmadan Vaşinqtonda həll edilməli və Azərbaycan istənilən nəticəni qəbul etməlidir. Lakin Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünü bərpa etdi və dünyaya müstəqil dövlət olduğunu, beynəlxalq arenada əlaqələr qurmaq üçün güc mərkəzlərinin məsləhətlərinə ehtiyac duymadığını sübuta yetirdi.

İkinci Qarabağ müharibəsində ölkəmizin qələbə qazanmasından sonra Amerika Vaşinqton, Avropa isə Brüssel formatları çərçivəsində sülh prosesinin davam etdirilməsini təklif etsə də, Azərbaycanın regionda yaratdığı reallıqları həzm edə bilməyən ABŞ-ın və Qərbin anti-Azərbaycan siyasəti özünü daha açıq formada göstərməyə başladı. Erməni separatizminin başının əzilməsindən sonra Qafqaza nüfuz edə bilməyən Qərb Azərbaycana qarşı təzyiq mexanizmini işə saldı.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn 19-20 sentyabr hadisələrini əsas gətirərək Bakıya qarşı təhdidlər səsləndirməyə başladı. Görünür, Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsi rəsmi Vaşinqtonun ürəyincə olmayıb.

Diplomatiyanın ümumi qəbul edilmiş qaydalarından kənara çıxan Vaşinqton Türkiyə ilə təhdid dili ilə danışmağa çalışır. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik noyabrın 28-də bildirib ki, ABŞ Ankaraya F-16 qırıcılarının tədarükü müqabilində Azərbaycana dəstəyi dayandırmaq şərtini irəli sürüb.

ABŞ-ın F-16 və F-35-lərin Türkiyəyə tədarükünün əsl məqsədinin aydın olduğunu nəzərə alsaq, bu cür eyhamlar daha çox siyasi şantajın və iki qardaş ölkəyə təzyiq cəhdlərinin çoxsaylı yollarından birini ehtiva edir.

Lakin Bakı və Ankaranın hər addımı açıq şəkildə nümayiş etdirir ki, burada istənilən təzyiq cəhdləri və təhdid dili qətiyyən yolverilməzdir və heç bir qüvvə iki qardaş dövlətin iradəsinə təsir etmək iqtidarında deyil.

Əsassız "mühazirələr" Vaşinqtonla Bakı arasında münasibətlərə xələl gətirərək ABŞ-ın Cənubi Qafqazda mövqeyini xeyli zəiflətdi. Bu, Blinkeni vəziyyəti təcili olaraq düzəltməyə sövq etdi. Noyabrın 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Blinken ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Braynın dekabrda Azərbaycana səfərinə icazə istəyib. Prezident İlham Əliyev bu təklifi Azərbaycanın yüksəkrütbəli məmurlarının ABŞ-a səfərinə qoyulan əsassız qadağa aradan qaldırıldığı təqdirdə qəbul edəcəyini açıqlayıb. Dövlət katibi İlham Əliyevin bu şərti ilə razılaşıb. Ağ Evin Azərbaycanın dövlət başçısına etdiyi zəng və İlham Əliyevin qoyduğu şərt Azərbaycanın beynəlxalq arenada öz sözünü deyən dövlət olduğunun sübutudur.

Aiza ŞABANOVA.