Mühüm layihələrin müəllifi olan Azərbaycanı daha firavan və parlaq gələcək gözləyir
Siyasət

Mühüm layihələrin müəllifi olan Azərbaycanı daha firavan və parlaq gələcək gözləyir

Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıda gələn illərdə daha da güclü olacaq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallıq, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın regional lider kimi daha da güclənməsinə və inkişaf etməsinə yol açır.

Ermənistan-Azərbaycan arasında 30 ildən çox davam edən müharibənin başa çatması nəticəsində Qarabağda vəziyyətin sabitləşməsi fonunda Cənubi Qafqazda əmin-amanlığın bərqərar olması, Naxçıvan vasitəsilə Azərbaycanla Türkiyə, daha sonra isə Avropa ilə əlaqələri gücləndirəcək Zəngəzur dəhlizinin reallaşması yaxın gələcəkdə regionda inteqrasiya prosesini sürətləndirməklə yanaşı, həm də ölkələr arasında əməkdaşlıq əlaqələrini də möhkəmləndirəcək. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla bərabər, işğaldan azad olunmuş ərazilərin inkişafına da mühüm töhfə verəcəkdir. Bu isə öz növbəsində ölkəmizin Xəzər limanı infrastrukturunun potensialının artmasına yeni imkanlar açacaq.

Regiondakı geosiyasi vəziyyətin əsaslı şəkildə dəyişməsi iqtisadi əməkdaşlıqda və yeni nəqliyyat kommunikasiyalarının inkişafında bir sıra perspektivlər yaradacaq və eyni zamanda iqtisadi təhlükəsizliyin əsas komponentlərinin - enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin davamlı inkişafını təmin edəcək. Ötən il İkinci Xəzər İqtisadi Forumu və Xəzəryanı ölkələrin liderlərinin VI Sammitinin keçirilməsi regionun inkişafına, rifah, sabitlik və firavanlıq zonasına çevrilməsinə, ölkələr arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə mühüm töhfə olacaq. Belə ki, "Xəzər beşliyi" - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın iqtisadi-ticari əməkdaşlığının inkişafı, ekologiya, energetika, nəqliyyat, infrastruktur və humanitar sahələrdə əməkdaşlıq məsələlərinin yer aldığı Forumda Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı əməkdaşlığının əsas istiqamətləri müəyyən edilmişdir.

Təhlükəsizliyə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verən Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə gündən-günə artır. Ölkəmizdə əldə olunan uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına, 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan cəmiyyətə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyan Azərbaycan dinc, əmin-amanlıq və müasir həyat səviyyəsinin təmin olunduğu ölkə olaraq bütün dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Dövlətçilik ənənələrini möhkəmləndirən, iqtisadi gücünü daim artıran, böyük potensiala malik olan ölkəmizin gələcəyə hesablanmış sürətli inkişafı regiona öz müsbət təsirini göstərir. Vətən müharibəsində qazandığımız qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və yeni beynəlxalq və regional nəqliyyat-logistika infrastrukturunun yaradılması ölkəmizin inkişafında mühüm rol oynayır. Bununla yanaşı, sürətlə inkişaf edən Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, sülhün bərqərar olmasına da mühüm töhfə verir. Əldə olunan uğurlar, qazanılan nailiyyətlər Azərbaycanın gündən-günə qüdrətlənməsinə, yaxın gələcəkdə ölkə iqtisadiyyatının daha da möhkəmlənməsinə zəmin yaradır.

Yüksək, dayanıqlı iqtisadiyyatın və davamlı inkişafın təmin olunması istiqamətində reallaşdırılan islahatlar gələcək 10 il ərzində Azərbaycanı daha güclü ölkəyə çevirəcək. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın, təmiz ətraf və "yaşıl artım" ölkəsinin reallaşdırılması məsələləri Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlərdə öz əksini tapmışdır.

Ölkə iqtisadiyyatına böyük uğurlar gətirən bütün layihələrin reallaşması isə milli maraqlara və inkişaf etmiş Azərbaycanın gələcəyinə yönəlib.

