Milli tarixi-mədəni abidələrimiz həm də ümumbəşəri sərvətdir
Mədəniyyət

Milli tarixi-mədəni abidələrimiz həm də ümumbəşəri sərvətdir

UNESCO-nun ermənilərin ölkəmizdə törətdiyi cinayətlərə susqunluğu, ədalətsizliyi və biganə münasibəti təəssüf doğurur

Azərbaycan və UNESCO arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edib və ölkəmiz iştirakçısı olduğu bütün beynəlxalq platformalarda, o cümlədən UNESCO çərçivəsində dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində etibarlı tərəfdaşa çevrilib.

Ölkəmizin təşkilatla əməkdaşlığının inkişafında, təşkilatın ideya və məqsədlərinin beynəlxalq səviyyədə və ölkə daxilində təşviq edilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri xüsusi vurğulanmalıdır.

Məhz onun diqqət və dəstəyi ilə təhsil, mədəni irsin qorunması, Azərbaycanda və dünyada tarixi abidələrin bərpa və mühafizə olunması, mədəniyyətlərarası dialoq və digər sahələrdə Azərbaycan tərəfindən UNESCO dəyərlərinin təşviq edilməsinə böyük töhfələr verilib.

Aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2021-ci ilin noyabr ayında UNESCO Baş konfransının 41-ci sessiyası zamanı keçirilən seçkilərdə üzvlərin böyük əksəriyyətinin dəstəyini qazanmaqla 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilib. Bu illər ərzində Azərbaycanın 3 maddi irs və 15 qeyri-maddi irs nümunəsi UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Azərbaycanın 3 şəhəri - Bakı, Gəncə və Qəbələ - UNESCO-nun Öyrənən Şəhərlər Şəbəkəsində, Bakı, Şəki və Lənkəran şəhərləri isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsində yer alıb. Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib. Ölkəmiz uzun illər ərzində öz təcrübəsi və iştirakı ilə həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Ölkəmiz, bundan sonra da UNESCO-nun dəyərlərinə sadiq qalmaqla Təşkilatın fəaliyyət istiqamətləri üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətindədir.

Təəssüf ki, bu pozitiv əməkdaşlıq fonunda 2017-ci ildən UNESCO-ya rəhbərlik edən Odri Azulayın ölkəmizə qarşı qərəzli münasibəti hiss olunmaqdadır. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan, Azərbaycan mədəniyyətinin izlərini saxtalaşdıran, xalqın mədəni irsini məhv edən, ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparan, qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirən, cinayət predmeti olan çoxsaylı əməllər törədən, şəhər və kəndlərimizin adlarını, hətta xristian dini abidələrinin mənşəyini dəyişdirən Ermənistana qarşı hər hansı tədbir görülməsinə çağırış etməyən UNESCO-nun 44 günlük müharibədən sonra xristian abidələri haqqında əsassız çağırışları əhalinin bu quruma olan etibarına, qurumun tərəfsizliyinə və obyektivliyinə böyük təsir etmişdir. 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESCO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı UNESCO Katibliyi qətiyyətlilik nümayiş etdirməyib. Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir.

Bu ilin aprel ayında UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndəriləcəyi barədə Azərbaycan  Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə razılıq əldə olunub. Ölkəmizin müxtəlif qurumları tərəfindən UNESCO-ya ünvanlanmış çoxsaylı müraciətlərdə dəqiq faktlar təqdim edilmişdir. Vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o, tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Ermənistan UNESCO-nun heç bir layihəsində aktiv iştirak etməyib, yalnız öz ərazisində olan abidələrin bərpası ilə bağlı layihələrdə iştirak edib, Azərbaycandan fərqli olaraq, beynəlxalq layihələrdən həmişə kənarda qalıb, heç vaxt dəstək olmayıb. Ona görə də UNESCO-nun bəzi məsuliyyətsiz məmurlarının Azərbaycanın erməni vandalizminə məruz qalan abidələrinə bu cür münasibəti xalqımızın haqlı hiddətinə səbəb olur. Çünki münasibətlər qarşılıqlı olmalıdır. UNESCO nəzərə almalı idi ki, Azərbaycan tərəfi onun bütün tədbirlərində, xüsusən də dünyanın mədəni irsinin bərpası və qorunması istiqamətindəki fəaliyyətdə çox ciddi şəkildə aktivdir, onun bütün işlərinə dəstək olub. Çox təəssüflər olsun ki, UNESCO Azərbaycan kimi bir dövlətin erməni vandalizminə məruz qalan maddi-mədəni irsinə, abidələrinə bu cür biganə, laqeyd münasibət sərgiləyir və "erməni irsi"nin qeydinə qalır.

Ölkə başçısı deyib: "Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər?".

Sentyabrın 29-da Mexiko şəhərində davam edən "Mondiacult 2022" konfransı çərçivəsində Azərbaycanın mədəniyyət naziri  çıxışında tədbir iştirakçılarının diqqətini Azərbaycanın 30 ilə yaxın dövr ərzində erməni işğalı altında olmuş ərazilərində Ermənistan tərəfindən törədilən etnik-mədəni soyqırıma yönəldib. İşğal dövründə Azərbaycanın mədəni irsinə qarşı misli görünməmiş sistemli və məqsədyönlü əməllər nəticəsində çox sayda məscidlər, tarixi abidələr, müxtəlif mədəniyyət müəssisələrinin tamamilə dağıdıldığı qeyd edilmişdir.

Tarixi-mədəni abidələr milli olduğu qədər, həm də ümumbəşəri sərvət sayılır. Buna görə də hər hansı bir ölkənin milli abidəsini məhv etmək həm də ümumbəşəri sərvətə, mədəniyyətə qəsd etmək deməkdir. Məsələn, Misir piramidaları Misir dövlətinə məxsus olduğu qədər, həm də bütün bəşəriyyətə məxsusdur, ümumbəşəri mədəniyyəti zənginləşdirən bir abidədir. Ona görə də bu cür abidələri sıradan çıxarmaq, məhv etmək bütün bəşəriyyətə qarşı törədilən cinayət hesab edilir və buna görə də belə abidələrin qorunması ümumbəşəri vəzifədir.

Mustafa KAMAL,

"Respublika".