Müasir dövlətçiliyimizin banisi
Region

Müasir dövlətçiliyimizin banisi

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Ümummilli lider xalqını, Vətənini fədakarlıqla, böyük məhəbbətlə sevirdi. Azərbaycanlı olmağı ilə həmişə qürur duyan, bütün mənalı ömrünü Azərbaycanın inkişafına və tərəqqisinə həsr edən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub.

Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoydu. Respublikada siyasi sabitliyə nail olundu. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, hərbi və mədəni həyatında əsaslı dönüş yarandı, əmin-amanlıq bərqərar olundu.

 Bu gün ulu öndərin layiqli davamçısı, qalib Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğalçılardan təmizlənib, Ermənistanın 30 illik hərbi təcavüzünə son qoyulub. Ölkədə uğurlu inkişafa nail olunub. Azərbaycan xalqı xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi, hərbi və iqtisadi cəhətdən Qafqazın ən qüdrətli ölkəsinə çevrilib.

15 İyun - Milli Qurtuluş Günü ilə bağlı Füzulidə silsilə tədbirlər keçirilir. Rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Horadiz şəhər Heydər Əliyev Mərkəzində “Milli Qurtuluşdan Böyük Qələbəyə aparan yol” adlı tədbir keçirilib. Tədbirdə pandemiya qaydaları gözlənilməklə yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Horadiz şəhər 2 və 3 saylı məktəbin tarix müəllimləri Hikmət Xudiyev və Kənan Quliyev ulu öndərin həyat və fəaliyyətindən ətraflı bəhs edib, onun Füzuliyə səfərləri barədə şagirdlərə məlumat veriblər. Bildirilib ki, Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidməti ölkənin ən çətin günlərində dövlətçiliyi qoruması və ölkənin parçalanmasına yönəldilmiş terror hadisələrinin qarşısını almasıdır. Dahi şəxsiyyət Heydər Əliyev əsl vətəndaş, qətiyyətli lider və böyük siyasətçi kimi Azərbaycan tarixinə öz imzasını atıb.

Qeyd olunub ki, ulu öndərin siyasəti son 18 il ərzində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ən xoşbəxt övlad kimi ata vəsiyyətini yerinə yetirir.

Siyasi arenada güclü dövlətə çevrilən Azərbaycanın iqtisadi və hərbi gücü də dəfələrlə artıb. Ötən ilin sentyabrında Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu əks-hücuma başlayaraq  44 gün ərzində Ermənistan ordusunu  darmadağın edib, torpaqlarımız işğalçılardan azad edilib. Bu gün həmin ərazilərdə həyat canlanır, tikinti-quruculuq işlərinə başlanılıb. Füzulidə böyük və müasir təyyarə limanı inşa edilir, Füzulidən Şuşa şəhərinə Zəfər yolu çəkilir.

Sonra tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx izlənilib, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Salman ALIOĞLU,

“Respublika”.