"Əsrin müqaviləsi"nin ilk bəhrəsi ümummilli lider Heydər Əliyevin neft strategiyasının mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhanın doğurduğu əks-səda bu gün dünyanın hər tərəfindən eşidilir. Düşünülmüş, uzaqgörən siyasətin parlaq nəticəsi olan BTC Azərbaycana olan marağı artırmaqla yanaşı, həm də respublikamızın Cənubi Qafqazda lider dövlət kimi tanınmasında mühüm rol oynayır. Ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlini həyata keçirən  Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin reallaşması bütün region üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan neftinin dünya bazarlarına nəqlini təhlükəsiz və ən yüksək beynəlxalq standartlara uyğun şəkildə gerçəkləşdirən BTC ölkə iqtisadiyyatının daha sürətlə inkişafına və ölkəmizin karbohidrogenlərin işlənməsi üçün çox önəmli nəqliyyat limanına çevrilməsinə geniş imkanlar yaradır.

Bu gün neft və qaz ixracına əsaslanan Azərbaycan iqtisadiyyatı dinamik surətdə inkişaf edir. Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşların birgə səyləri nəticəsində reallaşan "Şahdəniz", "Cənubi Qafqaz Boru Kəməri", TANAP və TAP kimi 4 layihədən ibarət olan, XXI əsrin ən mühüm infrastruktur layihəsinin - Cənub Qaz Dəhlizinin açılması ilə ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlanmışdır. Qaz yataqlarının işlənilməsi ilə bağlı ən böyük layihələrdən biri olan Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən təbii enerji resurslarının nəqlində mühüm rol oynayır. 7 hökumət və 11 müstəqil şirkətin iştirakı ilə həyata keçirilən bu layihə Xəzər dənizinin Azərbaycan hissəsinin qaz resurslarını birbaşa Avropa bazarlarına çıxararaq bütöv regionun enerji xəritəsini dəyişir. Böyük neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması müstəqil Azərbaycanın güclü iqtisadi potensialının formalaşmasında müstəsna rol oynamaqla yanaşı, həm də regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verir.

Məhz Prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti nəticəsində reallaşan Cənub Qaz Dəhlizi Azərbaycanın milli iqtisadiyyatının inkişafında mühüm amil olaraq Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyətini artırır. Avropanın enerji təchizatının şaxələndirilməsində, region ölkələrinin öz enerji resurslarının dünya bazarına çıxarılmasında, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan, ölkələr arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verən, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərən Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng beynəlxalq layihədir.

İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin edilməsi, bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələnin başlanğıcıdır. İşğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən yaratmaq Prezident İlham Əliyevin əzmi, qətiyyəti və uzaqgörən siyasəti sayəsində uğurla həyata keçirilir. Bu gün işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası, bir sözlə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrası reallaşdırılır.

İqtisadi inkişaf mərhələsinin vacib amili olan Zəngəzur dəhlizi türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Dəhlizin açılması bütovlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək, regionda inteqrasiyanı təmin edəcək və iqtisadi baxımdan bu yoldan istifadə edən bütün tərəflərə real iqtisadi dividendlər gətirəcək.

Zəfər yolunun inşası, tarixi-mədəni abidələrimizin bərpası, zəruri infrastrukturun yaradılması Böyük Qayıdışın əsas tərkib hissəsi olmaqla bərabər, həm də ölkəmizə regionda iqtisadi üstünlük gətirəcək. Qarabağın bərpası və regionun reinteqrasiyası bura qaynar həyatı qaytarmaqla yanaşı, ölkə iqtisadiyyatına da müsbət təsir edəcək. Regionun təbii resursları, alternativ enerji imkanları, turizm potensialı bu inkişafın vacib komponentlərinə çevriləcək. Bölgədən keçəcək nəqliyyat dəhlizləri Azərbaycanı beynəlxalq miqyaslı mühüm əməkdaşlıq və inteqrasiya platforması kimi möhkəmləndirəcək. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq. Xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihələr isə müstəqil dövlətimizin öz gücü, potensialı, ölkə başçımızın  qətiyyəti, əzmkarlığı sayəsində gerçəkləşir.

Ölkəmiz yol kommunikasiyalarının açılmasına, qonşuluq münasibətlərinin yaxşılaşdırılmasına, düşmənçiliyə son qoyulmasına böyük səy göstərir. Ermənistana sülh təklif edən, müstəqil, sülhsevər, humanist ideyalara əsaslanan Azərbaycan dövləti bundan sonra heç bir müharibənin baş verməməsinə, bölgədə sülhə, təhlükəsizliyə mühüm töhfə verərək xoş gələcək, mehriban qonşuluq, etibarlı tərəfdaşlıq mövqeyi nümayiş etdirir.

Şübhəsiz, bütün bunların fonunda mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə olan Azərbaycanın gələcəyi daha xoş və parlaq olacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".