UCA MƏQAMA YÜKSƏLƏNLƏR
Region

UCA MƏQAMA YÜKSƏLƏNLƏR

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınmasında ordumuz yeni bir zəfərə imza atdı. Namərd düşmənin hücumlarını peşəkarlıqla dəf edərək üçrəngli bayrağımız yeni strateji əhəmiyyətli yüksəkliklərdə, daha uca zirvələrdə dalğalanmağa başladı. Bu yolda şəhidlərimiz də oldu. Dağlar diyarı Lerik də üç şəhid verdi. Sərhəd Xidmətinin baş çavuşu Şəmistan Sadıxov, Milli Ordumuzun leytenantı Vüsal Məlikov və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Coşqun Zülfizadə.

Şəmistan Əbdülağa oğlu Sadıxov 1994-cü il noyabr ayının 6-da Lerik rayonunun Əvilə kəndində anadan olub. İlk təhsilini doğma kəndində ümumi orta məktəbdə alıb. Qonşu Murya kəndində tam orta məktəbi bitirib. Orta təhsilini başa vurduqdan bir il sonra həqiqi hərbi xidmətə yollanıb. Sülhməramlı qüvvələrin tərkibində Əfqanıstanda xidmət keçib. Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirib, nizam-intizamlı əsgər kimi fərqlənib. Vətən sevgisi, torpağa məhəbbət onu hərb sənətinə bağlayıb. Şəmistan 2017-ci ildən Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Əsl vətənpərvər, peşəkar hərbçi kimi sərhədlərimizi qoruyub. 2020-ci ildə Vətən müharibəsində fədakarlıq, igidlik, qəhrəmanlıq nümunəsi göstərib.

Şəmistan üç ay əvvəl ailə həyatı qurmuşdu. Üç bacının tək qardaşı idi. 2022-ci il sentyabr ayının 13-də Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid oldu. Əmisi, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov deyir: "Oğullar ona görə böyüyür ki, Vətəni, torpağı qorusunlar. Belə bir deyim də var: Torpaq uğrunda ölən varsa Vətəndir. Fəxarət hissi keçirirəm ki, Şəmistan müstəqil Azərbaycanın ərazi bütövlüyü yolunda qəhrəmanlıq göstərərək şəhid olub. Döyüş yolu, şücaətləri ilə hər birimiz qürur duyuruq. Təki Vətən sağ olsun".

Vüsal Bəxtiyar oğlu Məlikov 1 yanvar 2000-ci ildə Lerik rayonunun Almu kəndində dünyaya göz açıb. Məktəb illərindən hərbçi olmağı qərara alıb. Almu kənd ümumi orta məktəbin 7-ci sinfini bitirərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Liseyi bitirdikdən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına qəbul olunub.

2020-ci ildə ali hərbi təhsili müvəffəqiyyətlə başa vurub. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində leytenant rütbəsində xidmətə başlayıb. Vətən müharibəsində xüsusi igidlik, qəhrəmanlıq göstərib. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Silahlı Qüvvələrin hərbi qulluqçusu Vüsal Bəxtiyar oğlu Məlikov "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin törətdiyi təxribatlar nəticəsində gənc leytenant Vüsal Bəxtiyar oğlu Məlikov döyüş zamanı qəhrəmancasına şəhid olub.

Hər iki şəhid doğma kəndlərində böyük izdihamla torpağa tapşırılıb. Dəfn mərasimlərində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və qohumları, hərbçi yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra başçısı Ə.Abbasov şəhidlərin valideynlərinə, ailə üzvlərinə başsağlığı verib. Vətənə igid, qəhrəman oğullar bəxş etdiklərinə görə valideynlərə dərin təşəkkürünü, ehtiramını bildirib. Şəhidlərin tabutlarının büküldüyü müqəddəs üçrəngli bayraq şəhid atalarına təqdim olunub.

Coşqun Ədail oğlu Zülfizadə 1998-ci il dekabr ayının 27-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 2002-ci ildə ailələri Bakı şəhərinə köçüb. Xəzər rayonunun Binə qəsəbəsindəki 218 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Nümunəvi, intizamlı əsgər kimi komandirlərin, əsgər yoldaşlarının hörmətini qazanıb. 2020-ci ilin sentyabrında Coşqun könüllü olaraq Vətən müharibəsində iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Coşqun Ədail oğlu Zülfizadə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Coşqunun Vətən müharibəsində göstərdiyi şücaət komandirlərinin diqqətindən yayınmayıb. Müharibədən sonra C.Zülfizadə yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində xidmət etməyə başlayıb.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş genişmiqyaslı təxribatın qarşısını alarkən müddətdən artıq hərbi qulluqçu Coşqun Zülfizadə qəhrəmancasına şəhid olub.

Coşqun ailədə iki qardaş, iki bacı idilər. İki ay əvvəl onun üçün nişan xonçası aparılmışdı. Oktyabr ayında toyu olacaqdı. Namərd düşmən bütün arzularını yarımçıq qoydu. Qəhrəman hərbçinin nəşi valideynlərinin yaşadığı Binə qəsəbəsinə gətirilərək Silahlı Qüvvələrin hərbi orkestrinin müşayiəti və əsgərlərin yaylım atəşi altında Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkillərindən Soltan Məmmədov, Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirlərindən Rahib Şiriyev və Zamiq Əhədov, icra aparatının məsul işçilərindən Nüsrət Kərimov, Asiman Tağızadə, Müdafiə Nazirliyinin hərbçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri və qohumları iştirak ediblər.

Mərasimdə icra başçısı Elşən Salahov şəhidin ailəsinə başsağlığı verərək torpaqlarımızın müdafiəsi zamanı şəhid olanlarla qürur duyduğunu, onların daim xatirələrdə yaşayacağını bildirib. Sonra müstəqil Azərbaycanın müqəddəs üçrəngli bayrağını şəhidin atası Ədail Zülfiyevə təqdim edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Əlisəfa HƏSƏNOV,

"Respublika".