Müharibə veteranı adını iftixarla daşıyan
Region

Müharibə veteranı adını iftixarla daşıyan

Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi, şəhidlərimizin qisasının alınması, xalqımızın şərəfinin və qürurunun bərpa edilməsi uğrunda canından keçən, ömrünü qurban verən və erməni faşistlərini diz çökdürən oğulların qəhrəmanlığı Azərbaycanın qan yaddaşına əbədi yazılıb. 

Ən yaxın tarixə nəzər salanda aydın olur ki, son 18 il ərzində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbəyə addım-addım yaxınlaşıb, nəyin nə zaman həll ediləcəyini dövlət başçımız daha yaxşı bildiyi üçün bu Zəfər qazanıldı. Bu parlaq qələbənin əldə olunmasında şəhidlərin,  qazilərin,  bütün müharibə iştirakçılarının qəhrəmanlığı və şücaəti heç zaman unudulmayacaq.

Füzulidən Şuşa şəhərinədək şərəfli döyüş yolu keçən Hümbət Şəmmədov da belə mərd oğullardan biridir.  O,  1997-ci il aprelin 30-da Ağcabədi rayonunda zəhmətkeş insan kimi tanınan Rafiq kişinin ailəsində dünyaya göz açıb.  Hümbət həyatda mərdliklə yaşamağı, çətinliklərin öhdəsindən gəlməyi də atasından öyrənib.  Ağcabədidə M. F. Axundov adına şəhər 3 saylı tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Bakı şəhərində Müdafiə Nazirliyinin tərkibində olan Sülhməramlı Qüvvələrin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçib.  Xidmət etdiyi hərbi hissədə keçirilən normativ hazırlıqlarda uğurla iştirakına görə H. Şəmmədov  komandanlıq tərəfindən Fəxri fərman və hədiyyə ilə təltif olunub.

Vətən müharibəsi başlayanda Hümbət könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsində qeydiyyatdan keçib.  İlk döyüş yolu 2020-ci il oktyabr ayının 1-də top və raket mərmilərinin yağış kimi yağdığı Füzulinin Merdinli kəndi istiqamətində başlayıb.  Kəşfiyyat bölüyündə Ermənistan silahlı qüvvələrinə qarşı igidliklə döyüşən cəsur döyüşçü Füzuli şəhərinin və Merdinli,  Qaraxanbəyli,  Aşağı Alxanlı,  Kürdlər kəndlərinin mənfur düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb,  bu zaman düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməyi bacarıb.  Hümbət Xocavəndin Hadrut qəsəbəsinin işğaldan azad olunması uğrundakı hərbi əməliyyatlarda yaxından iştirak edib.  2020-ci ilin noyabr ayında o,  Şuşadakı Topxana meşəsində şəxsi heyətlə müdafiə mövqeyində dayanıb. Vətən müharibəsi şanlı qələbə ilə başa çatandan sonra Hümbət dekabr ayının axırınadək azad Şuşa şəhərində hərbi xidmətini davam etdirib.  

Prezident,  Qalib Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun əsgəri Hümbət Şəmmədov“Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Hərbi xidmətdən qayıtdıqdan sonra Hümbət uşaq vaxtlarından böyük həvəs göstərdiyi qaynaqçılıq peşəsinə yiyələnmək üçün Zərdab rayon peşə liseyində təhsil alıb.  Hazırda öz peşəsi üzrə əmək cəbhəsində layiqincə çalışır. Müharibə veteranı, qəhrəman döyüşçü indi qürur və iftixarla addımlayır, gələcəyə inamla baxır.

                                                      Salman ALIOĞLU,

                                                         “Respublika”.