Misirli politoloq: Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyası ilə əlaqələrində yeni mərhələnin əsasını qoydu
MÜSAHİBƏLƏR

Misirli politoloq: Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyası ilə əlaqələrində yeni mərhələnin əsasını qoydu

Prezident İlham Əliyevin Əlcəzairdə təşkil olunan Ərəb Sammitində iştirakı Azərbaycanın ərəb dünyası ilə əlaqələrində keyfiyyətcə daha yüksək və yeni mərhələnin əsasını qoydu. Azərbaycanın dövlət başçısının ərəb ölkələrinin liderləri tərəfindən bu mötəbər tədbirə Fəxri qonaq qismində dəvət olunması onun Yaxın Şərqdə yüksək nüfuzunun təzahürüdür.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbiri ilə müsahibəsində misirli politoloq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə tədqiqatçı Əhməd Əbdo Tərabik söyləyib.

O bildirib ki, Qoşulmama Hərəkatının hazırkı rəhbəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Liqası Dövlətlərinin 31-ci Sammitində iştirakı Cənubi Qafqaz, Yaxın Şərq regionlarında və ümumilikdə dünyada sabitliyin və sülhün əldə edilməsi istiqamətində beynəlxalq ictimaiyyətə çağırış ilə yadda qaldı. O, həmçinin Azərbaycan ilə ərəb ölkələri arasında tarixi əlaqələrə yüksək qiymət verdi, gündən-günə inkişaf edən əməkdaşlığın yeni mərhələsinin yol xəritəsini təqdim etdi.

Azərbaycan Prezidentinin Sammitdə dərin məzmunlu çıxışından bəhs edən politoloq qeyd edib: "Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Ərəb Sammitindəki mühüm nitqində bir çox mühüm məsələlərə, o cümlədən bəzi dövlətlərin digər ölkələrin torpaqlarını işğal etməsinə işıq saldı və vurğuladı ki, onun rəhbərlik etdiyi Hərəkat mövcud problemlərə son qoymağa, beynəlxalq aləmdə bu problemlərlə əlaqədar ikili standartların qarşısını almağa çalışır. Azərbaycan Prezidenti vurğuladı ki, məhz beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçı mövqeyi nəticəsində Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdi və ərazilərini azad etdi. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Ermənistanın dağıtdığı şəhər və kəndlərin bərpa edildiyini, "Böyük Qayıdış" adlı proqramın həyata keçirildiyini də diqqətə çatdırdı".

Dövlətimizin başçısının ərəb dövlətləri ilə əlaqələrin möhkəmlənməsi barədə fikirlərini şərh edən politoloq vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərəb ölkələri ilə tərəfdaşlığı gücləndirmək, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əlaqələri möhkəmləndirmək və bu təşkilata üzv ölkələrlə həmrəylik prinsiplərini təşviq etmək arzusunda olduğunu bildirdi. Dövlət başçısı bu kontekstdə Azərbaycanın Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini və bütün bu işğal illərində ərəb qardaşlarından, İslam Əməkdaşlıq Təşkilatından dəstək aldığını qeyd etdi, həmçinin bu məsələdə həmrəylik nümayiş etdirən ərəb ölkələrinə və beynəlxalq qurumlara təşəkkürünü bildirdi.

Ə.Tərabik deyib: "Prezident İlham Əliyevin Əlcəzairə səfəri və Ərəb Sammitində iştirakı Azərbaycan ilə ərəb ölkələri arasında müxtəlif sahələrdə daha möhkəm dostluq və əməkdaşlıq körpüləri qurmaq üçün geniş qapılar açır. Azərbaycanın dövlət başçısı beynəlxalq ictimaiyyətə çox vacib müraciət etdi, sülhün və sabitliyin təmin edilməsi, işğala məruz qalan ölkələrə qarşı haqsızlığın aradan qaldırılması, böyük dövlətlərin Azərbaycanın və ərəb ölkələrinin problemlərinə münasibətdə ikili standartlardan imtina etməsinin zəruriliyini vurğuladı. O bildirdi ki, bu məsələlərdə rəsmi Bakının və ərəb dövlətlərinin maraqları üst-üstə düşür".

AZƏRTAC