Milli Qəhrəmanın döyüş yolu
Sosial həyat

Milli Qəhrəmanın döyüş yolu

Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədov  4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açmışdır. 1975-ci ildə burada birinci sinfə getmiş, 1982-ci ildə yeddinci sinfi bitirmişdir. Sonra  C.Naxçıvanski adına Hərbi liseyi müvəffəqiyyətlə bitirərək Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinə qəbul olunmuşdur.

1989-cu ildə baş leytenant rütbəsi ilə Volqoqrad vilayətindəki hərbi hissələrdən birinə rota komandiri göndərilir. Gənc zabit bir müddətdən sonra doğma Vətənə dönür. Əvvəlcə  Güzdək qəsəbəsində, sonra isə Lənkəranda rota komandiri kimi fəaliyyət göstərir.

O, erməni işğalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. Elşad döyüş bölgəsinə üz tutur. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv olur.

Müharibənin qızğın çağında Elşada növbəti tapşırıq verilir. Elşad  planla tanış olur. Daha sonra öhdəçiliyindəki on nəfərlə söhbət edir. Onlara girdikləri yolun necə çətin olduğunu başa salır. Döyüşçülərin hamısı onunla ölümə belə getməyə hazır olduqlarını bildirirlər. Bu sözlər Elşadın ürəyini dağa döndərir.

 Hava qaralırdı. Elşad Əhədov öz dəstəsi ilə hərəkətə keçir. Elşadgil gecənin qaranlığından istifadə edərək irəliləyir. Öndə Elşad gedir, arxada iki, onların arxasında isə üç əsgər var idi. Beləcə on nəfərlik piramida formasında düzülmüş, bu vasitə ilə bir-birilərini qoruyurlar. Əgər düşmənin yeri bəlli olarsa, qarşıdakı yaralansa və yaxud da həlak olsa, arxadakılar düşməni məhv edə biləcəkdi. Elşadın hərbçi yoldaşları onun arxasında getməli, ümumi komandanı idarə etmək üçün sağ qalmalı olduğunu deyirlər. Amma Elşad bütün bu deyilənləri yaxına buraxmır. Elşad “əgər ölümdən qorxacağamsa, onda sizə necə rəhbərlik edəcəyəm?” deyə bildirir.

Gecənin qaranlığında bir müddət getdikdən sonra güllə səsləri eşidilir. Elşad bir düşmən əsgərini məhv edərək irəliləməyə başlayır. Çox keçmir ki, qaranlıqda kolluqda gizlənmiş erməni zabitinin açdığı atəş Elşadın çiynini dəlib keçir. Elşadın əsgərləri silahlarını alovun çıxdığı istiqamətə çevirib erməni zabitini məhv edirlər. Elşad aldığı üç güllə yarasından 1993-cü ilin dekabrın 11-də şəhid olur. Doğulduğu Təzə Alvadı kəndində dəfn edilir. Təzə Alvadı kənd orta məktəbi və park Qəhrəmanın adını daşıyır.

Hər il istər döyüşçü yoldaşları, istərsə də dostları Elşadı doğum günündə yad edirlər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, tələbə yoldaşı “Azərbaycan Bayrağı” ordenli Mehdi Mehdiyev, Milli Qəhrəmanın kursant yoldaşları-ehtiyatda olan polkovnik-leytenant Ariz Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları Maşalla Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun  hər zaman Qarabağ müharibəsində göstərdiyi şücaətindən, onun döyüş bacarığından söz açırlar.

Azərbaycan Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994- cü il tarixində isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Müşfiq CƏFƏROV,

“Respublika”.