Müharibə qəhrəmanları bədii əsərlərdə yaşayacaq
Region

Müharibə qəhrəmanları bədii əsərlərdə yaşayacaq

Zaman qanlı-qadalı müharibə günlərindən bizi nə qədər çox ayırsa da, həlak olan qəhrəman oğullarımızın xatirəsi getdikcə daha əziz tutulur. Şəhid oğullarımızın xatirəsi əbədiləşdirilərək abidələr ucaldılır, xiyabanlar salınır. Küçələrə onların adı verilir, məzarları ziyarətgaha çevrilir.

Bu yaxınlarda Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən irəli sürülən maraqlı bir təşəbbüs də diqqət çəkir. Şimal regionunun mədəniyyət işçiləri Vətən müharibəsi şəhidləri, qazi və veteranların bədii obrazını yaratmaq təşəbbüsü irəli sürmüşlər. Bu barədə idarənin rəisi Vüsal Hüseynov məlumat verərək deyir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 44 günlük Vətən müharibəsində 30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarımızı azad edərək düşmən üzərində parlaq qələbə qazanmışdır. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibədə şimal rayonlarından olan gənclərimiz də şücaət və igidlik nümunələri göstərmişlər. Onların bu döyüş qəhrəmanlıqlarını daha çox üzə çıxarmaq, daha çox tanıtdırmaq üçün qərara gəldik ki, “Zəfər yazanlar” adlı regional ədəbi yazı müsabiqəsi təşkil edək. Müsabiqənin keçirilməsində məqsədimiz  regionda yaşayıb-yaradan yazıçı və şairlərin Vətən müharibəsi ilə bağlı əsərlərin yazılması və toplu halına salınması, gələcəkdə bu əsərlərdən mədəni-kütləvi tədbirlərdə istifadə edilməsi, qələbənin daha parlaq işıqlandırılmasıdır. Müsabiqə Vətən müharibəsində vuruşan, şimal bölgəsindən olan igid döyüşçülərimizin (şəhid, qazi və veteran) bədii obrazının ədəbiyyata gətirilməsini təmin edəcəkdir. Müsabiqə ilə bağlı elan artıq idarənin sosial şəbəkə hesablarında yerləşdirilmiş, Kitabxana müəssisələrinə bu istiqamətdə müvafiq tapşırıqlar verilmişdir. Müsabiqənin ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulubdur.

Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın ailələri və qazilərimiz daim Xaçmaz Regional Mədəniyyət İdarəsinin diqqət mərkəzindədir. İdarə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət edilir, onlara maddi yardım və mənəvi dəstək göstərilir.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.