AZƏRBAYCANIN İMKANLARINI DÜNYAYA TANIDAN ÖNƏMLİ PLATFORMA
Siyasət

AZƏRBAYCANIN İMKANLARINI DÜNYAYA TANIDAN ÖNƏMLİ PLATFORMA

Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması həm də dövlət başçısının yüksək nüfuzunun göstəricisidir. Çünki  qlobal problemlərin müzakirə olunduğu və dünyanın  iqtisadi həyatında önəmli qərarların verildiyi Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə sövq edir.

Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında  çıxışı zamanı bir sıra vacib məqamlara toxunub. Ölkə başçısı  bildirib ki, Orta Dəhliz kimi bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir ki, bu da layihənin üstünlüklərindəndir.  Təbii ki, uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir.  Azərbaycan özünün Qərb  qonşuları Gürcüstan və Türkiyə, Şərqdə isə Mərkəzi Asiya ilə gözəl münasibətlər qurub. Qərb və Şərq arasında təbii-coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

Orta Dəhlizin perspektivlərindən  və üstünlüklərindən danışan Prezident onu da qeyd edib ki, Azərbaycan Orta Dəhlizlə bağlı bütün təşəbbüsləri dəstəkləyir və həmin yolun işləməsi üçün üzərinə düşən vəzifələri icra edir. Ölkəmizdə həmin nəqliyyat infrastrukturunun  zəruri seqmentləri artıq qurulmuşdur.

Azərbaycan  Prezidenti  həm də  konkret təkliflərlə çıxış edərək diqqətə çatdırıb ki, artıq bu ildən etibarən neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da istifadə etməyə başlamışıq. Odur ki, bu dəhlizdən, həmçinin karbohidrogenlər  istifadə etmək potensialı mövcuddur və bundan yararlanmaq lazımdır.  Eləcə də "Vahid pəncərə" sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri arasında  əməkdaşlıq genişləndirilməlidir.

Dövlət başçısı  dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsinin vacibliyinə də toxunaraq Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu bağlantılarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflə çıxış edib. Həmçinin, Azərbaycanda bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğu barədə də məlumat verib. Həqiqətən də, ölkəmizdə bu istiqamətdə olduqca vacib işlər görülməkdədir. Məlumdur ki, hazırda ölkəmizin dəniz limanının yükaşırma qabiliyyəti 15 milyon tondur. Lakin artıq həmin həcmin 25 milyon tona qədər genişlənməsi ilə bağlı işlərə start verilib və  bunun üçün vəsait də ayrılıb. Bu, olduqca vacibdir, çünki son illər ərzində Mərkəzi Asiyadan böyük həcmdə yüklərin istiqamətinin dəyişilməsi müşahidə olunur.

Forumda  tranzit ölkə ilə istehlakçı arasında balansın olmasının vacibliyi də qeyd olunub. Prezident bu məqama toxunaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan və Türkiyə-Gürcüstan arasındakı münasibətləri qeyd edib. Bu ölkələr arasında artıq üçtərəfli əməkdaşlıq formatının olması, xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində təmaslar, eləcə də üç ölkə başçısının iştirakı ilə liderlər sammitinin keçirilməsi təbii olaraq ölkələrimiz arasında münasibətlərin inkişafına böyük dəstək verir.  Dövlət başçısı deyib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq çox vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi işlər görülməkdədir.  Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır.

Bəli, bu gün bütün, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. İstehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balansın vacibliyi baxımından  ölkəmiz  qarşılıqlı faydalı mühit yaratmağa müvəffəq olub və maraqların balansı qorunub saxlanılıb.

Qeyd edək ki, təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi dərhal müxtəlif istiqamətlər üzrə işlərin görülməsinə başlanıldı. Birincisi, hasilatın fiziki artımı, səmərəliliyi, itkilərin azaldılması və daxildə qənaət ediləcək qazın  Avropa bazarına ötürülməsi istiqamətində işlər görüldü. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixracın ən azı 11,6 milyard kubmetr olacağı gözlənilir. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda ölkəmizin 2027-ci ilə qədər təchizatının iki dəfə artırılacağı nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qaz ixrac etməyə imkan verdi.

Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır.  Ekspertlərin rəyinə görə, TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi  həcm artırılmalıdır. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq.

Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial isə 27 qiqavatdır. Eyni zamanda, Vətən müharibəsində işğaldan azad edilən  ərazilərdə 10 qiqavat potensial mövcuddur.

Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. "Masdar"la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. "Fortescue Future Industries"lə imzalanmış Anlaşma Memorandumuna əsasən, 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.

Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Son olaraq qeyd edə bilərik ki,  Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün Davos Forumu önəmli platformadır.

Nurəngiz ADİLQIZI,

"Respublika".