Musiqi mədəniyyətimizin böyük ustadı
Mədəniyyət

Musiqi mədəniyyətimizin böyük ustadı

Tarzən–Əhməd Bakıxanovun anadan olmasının 130 ili tamam olur

Qədim tarixə, zəngin mədəniyyətə malik olan xalqımızın musiqi mədəniyyəti əsrlərdən bəri enişli-yoxuşlu inkişaf yolu keçmişdir. XX əsri isə alimlər Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixinin  qızıl səhifəsi kimi dəyərləndirirlər. Zaman keçdikcə Azərbaycan  musiqiçiləri, bəstəkarları yaradıcılıq uğurları ilə bu səhifələri daha da zənginləşdirmişlər. Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz iz qoyan elə sənətkarlar var ki, onların fəaliyyəti nəticəsində xalqımızın böyük musiqiçilər nəsli yetişmişdir. Azərbaycanın məşhur musiqi ifaçıları təkcə ölkəmizdə deyil, onun hü­dudlarından çox-çox uzaqlarda şöhrət qazanmışlar. Milli musiqimizin inkişafı yolunda layiqincə xidmət göstərmiş belə görkəmli simalardan biri də  Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən, Xalq artisti, Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, peşəkar musiqi kollektivlərinin təşkilatçısı, çoxsaylı təsnif və rənglərin yaradıcısı, pedaqoq Əhməd Bakıxanovdur. O, dərin muğam bilicisi, böyük bir musiqiçi-tarzən nəsli yetişdirən  pedaqoq, xalq çalğı alətləri ansamblının yaradıcısı və bəstəkar kimi mədəniyyət  tariximizdə özünəməxsus yer tutub.

Azərbaycan musiqi sənətinin banisi, dahi bəstəkarı, musiqişünas Üzeyir Hacıbəyli ilə tanışlıq Ə.Bakıxanovun bir tarzən kimi yaradıcılığına böyük təsir göstərmişdir. O dövrün musiqiçilərinin  söylədiklərinə görə Ü.Hacıbəylinin xa­hi­şi ilə Bakıxanov dəfələrlə tarda  “Bayatı-Şiraz”, “Hümayun”, “Nəva” dəstgahlarını,  tarzən ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-Nişapur” və “Əbu-Əta” muğamlarını ifa etmişdir.

1929-cu ildə Azərbaycan Konservatoriyasının rektoru  Ü.Hacıbəyli  yüksək istedada malik olan Ə.Bakıxanovu konservato­ri­ya­da dərs deməyə dəvət edir.

Konservatoriyada dərs dediyi müddətdə  pedaqoq  Əhməd  müəllim böyük tarzən nəsli ye­tişdirmiş, Adil Gəray, Baba Salahov, Həbib Bayramov, Əhsən Da­daşov, Sərvər İbrahimov kimi yetirmələrinə muğam sənətinin incəliklərini aşılamışdır. İfaçı nəsli yetişdirməklə yanaşı, musiqi aləmində məşhur olan Arif Məlikov, Süley­man Ələsgərov, Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Nəriman Məmmədov, Adil Bəbirov kimi bəstəkarlara da məhz muğamı Ə.Bakıxanov öyrətmişdir.

Əhməd müəllimin xidmətlərindən bi­ri də  Ü.Hacıbəylinin təşəbbüsü ilə xalq çalğı alətlər ansamblının təşkil olunmasıdır. O ildə Azərbaycan xalq çalğı alətləri ansamblını yaradır və kollektivin tərkibinə  tar, saz, ud, kanon, qoşanağara, qaboy, fortepianonu daxil edir. Özü də ömrünün sonuna - 1973-cü ilədək həmin ansambla rəhbərlik edib. Ölümündən sonra sənətkarın xatirəsini əbədiləşdirmək məqsədilə ansambla Əhməd Bakıxanovun adı verilib.

Ü.Hacıbəylinin təklifi ilə Ə.Bakıxanov muğamlarımızın yeni tədris proqramını tərtib edir. Əgər əvvəllər tələbələrə cəmi beş muğam – “Rast”, “Çahargah”, “Şur”, “Bayatı-Şiraz”, “Segah” öyrədilirdisə, Ə.Ba­kı­xanovun yeni proqramına “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Dügah”, “Hü­mayun”, “Nəva”, “Rəhab”, “Şahnaz”, “Bayatı-kürd”, “Dəşti”, “Mir­zə Hüseyn segahı” və “Zabul-segah” kimi muğamlar da əlavə olu­nur. Kon­servatoriya üçün proqram tərtib etməklə yanaşı, o, musiqi mək­təb­lərinin tar, kamança, xanəndə sinfi üçün proqramlar da hazırlayır, xalq çalğı alətlərinin təkmilləşdirilməsində fəal iştirak edir.

Pedaqoq Əhməd Bakıxanov Azərbaycan Xalq musiqisinin, xüsusilə də muğamların tədrisinə və təbliğinə böyük töhfələr verib. Musiqi məktəbləri üçün muğamata dair proqramlar tərtib edib. Onun “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” adlı kitabları bu gün də musiqi məktəblərində əsas tədris materialları kimi istifadə olunur.

