Dünənin, bu günün və sabahın etibarlı enerji təminatçısı
Siyasət

Dünənin, bu günün və sabahın etibarlı enerji təminatçısı

Qüdrətli Azərbaycan dövləti qlobal məkanda artan nüfuzu ilə diqqət mərkəzindədir. Zəngin təbii resurslara sahib ölkəmizlə dünyanın bir çox güc mərkəzləri əməkdaşlıq edirlər. Həmçinin yerləşdiyimiz coğrafi mövqeyin geosiyasi və iqtisadi imkanları Azərbaycanın cəlbediciliyini daha da artırır. Məlumdur ki, yeni dünya düzənində enerji xəritələri, tranzit yolları, qarşılıqlı maraqlar olduqca dəyişir. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizin məhz bu çərçivədə, regional lider dövlət statusu daşıması bir çox dividendlərin qazanılmasını mümkün edir. Qeyd edək ki, Avropanın Rusiya-Ukrayna müharibəsi başlanandan bəri enerji təhlükəsizliyi və təminatı ilə bağlı ciddi problemləri mövcuddur. Məhz Azərbaycana göstərilən etimad və qazanılan nüfuzun nəticəsidir ki, bu gün "qoca qitə"yə enerji ixrac edirik.

Keçmişdən bu günə "Odlar yurdu" Azərbaycanın enerji potensialı daim diqqət mərkəzində olub. Müasir dövrümüzdə də reallaşdırılan layihələr, qurulan etibarlı tərəfdaşlıqlar bunu göstərir. Yeri gəlmişkən, martın 1-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, bərpaolunan enerji mənbələri üzrə potensialı və Xəzərdən Avropaya yaşıl enerjinin ixrac perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Bakının enerji gündəliyi öz zənginliyi ilə seçilir. Bu gün ölkəmiz Avropaya təbii qaz ixrac etməklə onların iqtisadiyyatını mümkün təhlükələrdən xilas edir, həm də həmin ölkələrin ekosistemlərinin mühafizəsinə töhfə verir. Başqa sözlə desək, Azərbaycan qarşıya qoyduğu hədəflərə çatdığı üçün təbii qaz istehsalını artırır. Bununla yanaşı, ölkəmiz həm də bərpaolunan enerji istehsalına başlayır, həmçinin Şərq-Qərb dəhlizinin tranzit imkanlarını da şaxələndirir.

Qeyd etdiyimiz kimi, qlobal aktorların Azərbaycana artan marağı əməkdaşlığımızı da genişləndirir. Bu çərçivədə, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən ADNOC şirkətinin Abşeron layihəsinin səhmdarı olması heç də təsadüfi deyil.

Azərbaycanla birgə çalışmaq arzusunda olan enerji şirkətlərindən çoxsaylı müraciətlər daxil olur. Bu müraciətlər həmin şirkətlərin fəaliyyət göstəricilərinə və bizim enerji gündəliyimizə əsasən nəzərdən keçirilir.

Azərbaycan artıq 3 ildir ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını həyata keçirir. Dövlətimiz məhz bu dəhliz vasitəsilə tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarlarına ixrac etməyə başlayıb. Xatırladaq ki, 2014-cü ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bakıda, bundan sonra isə Türkiyənin Qars vilayətində TANAP-ın təməlqoyma mərasimi keçirilib. 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Qeyd edək ki, TANAP Azərbaycan qazını Gürcüstan vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə kimi, Trans-Adriatik Boru Kəməri (TAP) isə mavi yanacağı Türkiyə-Yunanıstan sərhədindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırır. Qlobal əhəmiyyətə malik olan hər iki layihənin ümumi dəyəri 12 milyard ABŞ dollardır. Xüsusi vurğulamaq lazımdır ki, iki nəhəng layihənin reallaşdırılması cənab İlham Əliyevin birbaşa təşəbbüsü nəticəsində mümkün olub. 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təbii qaz ixrac edərək öz enerji potensialını dünyaya bir daha nümayiş etdirib. Xatırladaq ki, Cənub Qaz Dəhlizi siyasi, iqtisadi münasibətlərlə yanaşı, sosial əlaqələrin genişlənməsinə və dərinləşməsinə də xidmət edir.

Avropaya nəql edilən qazın hasil edilməsində "Şahdəniz" yatağı mühüm rol oynayır. Sözügedən yataq istismara veriləndən 2023-cü ilin dekabrına qədər 206,7 mlrd. kubmetr qaz hasil edilib. Həmin dövrdə "Şahdəniz"dən hasil edilən qazın 146,4 mlrd. kubmetri ixraca yönəldib. "Şahdəniz" qaz-kondensat yatağının istismara verilməsilə respublikamızın beynəlxalq nüfuzu daha da artıb.

Qlobal enerji probleminin aktuallığını qoruyub saxladığı bir zamanda Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsi dövlətimizin bu sektorda əldə etdiyi uğurların nəticəsidir. Vahid iqtisadi enerji planına uyğun olaraq hərəkət edən Azərbaycan həm regionda, həm də qlobal arenada böyük nailiyyətlərə imza atıb. Bir məqamı da qeyd edək ki, ölkə başçımız sözügedən tədbirdə Cənub Qaz Dəhlizi ilə bağlı önəmli bir yeniliyi açıqladı. Qaz nəqlində Türkiyə vasitəsilə Trans-Balkan boru kəmərindən istifadə etmək üçün razılıq əldə edilib. Növbəti şaxələndirmə layihəsi kimi enerji ixracatının mərhələsi başlayır.

Qeyd edək ki, müasir dövrün tələbi kimi "yaşıl enerji"nin əldə olunması öz aktuallığı ilə seçilir. Məhz Azərbaycan da bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngindir. İlkin dəyərləndirmələrə əsasən, təkcə işğaldan azad edilən ərazilərimizdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialı reallaşdırır. Qeyd edək ki, işğaldan azad edilən ərazilərimizdə bərpaolunan enerjidən istifadə edilir. Çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər də respublikamızda bərpaolunan enerji sahəsinə böyük həcmdə investisiyalar yönəltməyə başlayıblar. Buna nümunə kimi, BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırımın qeyd etmək olar. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış ön protokollar əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 qiqavat təşkil edir: "Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq".

Artıq Azərbaycan xarici siyasətini genişləndirirək qlobal aktora çevrilib. Bir sıra mühüm beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında oynadığı rol onu deməyə əsas verir ki, bu gün Azərbaycan dünyada və regionda baş verən proseslərin önəmli tərkib hissəsidir. Dünya dövlətlərinin Azərbaycana diqqəti, beynəlxalq aləmdə ölkəyə göstərilən inam və etimad qeyd etdiyimiz fikirləri təsdiqləyir. Təsadüfi deyil ki, ölkəmiz bu gün beynəlxalq səviyyədə mötəbər tədbirlərin ev sahibi kimi çıxış edir. Azərbaycana göstərilən etibar, önəm və diqqətin nəticəsidir ki, bu il COP29 kimi qlobal əhəmiyyətə malik tədbir məhz Bakıda keçiriləcək. Xatırlatmaq lazımdır ki, məhz 2024-cü il ölkə başçımızın Sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik İli" elan edilib. Bu baxımdan olduqca əhəmiyyətli tədbirə ev sahibliyimiz planetar problemlərin həlli istiqamətində çox önəmlidir.

Nurlan ABDALOV,

"Respublika".