Muğanda daha bir bulaq kompleksi
Region

Muğanda daha bir bulaq kompleksi

Hacıqabul rayonunun Muğan qəsəbəsində anadan olmuş, 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Qalası Müslüm oğlu Kərimlinin anım günündə qəsəbənin Vətən Müharibəsi Şəhidləri Qalası Müslüm oğlu Kərimli və Səbuhi Ziyafət oğlu Əhmədovun xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulaq kompleksinin açılışı oldu.

Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin bir qrup nümayəndəsi, məktəblilər, şəhidin dostları, ailə üzvləri və qəsəbə sakinləri iştirak etdilər. Şəhidin xatirəsi anılaraq xatirə bulağının önünə tər qərənfillər düzüldü. Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açıldı.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidlərin valideynlərinə başsağlığı verdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışdı. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd etdi. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

 Tofiq HÜSEYN,

 "Respublika".