Azərbaycan muğamlarının nota yazılmasında da Əhməd Bakıxanovun böyük əməyi olub. Onun ifasında qramplastinkaya yazılmış “Bayatı-Şiraz”, “Şur” muğamları Moskvada, “Rast”, “Çahargah”, “Humayun”, “Segah-zabul”, “Şahnaz” və “Rahab” muğamları isə Bakıda işıq üzü görüb. Sənətkarın ifasında lentə alınmış muğamlarımız, bəstələdiyi rənglər və dəramədlər ən gözəl sənət nümunələri kimi musiqi tariximizdə əbədilik qazanıb.

Əhməd Bakıxanov Azərbaycan musiqisinin işıqlı gələcəyi naminə yorulmadan çalışıb. İstedadlı gənclərin sorağı ilə usanmadan Azərbaycanın ən ucqar yaşayış məntəqələrinə gedib, onları musiqi təhsilinə cəlb edib. Müasirlərinin sözlərinə görə, sənətkar  istedadlı tələbələrini evinə də dəvət edər, onlarla fərdi məşğul olar, qayğısını əsirgəməzmiş. Həmkarları ilə söhbət etməkdən, onlara məsləhət verməkdən yorulmazmış.

...92 yaşlı Tofiq müəllim 81 yaşında vəfat etmiş atası Əhməd Bakıxanovla vida gününü – 1973-cü ilin 26 martını belə xatırlayır: “...Atama Xalq artisti adını martın 25-də verdilər. Ayın 25-də qəzetdə bunun elanı çıxdı, ertəsi günsə nekroloq dərc edildi. Atama Xalq artisti adı verilməsi haqqında büroda qərar qəbul edilmişdi. Hətta o iclasda Heydər Əliyev deyibmiş ki, Əhməd Bakıxanov onsuz da Xalq artistidir, biz sadəcə bunu rəsmiləşdiririk”.

Müasirləri onun ensiklopedik biliyə malik olduğunu, klassik poeziyanı, divan ədəbiyyatını çox sevdiyini qeyd edirlər. Akademik Vasim Məmmədəliyev görkəmli tarzəni belə xatırlayır: “1972-ci ilin bir isti iyun günü idi. O zamanlar Bakıda çox məşhur olan “Beşmərtəbə” adlanan binanın  qarşısındakı bağda böyük alim, klassik ədəbiyyatımızın gözəl bilicisi Əli Fəhmi Ələkbərovla bir məsələ ilə bağlı ustad sənətkarımız Əhməd Bakıxanovla məsləhətləşmək üçün görüşdük. Ona görə də  birlikdə onun yaxınlıqdakı evinə yollandıq. Əli Fəhmi ilə, sonra mənimlə də əl tutub görüşdü. Əli Fəhmi ona mənim kim olduğumu nişan verdi. O, gülümsəyib atam Məmmədəli doktoru yaxşı tanıdığını dedi. Söhbət əsnasında Əli Fəhmi ilə Əhməd müəllim Baba Tahirdən, Xəyyamdan, Sədidən, Hafizdən, Rumidən farsca şeirlər deyib təhlil etdilər. Mən o vaxta qədər Əhməd müəllimin mahir tarzən, böyük muğam ustadı olduğunu bilirdim. Lakin onun klassik Azərbaycan və fars poeziyasını belə gözəl bilməsindən xəbərim yox idi. Əhməd Bakıxanovun musiqi ilə yanaşı, klassik poeziya yaradıcılığını belə gözəl bilməsinə heyran oldum...”.

Xalq artisti, tanınmış qaboy ifaçısı Kamil Cəlilov müsahibələrinin birində sənətkarın onun taleyində oynadığı rolu belə xarakterizə edir: “Mənim bu zirvəyə qalxmağımda Əhməd  müəllimin çox böyük zəhməti olub. Tələbəlik illərində mən qaboyda ancaq klassik musiqi ifa edirdim. Azərbaycan musiqisi çalmağa icazə vermirdilər... Evdə milli musiqimizi ifa edirdim. Günlərin birində Dövlət Konservatoriyasında “Bayatı-Kürd”ü çalırdım. Qəfildən Əhməd Bakıxanov otağa girdi. Məni qucaqlayıb fərəhlə dedi: “Əla, əla!”. Xeyli söhbətdən sonra məni ansamblda qaboy çalmağa dəvət edərək bildirdi ki,“Bayatı-Kürd” rənginin solo hissəsini ifa edəcəksən”. Özü  bu rəngi bircə dəfə tarda ifa etdi. Onun məharətli ifasını qaboyda yaratdım”.

Musiqiçinin yaşadığı mənzildə indi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xalq çalğı alətləri şöbəsi fəaliyyət göstərir. Muğamların təbliğində böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycan Əməkdar müəllimi, Əməkdar incəsənət xadimi və Xalq artisti kimi fəxri adlara layiq görülmüşdür.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermiş, unudulmaz sənətkar, Xalq artisti Əhməd Bakıxanovun 2022-ci ildə anadan olmasının 130 ili tamam olur.

Azərbaycan milli ifaçılıq məktəbinin inkişafında, Xalq musiqisinin, muğamların tədrisi və təbliğində xüsusi xidmətlərini nəzərə alaraq, görkəmli sənətkar Əhməd Bakıxanovun anadan olmasının 130-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oktyabrın 21-də Sərəncam imzalamışdır.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.