Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Ev Muzeyinin açılış mərasimi ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, hüquq-mühafizə orqanlarının rəhbərləri, Əliabad kənd ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və yaxın qohumları iştirak etdilər.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirdi ki, Azərbaycan xalqı, bütün türk dünyası elimizin qəhrəman oğlu Mübariz Ağakərim oğlu İbrahimovla fəxr edir. Qəhrəmanın keçdiyi döyüş yolu, onun qəhrəmanlığı gənclərimizə örnəkdir. Rayon rəhbəri qeyd etdi ki, Mübariz İbrahimov torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Çıxış edənlər M. İbrahimovun qəhrəmanlığı haqqında danışaraq şəhid və qazilərimizin ondan bir örnək dərsi aldıqlarını qeyd etdilər. Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli qeyd etdi ki, türk dünyasının qəhrəman oğlu Mübariz İbrahimov yenilməz hünəri ilə adını Azərbaycan xalqının tarixinə əbədi yazmışdır.
Tədbir iştirakçıları həmin gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan qardaşı oğlu, balaca Mübariz İbrahimovu 3 yaşının tamam olması münasibətilə təbrik edib, ona böyük Allahdan Mübarizin layiqli davamçısı olmasını arzuladılar.
Tədbirdə məktəblilərin ifasında kompozisiya səsləndirildi. Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlar və fotoşəkillərlə yaxından tanış oldular.
Görüş zamanı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdi.
Ərəstun ABDULOV,
“Respublika”.