Mübarizlər
Region

Mübarizlər

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, fəxrimizdir. Gənc nəslə örnək olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçının müavini Namiq Süleymanov, Milli Məclisin deputatı Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhid ailələri, yaxınları,  qazilər, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidlərini böyük ehtiramla  anıblar.  Sonra Vətən müharibəsi şəhidləri gizir Alıyev Vahid Abbas oğlunun  Alunitdağ qəsəbəsində və əsgər Quliyev Elvin Amil oğlunun Əhmədli kəndində  xatirələrinə inşa olunmuş bulaqların açılışında iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunan açılış mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyəti başçının müavini Namiq Süleymanov və millət vəkili Kamran Bayramov müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u və qalib ordumuzun qəhrəmanlığı, şücaəti, vətənpəvərliyi ilə düşmənin belini qıraraq torpaqlarımızın  işğalçılardan azad olunmasından  böyük fəxarət hissləri ilə danışıblar.  Şəhid   Vahid Alıyevin və şəhid Elvin Quliyevin şərəfli həyat və şanlı döyüş yolundan ətraflı söhbət  açıb, xalqımızın şəhidlərimizlə qürur duyduğunu vurğulayaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarına Allahdan rəhmət diləyiblər.  Bildiriblər ki, Azərbaycan dövləti və xalqı öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir, onları heç zaman unutmayacaqlar.

Övladları ilə qürur duyduqlarını dilə gətirən şəhid Vahid Alıyevin atası Abbas Alıyev, anası Pəri Alıyeva, şəhid Elvin Quliyevin atası Amil Quliyev, anası Elnarə Quliyeva “Təki Vətən sağ olsun” deyiblər, şəhid  ailələrinə göstərilən diqqət və qayğıya  görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.  

Zabit XƏLİLOV, 

“Respublika”.